20 fevral aksiyası Ermənistana nələr vəd edir?

62

Müharibədəki məğlubiyyət Ermənistanı həm hərbi-siyasi, həm də sosial-iqtisadi baxımdan uçuruma yuvarlayıb. Yaşanan dərin böhran hər gün yeni problemlərə yol açmaqdadır. Hökumətin verdiyi vədlər isə söz olaraq qalır, ölkə iqtisadiyyatının dirçəldilməsi üçün təşəbbüs göstərilmir. Çünki hökumətin heç bir proqramı yoxdur. Elə bu səbəbdən ölkədə vəziyyət o həddə çatıb ki, indi Nikol Paşinyanın tərəfdaşlarını dinləmək belə istəmirlər. Məsələn, bu günlərdə Nikol Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputat Karen Saruxanyan Gümrüdə mövcud durumla  bağlı nələri isə anlatmaq istərkən təhqirlərə məruz qalıb. Deputat xidməti maşınına minərək etirazçıların əlindən birtəhər canını qurtarıb. Xaricdə işləyən bir sıra erməni iş adamları Ermənistan iqtisadiyyatına sərmayə yatırmaq üçün hakimiyyət orqanlarının hətta kifayət qədər əlverişli, güzəştli şərtlərlə olan bütün təkliflərini rədd edirlər.

Belə bir vəziyyətdə Ermənistanda siyasi gərginlik də getdikcə artmaqdadır. Son günlər keçmiş hərbi xuntanın üzvləri də  xeyli fəallaşıblar. Belə ki, Nikol Paşinyanın Kremlə yaxınlığı ilə seçilən, Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryanın istintaqı ilə  bağlı geriyə addım atması və hətta eks-prezidenti xaricə buraxması onun əl-qolunu açıb. Artıq bəzi müxalif qüvvələrin populyarlaşdırmağa çalışdıqları Robert Koçaryan da hakimiyyət iddiasını ortaya qoyub. O, məqsədinə çatmaq üçün digər müxalifət təmsilçilərini öz ətrafına toplamağa çalışır. Bununla kifayətlənməyən Robert Koçaryan Moskvada da özünə dəstək axtarır. Bu günlərdə onun Moskvada keçirdiyi görüşlər bunu sübut edir.

Ermənistanda erkən seçkilərin keçirilməsi də Robert Koçaryanın maraq dairəsindədir. Artıq Koçaryan keçiriləcəyi təqdirdə erkən seçkidə iştirak edəcəyini də bəyan edib.  O, bununla bağlı verdiyi açıqlamalarının birində  seçkilərdə qalib gələcəyinə əminliyini ifadə edib. Onun bu fikrinə  cavab olaraq hakim “Mənim addımım” parlament fraksiyası növbədənkənar seçkiləri keçirməyə heç bir əsas görülmədiyini,  daha doğrusu, cəmiyyətin əksər hissəsinin belə bir tələbinin, daha doğrusu ictimai sifarişin mövcud olmadığını bildirib. Hətta bununla bağlı bəyanat da qəbul olunub. Halbuki bundan əvvəl Nikol Paşinyan növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini vurğulayırdı. Siyasətçilərin fikrincə, əslində bu geri addımın kökündə hakim komandanın mandat itkisi, Nikol Paşinyanın seçilmək şansının olmaması dayanır. “İşıqlı Ermənistan” partiyasının sədri, deputat Edmon Manukyan isə bu vəziyyəti izah edərkən deyib ki, Nikol Paşinyan hakimiyyəti seçkilər mövzusu ətrafında ajiotaj yaradaraq əsas problemlərdən diqqəti yayındırır.

Maraqlıdır ki, artıq kilsə də siyasi proseslərdə müxalifətin yanında yer alır. “Ermənistan heç vaxt belə ağır duruma düşməyib” deyən ermənilərin katolikosu II Qareginin açıqlamaları da bunu bir daha  təsdiq edir. Nikol Paşinyanın istefası tələbinin qüvvədə olduğunu vurğulayan katolikos bildirib ki, onun məsələyə yanaşmasında dəyişiklik yoxdur. Bütün bunlar Ermənistanda siyasi qarşıdurmanın yeni mərhələyə qədəm qoymasından xəbər verir. Daha doğrusu, keçmiş hərbi xuntanın, eləcə də katalikosun  Nikol Paşinyana qarşı müxalifətlə birləşməsi göstərir ki, ölkəni daha ağır günlər gözləyir.

Xəbər verildiyi kimi, İrəvanda hakimiyyətin istefası tələbi ilə aksiyaların keçirilməsi artıq ənənəyə çevrilib. Ermənistan müxalifəti 20 fevral saat 15:00-da baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirəcəkləri aksiyaya daha çox tərəfdarlarını toplamağı  planlaşdırıb.  Daşnaksütyun partiyasının, eyni zamanda baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət i̇ttifaqının – “Vətənin xilası naminə hərəkat”ın nümayəndəsi İşxan Saqatelyanın fikrincə, bu aksiya Nikol Paşinyanın hakimiyyətinin devrilməsi istiqamətində həyata keçiriləcək digər tədbirlərə siyasi təkan verəcək. O, həmçinin vurğulayıb ki,  bizim vəzifəmiz xalqın tələbini milli mübarizəyə çevirməkdir. Amma Ermənistanda hazırda digər  reallıq  var ki, bu da əhalinin müəyyən hissəsinin Nikol Paşinyanı dəstəkləməsidir. Belə ki, onlar “Qarabağ klanı”na məxsus olan siyasətçilərin yenidən hakimiyyətə qayıtmasını istəmirlər. Şübhəsiz, bunu əlində əsas tutan Nikol Paşinyan onu devirmək istəyənlərə  müqavimət göstərəcək ki, bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi  ilə nəticələ bilər.  Elə bu kimi səbəblərdən bəzi siyasətçilər qarşıdurmanın tezliklə vətəndaş müharibəsinə çevriləcəyini istisna etmirlər. Bir sözlə, hazırda Ermənistanda baş verənlər erməni politoloq Qagik Qambaryanın sözləri ilə desək, absurd janrdadır.

Qvami Məhəbbətoğlu, “İki sahil”