“2-3 ulduzli otelləri əsasən otelçiliklə əlaqəsi olmayan adamlar işlədirlər”

594

“EC Travel” MMC-nin nümayəndəsi Vüqar Əsgərov: “Regionlardakı 2-3 ulduzlu otellərdə xidmət o qədər aşağıdır ki, ora turist göndərə bilmirik”.

“Avropa Oyunlarından sonra turistlərin Bakıya, Azərbaycana axını daha da artacaq. Buraya gələn qonaqlar Bakının gözəlliyinə, rahatlığına, təhlükəsizliyinə valeh olublar. Biz, əlbəttə, çalışmalıyıq ki, turistlərin sayını artıraq. Avropa Oyunları gözəl bir imkan, bir təqdimat idi. Qonaqlar bizim imkanlarımızı öz gözləri ilə gördülər. Ancaq, eyni zamanda, bütün başqa məsələlər də öz həllini tapmalıdır ki, biz turistləri daha da böyük sayda buraya dəvət edək. İlk növbədə, vizalar məsələsi. Mən bu məsələ ilə bağlı dəfələrlə göstərişlər vermişəm. İndi müəyyən addımlar atılıb, amma bu məsələ hələ ki, tam şəkildə yoluna düşməyib. Əlbəttə, viza rejimi elə olmalıdır ki, Azərbaycana bəd niyyətlə gəlmək istəyənin qabağında böyük, möhkəm bir sədd olsun. Bu, birmənalıdır. Eyni zamanda, bu, turist, qonaq kimi gəlmək istəyənin qarşısında da maneəyə çevrilməməlidir. Ona görə, vizaların elektron verilməsi, xaricdə səfirliklərə müraciət edilməməsi, bütün bu məsələlər öz həllini tapmalıdır. Bakıya gəlmək istəyən hər bir insan elektron viza almalıdır, bunun üçün səfirliyə, heç bir yerə getməməlidir, evində kompyuterdə bileti, vizanı almalıdır, turizm şirkətlərinin xətti ilə gəlməlidir, vəssalam. Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və digər qurumlara göstərişlər verilmişdir, amma nəticə hanı? Yoxdur və əgər kimsə mənə desə ki, var, yoxdur. Çünki mən soruşuram. Buraya gələn qonaqlar ağızdolusu danışırlar ki, nə gözəl ölkədir. Amma bir problem var ki, gəlmək çətindir, gərək bir ay, iki ay qabaq planlaşdıraq. İndi müasir dünyada insanlar sürətlə hərəkət edirlər. Gəlmək istəyən turist iki gün, üç gün ərzində otel sifariş edir, bilet, viza alır gəlir, vəssalam. Bax, bu məsələni gərək biz mütləq həll edək”. Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırıldığını da vurğulayıb: “Sual olunur: nəyə görə? Nə üçün qiymətlər bahadır? Ona görə, mən tapşırıram, hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”.

Dövlət başçısı otellərdə qiymətin baha olmasından da danışıb: “Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır – vizalar, biletlərin, otellərin qiymətləri və üçulduzlu, ikiulduzlu otellərin tikintisi. Mədəniyyət və Turizm Nazirliyi də tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunu eşitsinlər”.

“Azərbaycanda da 2-3 ulduzlu otellərin qiymətləri münasib olmalıdır”

Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib ki, Azərbaycanda “iki”, “üç” ulduzlu otellərin inşası çox qısa zaman ərzində həll edilməlidir ki, ölkə gələn turistləri itirməsin: “Rayonlardan Bakıya, eyni zamanda qonşu respublikalardan Azərbaycana gələn aztəminatlı şəxslər daha ucuz otellərdə qalmaq istəyirlər. Ancaq belə otellər olmadığından onların çoxu evlərdə kirayə qalırlar. Bu, onların təhlükəsizliyini və dövlətə vergilərin ödənilməsi məsələsini arxa plana keçirir”.

M. Ağakərimov bildirib ki, qonşu Türkiyə və İranda olduğu kimi, Azərbaycanda da 2-3 ulduzlu otellərin qiymətləri münasib olmalıdır. Onun sözlərinə görə, belə otellərdə qiymətlər aşağı olduğundan xidmətlərin ceşidləri də az olur: “Otellərdə xidmət səviyyəsi yuxarı qaldırılmalıdır. Bu, o demək deyil ki, otel iki, üç ulduzludursa, orada xidmət aşağı olmalıdır. Həmin otellərin də öz standartları var”.

Qiymətlərin baha olmasının Azərbaycanda turizmin inkişafına mane olduğunu deyən mütəxəssisin fikrincə, xidmət səviyyəsi yuxarı, qiymət isə münasib olarsa, bu, ölkədə turizmin inkişafında mühüm rol oynaya, ölkəyə gələn turistlərin də sayının artmasına təsir göstərə bilər: “Təbii ki, Azərbaycana gələn turistlər otellərdə, eyni zamanda, aviabiletlərin qiymətlərinin baha olduğunu gördükdə bunu öz ölkələrində danışırlar. Nəticədə bu, Azərbaycana daha az turistin gəlməsinə səbəb olur. Ona görə də bu məsələ tez bir zamanda həll olunmalıdır”.

