“Nəşriyyatların ümidinə qalsaq…”

474

Günümüzün problemlərində biri də kitab oxuyanların sayının azalması, qəzet-jurnala olan marağın itməsidir. Ancaq bütün bunlar kitab heç oxunulmur mənasına da gəlmir. Yolunu M.F. Axundov adına Milli Kitabxanaya salanlar buna şahid ola bilərlər. Biz də Milli Kitabxananı ziyarət edərək buna şahid olduq. Kitabxananın girişində izdihamlı bir səhnə ilə qarşılaşdıq. Kitabxanadan istifadə edib gedən kim, oxumaq üçün daxil olan kim. Biz də içəri daxil olub məqsədimizi dedik və bir az gözləməli olacağımızı söylədilər. Əslində gözləməyimizin səbəbi kitabxananın direktorunun iclasda olması ilə bağlı idi. Sonra bizi oxuculara xidmət işləri üzrə direktor müavini Ədibə xanım qarşılayıb oxu zalına apardı.

“Bədii kitablardan daha çox elmi kitablar oxunur”

Ədibə xanım kitabxananı qarış-qarış bizimlə gəzib bizi məlumatlandırdı. İlk suallarımızı da elə özü cavablandırdı.

-Oxucu kütləsi sizi qane edirmi, il ərzində nə qədər oxucu olur?

– Gündən-günə artmaqda olan virtual oxucuların sayı 900 min, il ərzində kitabxanaya gələn oxucuların davamiyyəti 204 min 591 nəfərə, kitab verilişi isə 984 min 861 nüsxəyə çatmışdır. Milli Kitabxanaya axının çox olmasının səbəbi kitabxanada yaradılan şəraitə görə, oxuculara göstərilən diqqət və xidmətin düzgün olmasından irəli gəlir. Bu gün milli kitabxanaya gün ərzində 1000-1200 oxucu gəlir.

– Hansı kitablara üstünlük daha çoxdur?

– Kitabxananın fondu unversaldır. Elmi kitablarımızdan istifadə edirlər, bədii ədəbiyyatlar oxuyanlar olur. Hər bir kitabın öz oxucusu var. Əsasən bədii kitablardan daha çox elmi kitablar oxunur. Son zamanlar bədii kitablar da çox oxunmağa başlayıb.

– Yerli klassik yazarları oxuyanlar olurmu?

– Azərbaycan klassik ədəbiyyatnı oxuyanalar daha çoxdur. Bu Ali məktəblərdə tədris ilə də əlaqədardır. Unversitetlərdə klassiklərimizin tədris olunması oxucularda marağ yaradır ki, gəlib kitabxanadan əldə edib oxusunlar.

– Gənc yazarların kitabına təlabat varmı?

– Milli Kitabxanın nəzdində açıq kitabxana bölməsi vardır ki, burada əsasən gənc yazarların kitabları təbliğ olunur. Təqdimatlar, gənc yazarlarla görüşlər təşkil olunur. Bu yaxınlarda biz gənc yazar Mövlud Mövludun kitabının təqdimatını keçirtmişik. Gənc yazarları toplamışdıq. Açıq kitabxananın yaradılması gənc yazarlarla oxucuların görüşməsinə şərait yaratmış olur.

“Digər kitabxanlarda tapa bilmədiyimiz kitabları burdan əldə edə bilirik”

Ədibə xanım suallarımızı cavablandırdıqdan sonra bizi oxu zalına dəvət edib isti yay günlərinin olmasına baxmayaraq fədakar oxucuların olmasını bizə göstərmək istədi. Oxu zalında oxucular sakitcə kitab oxuyurdular. Fotoaparatı çıxarıb bir-iki şəkil çəkdim. Əcnəbi oxucuların olması diqqətimi çəkdi və heyrətləndirdi.

Oxucuların bəzisi fikir bildirməkdən imtina etsələr də, iki xanım oxuduqları kitablar haqqında məlumat verdilər. Əvvəlvə Bakı Dövlət Unversitetinin Regionşünaslıq (Amerika üzrə) fakültəsinin dördüncü kurs tələbəsi ilə söhbətləşdik:

– Kitabxana sizi qane edirmi?

– Əlbəttə, həm rahatlığınaa görə, həm də istədiyimiz kitabları əldə edə bilməyimizə görə bu kitabxanadan çox razıyıq.

– Hansı kitabları oxuyursunuz?

– Əsasən öz dərslərimlə bağlı kitablar oxuyuram. Dövlət imtahanına hazırlaşıram. Hazırda oxuduğum kitab Amerikanın hüququ sistemi haqqındadır. İmtahana düşəcək suallar üzrə bu kitabdan istifadə edirəm.

Pedeqoji unversitetinin Məktəbəqədər təlim və tərbiyyə fakültəsinin üçüncü kurs tələbəsi Azadxanlı Şəbinəm də oxu zalında suallarımızı cavablandırdı.

– Siz hansı kitabları oxuyursunuz?

– Pedeqoji ustalığın əsaslarını oxuyuram. Bu gün saat üçdə imtahana girməliyəm. Ona görə də o imtahan üzrə hazırlaşıram.

– İstədiyiniz kitabları əldə edə bilirsiniz, olubmu heç sizə lazım olan kitab olmasın?

– Mənə lazım olan kitablar olub, tapmışam. Müəllimlər kitab adlarını semestr vaxtı yazdırırlar. Biz də bu kitabaxanada hazırlaşırıq. Həm oxu zalında, həm də kitabxananın ayrı-ayrı şöbələrindən maraqlanıb, alıb oxuyuruq. Digər kitabxanlarda tapa bilmədiyimiz kitabları burdan əldə edə bilirik.

