“2-3 ulduzlu otellərin müştəri cəlb etmək şansları daha çoxdur”

661
Turizm fəal istirahətin geniş yayılmış və ən kütləvi növlərindəndir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur. Bunun da nəticəsidir ki, turizm daha geniş vüsət alır. Artıq turizm, sadəcə, maraq və dəb deyil. Bu, son 20-25 ildə insanların vərdiş etdikləri həyati tələbatdır.
qaaÖlkəmizdə əsasən yay turizminin inkişaf etdiyini nəzərə alıb, yeni mövsümdə otellərin qiymətlərini araşdırmağa çalışdıq. İlk olaraq, paytaxtdan, gözoxşayan 5 ulduzlu otellərdən başladıq. Beləliklə, öyrəndik ki, “Abşeron” otelində otaqların qiymətləri məşğulluq səviyyəsinə görə, günündən asılı olaraq dəyişir. Bu oteldə birnəfərlik otaqda qalmaq istəyənlər birgünlük 378 manat, ikinəfərlik otaqda qalmaq istəyənlər isə 400 manat ödəməlidirlər. Onu da öyrəndik ki, “Abşeron”da müştərilər otelin bütün xidmətlərindən ödənişsiz istifadə edə bilərlər. Qeyd edək ki, yuxarıdakı məbləğə ancaq səhər yeməyi daxildir. “Abşeron”un yaxınlığında yerləşən “Hilton”un qonaqları isə bir nəfər üçün səhər yeməyi daxil olmaqla 344 manatlarından, iki nəfər üçün isə səhər yeməyi də daxil olmaqla 364 manatlarından keçməlidirlər. “Hilton” otelinin bütün müştəriləri onlar üçün yaradılmış şəraitdən pulsuz yararlanırlar.Paytaxtda fəaliyyət göstərən, 5 ulduzlu otellərdən “Hyatt Regeny Hotell Baku”da birnəfərlik otağın qiyməti səhər yeməyini çıxmaq şərtilə 224 manatdır. Əgər səhər yeməyi də sifariş olunarsa, onda bu məbləğ 241 manat olur. İkinəfərlik otaqların qiyməti isə səhər yeməyi olmamaq şərti ilə 247, səhər yeməyi daxil olmaq şərtilə ilə isə 265 manatdır. “Hyatt Regeny Hotell Baku”da da müştərilər onlar üçün yaradılmış bütün xidmətlərdən əlavə ödəniş etmədən istifadə edirlər.4 ulduzlu otellərdən “Qafqaz Baku City Hotel”in 1 nəfərlik otağının qiyməti 120 manat, 2 nəfərlik otağının qiyməti isə 156 manatdır. Bura səhər yeməyi, internet, fitnes-spa da daxildir. “12 İNN Bulvar”da 4 ulduzludur. Qiymətlər isə belədir: 1 nəfərlik otaq 100 manat, 2 nəfərlik otaq 113 manat. Bura səhər yeməyi, internet, otaq təmizlənməsi daxildir. 4 ulduzlu otellərdən “ABU Arena”nın qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, adiçəkilən oteldə 1 nəfərlik otaqlar 60 manata, 2 nəfərlik otağın qiyməti isə 70 manatdır. Bura yalnız səhər yeməyi daxildir.

Bakıda fəaliyyət göstərən 3 ulduzlu “Caspian palace hotel”də isə birnəfərlik otağın qiyməti 70 manat, 2 nəfərliyin isə 90 manatdır. Bura səhər yeməyi, çay, kofe daxildir.

Bildiyiniz kimi, Azərbaycanda ulduz dərəcəsi almayan otellər də fəaliyyət göstərir. Onlardan “Shah Palace”in qiymətləri ilə maraqlandıq. Öyrəndik ki, adıçəkilən oteldə 1 nəfərlik otağın qiyməti 130 manatdır. İkinəfərlik otağın qiyməti isə 150 manatdır. Qeyd edək ki, “Shah Palace”də lüks dairədə qalmaq istəyənlər isə 190 manat ödəməlidirlər. Bura səhər yeməyi, internet, fitnes zaldan ödənişsiz istifadə daxildir.

“2 və 3 ulduzlu

otellərə böyük ehtiyac var”

Mövzumuzla bağlı fikirlərini öyrəndiyimiz Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, ölkədə fəaliyyət göstərən otellərin əksəriyyəti 3, 4 və 5 ulduzludur: “Azərbaycanda turizmin ən çox inkişaf edən sahələrindən biri də otelçilikdir. Otellərin böyük qismi isə çoxulduzludur. Hansı ki, bu mənzərə bir çox problemlərin formalaşmasına səbəb olur”. Müsahibimiz bildirdi ki, ölkədə fəaliyyət göstərən otellərin xidmətləri qüsurludur. O bu çatışmazlığı aradan qaldırmağın yolları haqqında da danışdı: “Birinci növbədə, otellərin arasında rəqabət gücləndirilməlidir. Bunun üçün də 2 və 3 ulduzlu otellərin sayını çoxaltmaq lazımdır”. M. Ağakərimov bildirdi ki, 2 və 3 ulduzlu otellərin müştəri cəlb etmək şansları daha çoxdur: “3 ulduzlu otel rəhbərliyi qiymətləri ulduzlarına görə, xidmətlərini isə bir ulduz yuxarı səviyyədə təşkil etməlidirlər. Bu, ümumilikdə, Azərbaycanda otelçiliyin inkişafına stimul verə bilər”. Regionlarda da çox sayda otellərin fəaliyyət göstərdiyinə diqqət çəkən M. Ağakərimov əvvəlki illərdə onların qiymətlərində bəzi süni artımların olduğunu dedi: “Bildiyiniz kimi, ölkə ərazisində yay vaxtı ən çox turist şimal-şərq, şimal-qərb və Lerik, Lənkəran və Masalları zonalarına üz tuturlar. Buna görə də əvvəlki illərdə regionlardaki otellərin qiymətlərinin şişirdilməsi faktlarına rast gəlinirdi. Amma bu ildən etibarən bizə verilən məlumata görə, regionlardakı otellər 25-30 manata müştərilərinə normal xidmət göstərəcəklər. Hansı ki, bu qiymətə üç öynə yemək də daxildir”. Müsahibimiz onu da qeyd etdi ki, hazırda 2 və 3 ulduzlu otellərə təlabat daha da artır: “Əvvəlki illərdə ölkəyə böyük investisiyaların cəlb olunması ilə əlaqədar olaraq, çoxulduzlu otellərin tikintisinə daha çox ehtiyac vardır. Çünki xaricdən gələn iş adamları yüksək səviyyəli otellərdə qalmaq istəyirdilər. Amma bu gün yüksək səviyyəli xidmətləri olan otellərin sayı kifayət qədərdir. Artıq 2 və 3 ulduzlu otellərə böyük ehtiyac var”. M. Ağakərimovdan onu da öyrəndik ki, artıq sürətli formada 2 və 3 ulduzlu otellərin tikintisinə də başlanılıb: “Məndə olan məlumatlara görə, hazırda ölkədə 520-yə yaxın otel fəaliyyət göstərir. Onların təxminən 25-i 5 ulduzlu, 30-u 4 ulduzlu, 6-7-si 2 ulduzlu, yerdə qalanları isə 3 ulduzlu və ulduzsuzdurlar”. ELVIN ƏLIYEV,