20 Yanvar milli iradəmizin zəfər günüdür

81

 

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən nadir səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir və bu baxımdan 20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir. 20 Yanvar həm də milli iradəmizin zəfər çaldığı gündür. Ona görə də gənclərimiz tarixi həqiqətləri bilməlidirlər. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Prezident İlham Əliyevin siyasi iradəsi və məqsədyönlü siyasəti, Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyuldu, ərazilərimiz azad edildi. Zəfərin qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü, milli və konseptual siyasətinin nəticəsidir. Vətən müharibəsində şanlı Azərbaycan Ordusu şərəfli tarix yazdı…

Bu müharibədə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq göstərdilər, döyüşlər zamanı şəhidlərimiz, yaralananlarımız oldu. Vətən, torpaq yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi ürəklərdə daim yaşayacaq. Qələbəmizi istəməyən, uğurlarımıza qısqanclıqla yanaşan, düşmən mövqedə olan və düşmənə, işğalçıya açıq-aşkar dəstək verən bu qədər qüvvə qarşısında mətin iradə, yenilməz qətiyyət, dönməzlik nümayiş etdirən, Dövlətimizin, Xalqımızın maraqlarının müdafiəsindən bir addım da geri çəkilməyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diplomatik uğurlarını, siyasi müstəqilliyini, şəxsi qəhrəmanlığını, mətinliyini, yüksək intellektual səviyyəsini, dərrakəsini xüsusi qürurla, fəxrlə qeyd etmək istərdim.

Sevinc Hüseynova,  Mingəçevir  şəhər Qeydiyyat şöbəsinin rəisi