20 Yanvar – milli məfkurənin yüksəliş tarixi

511

Bu gün səhər tezdən ölkəmizin hər bir yerindən paytaxta gəlmiş insanlar Şəhidlər xiyabanında uyuyan qəhrəmanların xatirəsini yad edir, vətəndaşlıq borclarını yerinə yetirirlər. Axşam saatlarına kimi davam edəcək ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Saat 12.00 radələrində isə Bakı şəhərində şəhidlərin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunacaq.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev də Şəhidlər xiyabanında 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, məzarları üzərinə qərənfillər düzüb. Dövlət başçısı “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, Vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.

 

XX əsrin ən qanlı hadisələrindən biri olan bu dəhşətli faciədən 25 il ötür. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlığından, keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından, yerli hakimiyyətin xəyanətkarlığından hiddətlənən və bu görünməmiş ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 20-də qanlı divan tutuldu.

Keçmiş SSRİ rəhbərlərinin göstərişinə əsasən həyata keçirilmiş xüsusi hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdən Bakıya daxil olan silahlı qüvvələr milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər mülki şəxsi amansızcasına qətlə yetirdi, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 700-dən çox günahsız insan yaralandı, 800 nəfərdən çox adam qanunsuz həbs edildi. Döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı, inzibati və yaşayış binalarına, nəqliyyat vasitələrinə ciddi ziyan vuruldu. İnsanlıq simasını itirmiş hərbi canilər hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarını atəşə tutur, tibb işçilərini qətlə yetirirdilər. Bu qanlı qırğın totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet hakimiyyətinin süqutundan və ölkəmizin dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışan Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilən bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar.

Yalnız ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və bu cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.