Qeyd edək ki, bir neçə il öncə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında Azərbaycanda daha ucuz, orta səviyyəli otellər tikiləcəyini bildirmişdi. Nazir qeyd etmişdi ki, ölkəmizdə ucuz otellərin də tikilməsinə vəsait ayrılacaq: “Azərbaycanda daha ucuz otellərin tikintisi bir proqramda nəzərdə tutulub. Bu istiqamət Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də dəstəklənir. Biz ümumiyyətlə, Azərbaycanın bölgələrində də, paytaxtımızın özündə də 3 ulduzlu, 2 ulduzlu otellərin, motellərin inşasına xüsusi önəm verəcəyik”. Lakin nazirin bu açıqlamasından xeyli ötsə də, Prezidentin açıqlaması başqa şeydən xəbər verir.

“Mədəni-məişət obyektlərində də qiymət çox yüksəkdir”

“İşıq Turizm” şirkətinin rəsmisi Əhməd Əhmədov “Zaman-Azərbaycan”a açıqlamasında Prezidentin bu fikirlərinin reallığı tam əks etdirdiyini söylədi: “Təəssüf ki, 2-3 ulduzlu otellərdə də qiymətlər bahadır. Mənim fikrimcə, qiymətlərlə standart üs-üstə düşmür, uyğun gəlmir. Qonşu dövlətlərin otelləri ilə bizim otellərin arasında qiymət fərqi çox ciddidir. Yeri gəlmişkən, onu da bildirim ki, bizdə təkcə otellərdə deyil, mədəni-məişət obyektlərində də qiyməti çox yüksəkdir. Turistlər bizimlə söhbət zamanı bununla bağlı fikirlərini bildirirlər ki, qiymətlər bahadır”.

“Bakıda otelçilik ənənələri formalaşır, regionlarımızda isə…”

“EC Travel” MMC-nin nümayəndəsi Vüqar Əsgərov da “Zaman-Azərbaycan”a müsahibəsində bəzi otellərdə qiymətlərin yüksək olduğunu vurğuladı: “Dövlət başçısı çox düzgün qeyd elədi ki, qiymət baxımından əlverişli şərtləri olan otellərin tikilməsinə ehtiyac var. Hazırda 2-3 ulduzlu otellər həm Bakıda, həm də bölgələrimizdə var. Ümumiyyətlə, bir çox otellər var ki, orada xidmət səviyyəsi ulduzların sayı ilə uyğun gəlmir, tələblərə cavab vermir. Otellərin çoxunda kosmik qiymətlərdir, qiymətləri aşağı salınsa əlverişli olardı”.

Vüqar Əsgərov 2-3 ulduzlu otellərlə əməkdaşlıq etmədiklərini söylədi: “Biz 4-5 ulduzlu otellərlə əməkdaşlıq edirik, regionlardakı 2-3 ulduzlu otellərlə işləmirik. 2-3 ulduzlu otellərdə xidmət o qədər aşağıdır ki, ora turist göndərə bilmirik. Demək olar ki, əksəriyyəti baş ağrısıdır, çoxlu şikayətlər olur. Gah verdikləri yeməklər turistlər tərəfindən bəyənilmir, gah da xidmət. 2-3 ulduzlu otellərdə turistlərin qalacaqları yer də onların ürəyincə olmur. Biz bunların hamısını görmüşük, ona görə də artıq belə otellərə işləmirik”.

Vüqar Əsgərov dedi ki, 2-3 ulduzlu otellərlə 4-5 ulduzlu otellərin fərqi otaqların ölçüsündə, yeməklərin çeşidində, xidmətlərdə, yeməklərin təqdim olunma tərzindədir: “Əslində yüksək xidməti 2-3 ulduzlu otellərdə də yarada bilərlər. Məsələn, gülərüzlü olmaq, səliqəli olmaq, təmizliyə riayət etmək, müştəriyə diqqət göstərmək və s. çox önəmlidir. Amma həmin otellərdə buna o qədər də nəzarət edilmir”.

Turizm şirkətinin əməkdaşı bir maraqlı məqama da toxundu: “Açığını deyim, regionlarda 2-3 ulduzlu otelləri əsasən otelçiliklə əlaqəsi olmayan adamlar işlədirlər. Sadəcə, kiminsə pulu var, başlayır otel tikməyə. Sonrada qohum-qardaşdan da kim ki, qışqırmağı bacarır – bir nəfəri qoyur ora. Bilirsiniz, bu, otelçilik deyil. Bakıda otelçilik ənənələri artıq formalaşır, regionlarımızda isə bu problemdir. 2-3 ulduzlu otellərə otelçilik gözü ilə baxılmır”.

V. Əsgərov bu məsələ ilə bağlı təkliflərini də verdi. “Harada olursa olsun, oteli sözün həqiqi mənasında işlətmək lazımdır. Yaxşı olardı ki, bizim otelçiliklə məşğul olan iş adamlarımız öz işçilərini göndərsinlər müəyyən treninqlərə və ya turizmi inkişaf etmiş ölkələrdən mütəxəssislər cəlb eləsinlər. Bunlar o qədər də çox pul xərclənəcək işlər deyil, otellərimiz bunu edə bilərlər. Bəzən Türkiyədə elə cüzi bir şeydən ləzzət alırsan ki, bunu bizdə də etmək olar. Amma etmirik. Nəyə görə? Çünki diqqət ayrılmır buna. Başqa ölkələrin təcrübəsindən faydalanmaq lazımdır”.

Nicat İntiqam