“Apreldə Azərbaycan Qarabağı qaytara bilərdi”

333

Azərbaycana müasir Rusiyanın ən görkəmli ictimai-siyasi xadimlərindən biri Aleksandr Andreyeviç Proxanov təşrif buyurub.

Proxanov – əlamətdar fiqurdur və özündə Rusiya dövlətçiliyinin bərpası uğrunda mübarizəni təcəssüm etdirən Rusiya tarixinin nəhəng dövrünü əks etdirir.

Sovet insanları üçün Proxanov ədalət, bərabərlik və həqiqət ideyalarını gəlişigözəl anlayışlar hesab etməyən görkəmli sovet nəslinin nümayəndəsidir və “Literaturnaya qazeta”dakı parlaq publisistik oçerkləri və istedadlı hekayələri ilə tanınır. Məşhur jurnalistin baş yazıları isə əsas hökumət qəzeti olan “Pravda”da ən çox oxunanlardan idi.

Sonradan A.Proxanov öncül ədəbi dairələrdə ən nüfuzlu nəşrlərdən sayılan “Sovet ədəbiyyatı”na rəhbərlik etməyə başladı.

Hətta sovet rejiminin süqutundan sonra belə Proxanov özünə və yüksək ideallarına xilaf çıxmadı, Yeltsinin yarıkriminal zamansızlığına qarşı müqavimət qalası yaratdı.

Proxanov vətənpərvər müxalifətin liderinə, onun “Den” qəzeti isə güclü Rusiya uğrunda mübarizlərin əhvalını əks etdirən aynaya çevrildi. Ona atəş açılır, tənqid dolu səsini kəsmək üçün həyatına sui-qəsdlər təşkil edilirdi – Proxanov Rusiyanın yalnız vətənpərvər deyil, həm də tənqid səsi olub və olmaqda davam edir.

Hazırkı Rusiya prezidenti Vladimir Putinin ən çətin günlərində belə Proxanov İzbor klubunda birləşmiş Rusiyanın digər vətənpərvər ruhlu intellektualları – Sergey Qlazyevlə, Jores Alferovla, general İvaşovla, Duginlə, Mixail Leontyevlə və bu kimi başqaları ilə birlikdə tarixin çarxını geri fırlatmağa və Rusiyanı yenidən didilib-parçalanan ölkəyə çevirməyə can atan saxta liberal, idarə olunan fəlakətin qarşısına keçdi.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Rusiyanın “Zavtra” qəzetinin baş redaktoru, yazıçı, siyasi xadim, müasir Rusiyanın əsas ideoloqlarından biri, İzbor klubunun başçısı Aleksandr Proxanovu qəbul edib.

Görüşdən dərhal sonra A.Proxanov virtualaz.org-un suallarını cavablandırıb.

Söhbət zamanı rusiyalı ictimai xadim Azərbaycan dövlətinin başçısı ilə görüşü barədə təəssüratları ilə bölüşüb. Proxanovun sözlərinə görə, o, möhtəşəm saraya düşüb: “Binanın yaxınlığındakı meydanda olarkən belə əzəmət hissi ilə dolub daşırsan. Sonra mən iqamətgaha keçdim: parlaq döşəmələr, mərmər, çilçıraqlar. Azərbaycan prezidenti ilə görüş isə o qədər də böyük olmayan çox rahat bir otaqda baş tutdu”.

Proxanov qeyd edir ki, İlham Əliyev həlim təbiətli, alicənab insandır və hər hansı özündən müştəbehlik maskasından azaddır. “Onu görən kimi məndə olan müəyyən həyəcan hissi dərhal yoxa çıxdı. Həmin an etimad, simpatiya və minnətdarlıq hissi yarandı ki, prezident öz vaxtını mənə bəxş edib”.

“Söhbətimiz Rusiya-Azərbaycan münasibətləri barədə oldu. Biz, demək olar ki, bütün problemlərə toxunduq: sovet və postsovet dövrü, rusların Azərbaycandakı vəziyyəti, Qarabağ münaqişəsi, Rusiyadakı erməni lobbisi barədə danışdıq. Mədəniyyət və fəlsəfə, mənim təbirimcə desək, “Azərbaycan arzusu” haqqında söhbət etdik. Söhbət Azərbaycan dövlətinin can atdığı həmin o idealdan gedir. Mən özümü Azərbaycan prezidentinin mütləq mənada həmfikri kimi hiss etdim. Biz incə, protokoldan kənar açıq mövzulara da toxunduq. Mənə çox xoş idi ki, biz bu barədə danışırıq”, – rusiyalı siyasətçi deyir.

