20 Yanvar şəhidlərinin xatirəsi yenə də böyük ehtiramla yad ediləcək

0
281

20 Yanvar faciəsinin 30-cu ildönümü yaxınlaşır. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır

20 Yanvarın növbəti ildönümündə müstəqilliyimiz uğrunda mübarizədə şəhid olmuş həmvətənlərimiz yad ediləcəklər. Bununla bağılı artıq ölkə Prezidenti İlham Əliyev Sərəncam da imzalayb. Sərəncamda qeyd edilir ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirilməsi məqsədi ilə Prezident Administrasiyasına tədbirlər planı hazırlamaq və onun həyata keçirilməsi həvalə olunub.

Yeri gəlmişkən, qeyd edək ki, ümummilli lider Heydər Əliyev deyirdi ki,  biz milli birlik və vətənpərvərliyimizin simvoluna çevrilmiş 20 Yanvarı təkcə hüzn günü kimi matəm əhval-ruhiyyəsi ilə yad etməməliyik. Çünki o günlərdə xalqımız özünün milli-azadlıq hərəkatının dönməz xarakter aldığını sübut etmişdi. Yəni, o qırğın  çoxlu sayda şəhid verdiyimizə görə tarixə qanlı gün, xalqın azadlıq istəyinin ölmədiyini sübut etdiyimizə görə isə şanlı gün kimi yazılmışdı.

Xatırladaq ki, 20 Yanvar şəhidlərinin xatirəsinə göstərilən ən böyük ehtiramın müəllifi də məhz ulu öndər Heydər Əliyev olmuşdu. Belə ki, Ulu Öndər xüsusi nəzarət altında olmasına baxmayaraq, həyatını təhlükə qarşısında qoyaraq faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və Qanlı Yanvar qırğınını törədənləri, o cümlədən Mixail Qorbaçovu pisləyən kəskin bəyanatla çıxış etmiş, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdı. Onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Unutmayaq ki, SSRİ-nin hələ hökmünü sürdüyü vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi.

Ulu Öndər xalqın iradəsi ilə siyasi hakimiyyətə qayıdandan sonra – 1994-cü ilin martında Azərbaycan Respublikası Milli Məclisi 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında geniş müzakirələr aparmış və martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” tarixi qərar qəbul edilmişdi. Bununla da 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət verilmişdi.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” deyən Prezident İlham Əliyev tərəfindən də 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı respublikamızın azadlığı, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi daim yüksək ehtiramla yad olunur.

Şübhəsiz, həmin təcavüz, törədilmiş cinayət nəticəsində qətlə yetirilmiş həmvətənlərimizin xatirəsinin ehtiramla yad edilməsi hər il olduğu kimi, bu il də mütəşəkkil təşkil ediləcək. Milyonlarla soydaşımız onların hər birini dərin ehtiramla anacaq, ruhlarına dualar oxuyacaqlar. Çünki həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazmışlar.

Qvami Məhəbbətoğlu, “İki sahil