“20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz”

0
94

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” adlı anım görüşü keçirilib.

 

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görüşdə Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, müəssisənin əməkdaş və könüllüləri, Universitetin müəllim və tələbələri, gənclər iştirak edib.

Görüşü açıq elan edən moderator Samrin Xanlayev 31 il keçməsinə baxmayaraq yaşadığımız acının ilk günkü qədər yeni olduğunu qeyd edib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov tariximizin bir hissəsi olan bu dövrün həqiqətlərinin gənclərimiz, tələbələrimizə çatdırılmasında  bu kimi görüş və tədbirlərin faydalı olduğunu vurğulayıb. Oxşar hadisələrin həmin dövrdə SSRİ-də olan digər ölkələrdə də baş verdiyini qeyd edən rektor o zamankı SSRİ rəhbərliyinin yanıldığını bu hadisənin xalqımızın qələbə ruhunu, azadlıq eşqini daha da alovlandırdığını bildirib. 8 noyabr tarixindən ərazi bütövlüyü bərpa olunan bir Respublikada yaşadığımızı deyən  Şahin Bayramov Şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.

Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi bu faciəni digər ölkələrə göz dağı vermək kimi qiymətləndirib, buna baxmayaraq xalqımızın milli birliyi və milli iradəsinin qırılmadığını bildirib. Bizə 44 günlük Zəfəri, ərazi bütövlüyümüzü bəxş edən gənclərimizin əksəriyyətinin 90-cı illərdə dünyaya gələn gənclər olduğunu qeyd edən direktor bunun qürurverici olduğunu söyləyib. Qarabağa qayıdışda Mingəçevir gəncliyi olaraq öz töhfələrini verəcəklərini vurğulayıb, bununla bağlı müəyyən addımlar atıldığını, iş planı hazırlandığını diqqətə çatdırıb.

Mingəçevir Dövlət Universitetinin müəllimi Mirzə Cavadov nəinki ölkəmizdə, hətta xaricdə yaşayan dünya azərbaycanlılarının müstəqilliyə gedən yolun ilk cığırını açan 20 Yanvar Şəhidlərinin ruhunu hörmətlə yad etdiklərini qeyd edib. XIX-XX əsrlərdə torpaqlarımızın bizdən hissə-hissə alınaraq ermənilərə verilməsi, çoxsaylı soyqırımların xalqımızın başına gətirilməsini 20 Yanvar faciəsinin baş verməsində əsas faktor olduğunu deyib. Ən acınacaqlısının isə bu qanlı hadisəni törədənlərin öz cəzasız qalması olduğunu deyib. Vətənimizin ərazi bütövlüyünün bərpa edildiyini bildirən Mirzə Cavadov 20 yanvar hadisələrinin günahkarlarının layiqli cəzasını alması məqsədilə işlərə başlamaq üçün gənclərə səslənib, onları bu işdə yaxından iştirak etməyə dəvət edib.

Mingəçevir Gənclər Evinin əməkdaşı Aytac Abdullayeva 20 Yanvar hadisələrinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bildirib.

Daha sonra çıxış edən Mingəçevir Gənclər evinin aktiv gənci Aysel İsmayılova hər zaman olduğu kimi Ümummilli Liderin xalqının yanında olduğunu, bütün dünya ilə savaşdığını, 20 yanvar hadisələrinin həqiqətlərini dünyaya çatdırmağa çalışdığını qeyd edib. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu hadisəni qətiyyətlə pislədiyini deyən Aysel İsmayılova bunu Heydər Əliyev kimi güclü siyasi iradəyə malik bir Liderin edə biləcəyini vurğulayıb.

Mingəçevir Gənclər Evinin könüllüsü, Mingəçevir Dövlət Universitetinin tələbəsi Yaşar Qasımov bu kimi görüşlərdə iştirak etməyi bir Azərbaycan gənci kimi özünə borc bildiyini qeyd edib, informasiya müharibəsi şəraitində faktlara əsaslanan paylaşımlarla dünya ictimaiyyətinə səsimizi eşitdirməyə çalışdığını diqqətə çatdırıb.

44 günlük Zəfər yürüşümüzlə bağlı çıxış edən II Qarabağ müharibəsinin iştirakçısı, Mingəçevir Gənclər Evi Ailəsinin Qəhrəmanlarından biri Rəhim Çələbiyev kitablardan oxuduğu, televiziyalarda izlədiyi hadisələrin canlı şahidi olduğunu qeyd edib. 30 ilin kifayət qədər uzun müddət olduğunu deyən Rəhim Çələbiyev illər ərzində işğal edilən ərazilərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Ordumuzun 44 gün ərzində öz biləklərinin gücü ilə işğaldan azad etdiyini bildirib.

Esmira Hidayətova.