“Bir də təkrar edim – İlham Əliyev olduqca həssas, incə təbiətli, obyektiv, çoxaspektli insandır. O, ölkəsini ağılla qurur, onu münaqişələrdən kənarda tutmağa çalışır”. Proxanovun sözlərinə görə, Azərbaycan onsuz da çox kəskin Qarabağ münaqişəsinin mərkəzindədir.

“Ölkə qaynar əhatədədir, dörd bir tərəfdə hər şey partlayır. Azərbaycan isə bu təlatümlü okeanda sakit dünya və mülayim iqlimdir. Bu, prezidentin sayəsində mümkünə çevrilib. Bu, onun strategiyasıdır, bəlkə də onun bütün varlığıdır. Bugünkü Azərbaycan dövləti həm Heydər Əliyevin, həm də İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır. Siyasət əksər hallarda şəxsiyyətə bağlıdır, sizinki isə prezident İlham Əliyevin şəxsiyyəti ilə bəzənmişdir”, – həmsöhbətimiz qeyd edir.

O ki qaldı bilavasitə Azərbaycan-Rusiya münasibətlərinə, rusiyalı analitikin qeyd etdiyi kimi, nəhəng dövlətin – SSRİ-nin parçalanması baş verib: “Sovet İttifaqını zorlayıblar, ondan nəhəng məkanları, əraziləri və xalqları qoparıblar. Keçmiş SSRİ-nin ərazisi parçalanmış dünyadır. Bu sərhədləri hələ kol-kos basmayıb, küskünlüklər, anlaşılmazlıqlar qalıb. Buna görə də, Rusiya ilə Azərbaycan arasında ideal münasibətlərdən danışmaq o qədər də düzgün olmazdı, axı onlar özlərində bu parçalanmanın faciəsini daşıyırlar. Lakin həmin dram burada – Azərbaycanda, misal üçün, Ukraynada və Baltikyanı ölkələrdə olduğundan daha az hiss edilir”.

Proxanov hesab edir ki. bu məsələ çox incə tədqiqatların mövzusudur: azərbaycanlılar, ruslar, Rusiya və Azərbaycan nədir ki, aralarındakı münasibət harmonikdir. “Aramızda düşmənçilik, müharibə və qərəz yoxdur. Ruslar Azərbaycanda yaşayır. Rusiyada azərbaycanlılara xoş münasibət var, antaqonizm yoxdur. Lakin təkrar edim, münasibətlərimizi mütləq mənada ideal adlandırmaq olmaz. Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) bağlanması İlham Əliyevə də, mənə də çox ağır təsir edib. Bunun nəyə görə baş verdiyini anlamıram. Bunun Azərbaycanda da izahı yoxdur. Belə çıxır ki, ortada xain iradə var. Formal olaraq, söhbət sənədlərin uyğunsuzluğundan gedir. Lakin bu boş şeydir. Doğrudanmı, ermənilər belə güclüdür ki, Putinin ölkələrimiz barədə təsəvvürlərinə bu cür təsir göstərə biliblər?”, – Proxanov sual verir.

Həmsöhbətimiz hesab edir ki, ÜAK-la bağlı baş verənlər aradan qaldırılacaq anlaşılmazlıqdır: “Ümumilikdə isə, bir daha təkrar edim ki, Azərbaycanla münasibətləri Baltikyanı ölkələrlə, bədbəxt Ukrayna, Gürcüstanla müqayisə etmək mümkün deyil. Əlbəttə ki, Ermənistan qarşılıqlı tərəfdaşlığımıza mane olan amildir. Lakin hətta buna baxmayaraq, Moskva ilə Bakı arasında çox yaxşı münasibət formalaşıb. Və bu, bundan sonra da belə davam edəcək”.

Qarabağ münaqişəsinə gəlincə, Proxanovun qeyd etdiyi kimi, “bu problem apreldə (2016-cı ildə – red.) qoşunlarınız hücuma keçərək əraziləri geri qaytarmağa başlayanda həll oluna bilərdi. Azərbaycan Qarabağı qaytara bilərdi. Lakin sonradan, deyilənə görə, Moskvanın müdaxiləsindən sonra dayandılar. Vəziyyət həll olunmamış qaldı”.

“Hazırda mövcud olduğu şəkildə bu, fikrimcə, çox uzun müddət həll olunacaq. Vurğulayım: əgər hərbi müdaxiləyə yol verilməzsə. Yeri gəlmişkən, Azərbaycan ordusu güclü və enerjilidir, hərbi ruh əldə edib. Lakin sülh prosedurları çox uzunmüddətli olacaq”, – Proxanov bildirib.

(A.Proxanovla söhbətin davamı və rusiyalı ictimai-siyasi xadimin səfəri barədə reportajlarla virtualaz.org-un növbəti yazılarında tanış ola bilərsiniz).

Virtualaz.org