1918-ci ilin Mart soyqırımı tarixi sənədlərdə

1917-ci ilin fevralında Rusiyada 300 ildən çox hakimiyyətdə olan Romanovlar sülaləsi devrildi, Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Zaqafqaziya idarəçiliyi üzrə Xüsusi Zaqafqaziya Komitəsi fəaliyyətə başladı. Müvəqqəti hökumət elan edirdi ki, I Dünya müharibəsi başa çatdıqdan sonra Rusiya ərazisində yaşayan xalqların müqəddəratı məsələsinə baxılacaqdır. Lakin 1917-ci ilin oktyabrında Lenin başda olmaqla, bolşeviklər tərəfindən hakimiyyətin zorakı yolla ələ keçirilməsi Rusiyanın himayəsi altında yaşamağa məhkum edilən məzlum xalqlarının arzularını puça çıxartdı. 1917-ci ilin noyabrında Tiflisdə Zaqafqaziya Komissarlığı yaradıldı. Burada Azərbaycan, erməni və gürcü nümayəndələri təmsil olunurdular. Bakıda Şaumyan başda olmaqla bolşeviklər bölgədəki daşnak qüvvələrini birləşdirərək yerli əhaliyə qarşı qırğına hazırlaşırdılar. Xüsusilə, Rusiyada bolşeviklər hakimiyyətə gələndən sonra Bakıda onların fəallığı artdı.

Martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Paroxodun körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu.

Ertəsi gün şəhərin cənub hissəsində erməni əsgərləri göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan bəndlər ucaltmağa başladılar. Həmin gün müsəlman xeyriyyə cəmiyyətinin binasında keçirilən yığıncağa gələn Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants Erməni Milli Şurası və “Daşnaksütyun” partiyası adından bəyan etdi ki, əgər müsəlmanlar bolşeviklərə qarşı çıxış etsələr, ermənilər də onlara qoşulacaq və bolşeviklərin Bakıdan qovulmasına kömək edəcəklər. Martın 18-də (təzə stillə 31 mart – A.İ.) səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Ermənilərin yalançı vədlərinə inanmış müsəlmanlar əvvəlcə şəhərdə nə baş verdiyini müəyyən edə bilmirdilər. Hücum ərəfəsində bütün ermənilər şəhərin müsəlmanlar yaşayan hissəsindən ermənilər yaşayan hissəsinə keçdilər. Müsəlmanlar yaşayan hissədə xristian əhalidən ruslar və gürcülər qalmışdı.

Bu tarixi faktlar Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “1918-ci ilin Mart soyqırımı tarixi sənədlərdə” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Bakıda soyqırımı planı əvvəlcədən hazırlanmışdı

Bakıda soyqırımı planı hələ 1917-ci ildən “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi.

Fövqəladə Təhqiqat Komissiyası tərəfindən şahid kimi dindirilmiş Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində deyir: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi”. (ARDA, f.1061, siy.1, iş 95, vər.2). Azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge Komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.20)

Ermənilər meyitləri dənizə və quyulara atırdılar ki, cinayətin izlərini itirsinlər

Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdü. Onların çoxunun meyitləri tapılmadı. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilib. Uzaqvuran toplarla Təzəpir məscidi zədələdilər. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar. (ARDSPİHA, f.277, siy.2, iş 13-16, vər.25-26)

Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 18-də (köhnə təqvimlə-A.İ) bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnaksütyun” partiyasının xadimi Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ olunmuşdu.

Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İsgəndəriyyə”ni, “İsmailiyyə”ni də yandırdılar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18)

Mart talanlarında hərbi hissələrlə yanaşı, erməni ziyalıları və gəncləri də iştirak edirdilər

Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilirdi ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi”. (ARDA, f.100, siy.2, iş 791, vər.791)

“Nikolay Buniatov” paroxodu komandirinin köməkçisi Kazım Axundov yazır: “Martın 25-dən Nikolayev küçəsindəki meyitləri yığışdırmağa başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdi. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. Burada, o, 3 fotoşəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunub. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanıb. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası var.

İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilib. Mismarın başından aydın görünür ki, onu divara daşla vurublar. Daş elə oradaca idi.

Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara “kişi” demək mümkündürsə) zorlayıb.

Axundovla Sokolov 4-cü evə daxil olduqda onlar dəhşətli bir mənzərə görmüşdülər: geniş bir otağın döşəməsi üstündə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitləri var idi. Körpənin əl-ayağını itlər gəmirib yemişdi. Təsvir olunan mənzərə Sokolova elə ağır təsir göstərmişdi ki, o daha fotoşəkil çəkə bilməmişdi.

Qədim Azərbaycan şəhəri Şamaxı şəhəri 1918-ci ilin Mart soyqırımında dəhşətli talan və vəhşiliklərə məruz qalıb. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanıb. Materiallarda bildirilir ki, Şamaxıda bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi (ARDA, f.1061, siy.1, iş 108, vər.8-10).

Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18). Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.

Yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir,
gözlərini ovurdular

Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H. Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.

Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp və onun əlaltıları küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlamışdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.

Yeniyetmələrin başlarını kəsdilər, qadınları uşaqlarının
qanını içməyə məcbur etdilər

Amazasp Quba camaatını meydana yığaraq bildirdi: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”. Şahidlərdən biri yazır: “Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər, qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin”. “Mən sizin qanınızı içəcəyəm”, – deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.

Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar

Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən çox olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi.

Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: “Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyidini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi”. Başqa bir şahid isə yazır: “Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər”.

A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.

“Mən buraya qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını
almağa göndərilmişəm”

Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları də məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki, “Digah məscidində təxminən, 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi”.

Qubada törətdiyi qırğınlardan quduzlaşan Amazasp əliyalın dinc əhaliyə meydan oxuyaraq deyirdi: “Mən erməni xalqının və onun mənafeyinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim…” O, daha irəli gedərək deyirdi: “Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçkün və Kilid kəndlərinə keçərək, Şahdağa çatacağam”. Doğrudur, müsəlman qanına susayan Amazaspın arzusu ürəyində qaldı. Üç gün davam edən döyüşlər müsəlmanların qələbəsi ilə başa çatdı. Hər iki tərəf böyük itki verdi. Döyüş yeri tarixə “Qanlı dərə” kimi daxil oldu.

1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilib

Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan məhv edilib. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil (M.Məlikməmmədovun “Qanlı dərə” əsərinə istinad olunub).

Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətləndi”.

Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, pul verməkdən imtina edir, onları Osmanlı türklərindən qorumaq üçün səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.

Erməni vəhşiliklərindən ən çox ziyan çəkən bölgələrdən biri də Zəngəzur qəzası idi

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası idi. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. Andranik Ermənistan hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.

Fövqəladə Təhqiqat Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır. Dağıdılan 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanıb. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10 min 068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilib. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşiliklər haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərini qurbanı olub. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmayıb.

Südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, meyitləri tikə-tikə doğrayırdılar

Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.

Çullu kəndində ermənilər yorğan – döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğrayıblar. Bağıbəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə diri-diri yandırıblar. Müsəlman meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdılar ki, həmin əzaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilib.

Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə iribuynuzlu və yüz minlərlə xırda buynuzlu mal–qara ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınıb. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif kəndələrinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulub (ARDA: f.894, siy. 4, iş 65).

1918-ci ilin avqustunda Igdır və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər götürülüb.

Erməni müəllifləri özləri də törətdikləri əməlləri təsdiq edirlər

1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə –yeksan edilib. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən, Vedibasarın bütün kəndləri məhv edilib, əhalisi vəhşicəsinə öldürülüb, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçıblar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətiriblər.

Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: aprel ayının ortalarında iclas keçirmək adı altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 1200-1500 adam bu komaya toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra çıxarır, komanın qapısına bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər.

Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri özləri bu faktları təsdiq edirlər. Tarixçi Z. Korkodyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər” kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk azərbaycanlı qalmışdı. 1918-ci ildə “İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilib. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.

Canını qurtaran əhalinin qalan hissəsi türk qoşunları
Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtdı

1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilib. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalıb. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını “bolşevik” qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb can qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtdı. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə-yeksan edilmiş halda gördülər”.

Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının-şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilib. Bu aktlarda olan rəqəmlərə əsasən, Şamaxı şəhərində 8 min, qəzanın 53 kəndində isə ermənilər 8027 azərbaycanlını qətlə yetiriblər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olub. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur. (ARDA, f.1061, siy.2, iş 85, 87,100)

“Çağırış” bu sözlərlə qurtarırdı: “Şamaxı qəzasının zərər çəkmiş əhalisinə yardım göstərmək hər bir vətəndaşın, xüsusən müsəlmanın vətəndaş vəzifəsi və mənəvi borcudur. Vətəndaş müsəlmanlar, Şirvanı xilas edin!”.

Ermənilər bolşevik bayrağı altında Azərbaycanda faktiki olaraq
ikinci dəfə hakimiyyəti ələ keçirdilər

Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdı ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək yerinə düşər: 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Nəticədə respublikada nəinki ziyalılara, hətta milli baxışlı kommunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu işlərin icraçıları ermənilər oldu.

 

Torpaqlarımızın 20 faizinin vaxtilə işğal olunması erməni məkrinin, ən əsası isə

mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir

Beləliklə, 1918-1920-ci illərdə baş verənlərin acı nəticələri ilə üz-üzə qaldıq:

– 30 ildən artıq müstəqil Azərbaycanın ən ağır probleminə çevrilən Qarabağ məsələsinin əsası məhz 1920-ci illərdə qoyuldu.

– Bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.

– Otuzuncu illərin repressiyalarında erməni xisləti üçün yaranmış fürsətdən məharətlə istifadə edildi.

– 1947-1953-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba torpaqlarından (Qərbi Azərbaycan) didərgin salındı.

– 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.

– 1918-ci ilin martında erməni vəhşiliyindən canını qurtarıb Bakını tərk edən soydaşlarımızın qaçqın həyatı qan yaddaşımıza həkk olunsaydı, fikrimizcə, bu gün biz bir milyon insanı qaçqınlıq taleyini yaşamağa məcbur edən erməni məkri qarşısında aciz qalmazdıq.

Düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi
soyqırımı siyasəti cavabsız qalmadı

Nəhayət, Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

Bəli, düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Tarixdən ibrət götürən Azərbaycan xalqı heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışa bilməz və barışmadı.

2020-ci ilin sentyabrın sonlarında Müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etdi. Tarixə 44 günlük müharibə kimi daxil olan bu zəfər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndi.

Qarabağ Azərbaycandır!

azərtac