20 Yanvar faciəsindən 27 il ötür

393

O qanlı yanvar faciəsindən xalqımızı 27 illik zaman fasiləsi ayırır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin, təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Keçmiş SSRİ və keçmiş Azərbaycan SSR konstitusiyaları kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdı. Bu, süqut etməkdə və çökməkdə olan nəhəng imperiyanın-Sovetlər Birliyi imperiyasının son akkordları idi.
Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi.
Yanvarın 22-də Bakıda şəhidlərin izdihamlı dəfn mərasimi təşkil edildi. Lakin təpədən-dırnağa qədər silahlanmış, “müzəffər sülh ordusu” kimi dünya ictimaiyyətinə həmişə təqdim edilən Sovet ordusunu dinc əhalinin qarşısına çıxaranlar, hətta iqtidar rəsmiləri də dəfn mərasimində iştirak etməyi lazım bilmədilər.
Yalnız o zaman Moskvada məcburi təqaüdə göndərilmiş ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etmiş, imperiya siyasətini, Qorbaçovun xalqımıza məkrli siyasətini kəskin tənqid etmişdir.
1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.
Xalqımız artıq 20 Yanvar faciəsinin 27-cü ildönümünü qeyd etməyə hazırlaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar”.
20 Yanvar faciəsinin qondarma “Dağlıq Qarabağ problemi” ilə əlaqədar olduğunu nəzərə alaraq bir məqamı da qeyd etmək xüsusilə yerinə düşər. Xalqımız bu problemin beynəlxalq hüquq normalarına müvafiq dinc yolla yaxın vaxtlarda ədalətli həllini səbirsizliklə gözləyir. Lakin Qarabağ probleminin dinc yolla həlli istisna olduğu halda, şübhəsiz, xalqımız Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz torpağını hərb yolu ilə azad etmək hüququnu özündə saxlayır. Bu, bizim təbii, ayrılmaz, konstitusion hüququmuzdur.
Şəhidlərimizə Allahdan rəhmət diləyirik.