“Sənəd təqdim etmədən kitab götürüb oxuya bilərlər”

Oxu zalı ilə tanış olduqdan sonra kitabxananın ayrıca bir bölməsi olan açıq kitabxananı görmək üçün oraya getdik. Hava isti və ağacların altında stollar, stollarda əyləşib kitab oxuyanlar… Necə də maraqlı görüntüdür. Açıq kitabxananın sərbəst mütailə bölməsinin müdürü Təranə xanım deyir ki, bura bir ildir fəaliyyət göstərir: “Bura 24 saat işləyir. Bayram və istrahət günləri də bura öz fəaliyyətini davam etdirir. Ayrı-ayrı guşələr var. Uşaq guşəsində uşaqlar üçün kitablar da vardır. “Mən oxudum, sən də oxu” devizi altında işləyirik. Bu nə deməkdir? Hər kəs gəlib burda kitab oxuya, Wi-fi-dən istifadə edə bilər. Kitablar hər gün dəyişilir, yeniləri ilə əvəz edilir. Sənəd təqdim etmədən kitab götürüb oxuya bilərlər”.

Elə kitablar vardır ki, onu elə ancaq bu kitabxanada görmək olar

M.F. Axundov adına Milli Kitabxana böyükdür və hər bir şöbəsini gəzib görmək çox xoşdur. Elə bu səbəbdən də biz Nadir kitablar bölməsinə daxil olub görmədiyimiz kitablara da göz gəzdirdik. Həqiqətən də elə kitablar vardır ki, onu elə ancaq bu kitabxanada görmək olar. Nadir kitablar bölməsinin şöbə müdiri Gülsəidə xanım bu kitablar haqqında qısaca da olsa bizi məlumatlandırdı.

– Nadir kitablar haqqında maraqlanan oxucular olurmu, oxuyurlarmı?

– Nadir kitablar fondunda 16-cı əsrdən başlayaraq 20-ci əsrin əvvəllərinə qədər- Sovet hakimiyyəti qurulana qədər olan ədəbiyyatlar toplanıb. Alban və latın dilində olduğu üçün bir çox ədəbiyyatların oxucusu azdır. Ancaq rus dilində olan ədəbiyyatlar vardır ki, onlar bu fondda var və kifayət qədər oxucusu var. Tarixçi alimlər tədqiqat məqsədi ilə bu kitablardan yararlanırlar. Bu kitabların əksəriyyətin elektron versiyasını da hazırlamışıq.

“Yazıçılarsız, şairlərsiz bizim işimiz keçə bilməz”

Oxu zalı, sərbəst kitabxana, nadir kitabxana şöbələrini gəzib, gördükdən sonra üz tutduq M.F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirovun otağına doğru. Təşəkkür edirik ki, müəllim bizi qəbul etdi və suallarımızı cavablandırdı.

– Kitabxananın ümümi vəziyyəti necədir nə yeniliklər var?

– M.F. Axundov adına Milli Kitabxana dünyanın ən qabaqcıl kitabxanalardan biridir. Oxucuları qane edəcək hər bir şərait yaradılıb. Əvvəllər təkcə kitabxanaya gəlib oxumaq mümkün idisə, artıq indi onlayn şəkilədə də kitabxanaya gəlmədən bir çox kitabları oxuya bilərlər. Yeni bir layihəmiz ondan ibarətdir ki, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirilən açıq kitabxana layihəsi kitabın oxuculara daha yaxın olmasında böyük rol oynamış olur. Kitabxananın işləmədiyi vaxt, istrahət günlərində belə açıq kitabxana işləyir. Bütün günü gecə-gündüz kitab oxucularının üzünə açıqdır. Səhərə qədər oturub oxumaq istəyən oxucu belə bundan yararlana bilər.

– Kitabxanaya dəstək məqsədi ilə yeni kitabı çıxan şair və yazıçılar kitab hədiyyə edirlərmi?

– Yazıçılarsız, şairlərsiz bizim işimiz keçə bilməz. Onlar bizə çox yaxındırlar. Kitabxanaya daxil olan kitabların əksəriyyətini müəlliflər özləri gətirib veriblər. Bu gün nəşriyyatların, poliqrafiya müəsisələrin,qəzet-jurnal redaksiyalarının, ümidinə qalsaq kitabxanaya əlli faiz də kitab gəlməz. Məhz müəlliflər, çap olunan kitablarını bizə gətirirlər. Ona görə də Milli Kitabxanada kifayət qədər müəlliflərə aid kitablar var.

– Məşhur adamlardan kitabxanaya gələn olurmu?

– Bu gün ölkənin ziyalılarına, məşhur insanlarına kimə yaxınlaşıb soruşsanız deyəcəklər ki, Milli Kitabxana bizə böyük kömək edib. Biz o kitabxanadan pərvazlanmışıq. Biz nə əldə etmişiksə o kitabxanaya borcluyuq. Bu gün Əziz Əliyev haqqında tədbir idi. Orada çıxış edən həkimlərin, alimlərin ilk kəlməsi o oldu ki, nə əldə etmişiksə bu kitabxanaya borcluyuq.

-Kitabxnada istifadə limiti varmı, oxucular üçün standart limit qoyulurmu?

– Bu gün o deyərdim ki, yoxdur. İnternetin olduğu bir zamanda artıq o limitlər, o göstərişlər tamamilə yox olur. Açıq, sərbəst formada mütaliə edirlər. Bu kitabxanadan rahatlıqla bəhrələnə bilirlər. Heç bir limit də qoyulmur.

Ruzbeh Məmməd