20 Yanvar xalqın iradəsinin sınaqdan çıxdığı gündür

0
208

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən istiqlaliyyət və müstəqillik uğrunda mübarizəyə qalxan Azərbaycan xalqına divan tutuldu. Həmin gecə yüzdən çox insan şəhid oldu, yüzlərlə şəxs isə yaralandı. O dəhşətli gecədə güllə yarası alanlardan biri də Yevlax rayonunun Səmədabad kənd sakini, III qrup əlil Cahid Mehman oğlu Nəbiyevdir.

C. Nəbiyev  “İki sahil” qəzetinə açıqlamasında həmin gecəni belə xatırladı: “Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) 2-ci kursunda oxuyurdum. Həmin gecə metronun “Gənclik” stansiyasının yaxınlığında, daha doğrusu, T. Bəhramov adına stadionun yaxınlığında idim. O qanlı gecədə təpədən dırnağadək silahlanan sovet əsgərlərinin əliyalın insanlara necə qəddarlıqla atəş açmalarının,  vətəndaşlarımızın  Bakıya soxulmuş qırmızı imperiyanın qoşunu qarşısından qaçmayıb, sinələrini yurda necə sipər etmələrinin şahidi oldum. Xeyli sayda ölən və yaralananlar oldu. İndiyədək onların ah-nalələri  qulaqlarımdan getməyib. Mən təsadüfən sağ qaldım. Belə ki, atılan güllələrdən biri sol çiynimə tuş gəldi. Digər yaralılarla birgə mən də Semaşko xəstəxanasına çatdırıldım. Qansızlar yaralıları aparan maşını da atəşə tutdular…

Xəstəxana yaralılarla dolu idi. Odur ki, mən bir müddət elə xəstəxananın həyətində qalmalı oldum. Həkimlər ən ağır yaralıları seçib əməliyyat masasına aparırdılar. Onlara Azərbaycan Tibb Universitetinin tələbələri də yardım göstərirdilər… Elə mənə də həmin tələbələr ilk tibbi yardım göstərdilər. Bədənimdə olan 5,45 kalibrli güllə isə 4 ay sonra çıxarıldı. Hə, onu da deyim ki, xəstəxanada olanda bizi ziyarət edənlərin sayı o qədər idi ki…”

Həmsöhbətimiz daha sonra dedi: “Həmin gecə təkcə bu acılarla-ağrılarla yaddaşıma həkk olunmayıb.  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə həm də yetmiş illik imperiya buxovunu qırdığımız gecə, millətimizin birliyinin rəmzi, dünyanı heyrətləndirən hadisə kimi yaddaşımda qalıb. Həmin gecə şəhidlərimiz azadlığa gedən yolumuzda ilk cığır açdılar. Bu mənada 20 Yanvar tariximizin şərəfli səhifəsidir. Belə ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. Odur ki, Vətənin toxunulmazlığı, onun azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canından keçən hər bir şəhidin xatirəsi xalq tərəfindən əziz tutulur, onların ruhu böyük hörmət və ehtiramla anılır. Elə Şəhidlər xiyabanını, Bakıdakı və regionlardakı xatirə komplekslərini yüz minlərlə insanın ziyarət etməsi dediklərimin əyani sübutudur. Bu, həm də o deməkdir ki, XX əsrin ən qanlı hadisələrindən biri olan həmin  dəhşətli faciədən 30 il ötsə də, baş verənlər unudulmayıb və xalqımızın qan yaddaşına da əbədi yazılıb. Əminəm ki, şəhidlərimiz azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacaqdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və səyi nəticəsində Azərbaycan xalqına qarşı törədilən bu terror hadisəsi hüquqi qiymətini alıb”.

Cahid Nəbiyev Azərbaycanın müstəqilliyi uğrunda imperiya ordusuna qarşı dayanan əliyalın insanların sırasında olduğuna, o vaxt yaşadığı ağır, həm də şərəfli günə görə fəxr etdiyini vurğuladı. O, həmçinin bildirdi ki, hər il 20 Yanvarla bağlı təəssüratlarını məktəblərdə və digər məkanlarda keçirilən tədbirlərdə bölüşür: “Özü də hər görüşdə bu sözləri qürurla səsləndirirəm: 20 Yanvar xalqımızın yaşadığı müsibətlər və faciələr silsiləsindən biri olsa da, qürur və iftixar mənbəyi, haqqın hayqırtısı, milli oyanış, birlik, əsl həmrəylik, həm də xalqın iradəsinin sınaqdan çıxdığı gündür”.

“Hələ ki torpaqlarımız erməni daşnaklarının işğalı altındadır” sözləri ilə söhbətini davam etdirən müsahibimiz qeyd etdi ki, fikrimcə, bizi  Qarabağa aparan yol şəhidliyimizdən keçir: “Gün o gün olacaq ki, biz düşmən tapdağı altında olan ərazilərimizi PrezidentAli Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti sayəsində azad edəcəyik və tariximizə daha bir şərəfli səhifə əlavə edəcəyik”.

Qeyd edək ki, müsahibimiz 1992-ci ildə könüllü tələbə batalyonunun tərkibində Ağdam və Ağdərə bölgələrində döyüşüb və kontuziya alıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”