“20 Yanvar”ın birinci vestibülü istifadəyə verilir

397

Sabah “20 Yanvar” metro stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib.

Bu il iyul ayının 1-dən istismar müddəti başa çatmış “ET-5” tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə “20 Yanvar” metro stansiyasının bağlanmış birinci vestibülü noyabr ayının 8-də yenidən sərnişinlərin giriş-çıxışı üçün açılacaq.

Qeyd edək ki, 1985-ci ildən istismarda olan “ET-5” tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın “Thyssen Krupp” şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela” tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.

Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.