Şəhid qardaşların anılıb

413

Bu günlərdə Quba rayonunun İsnovqışlaq kənd tam orta məktəbində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Quba rayon filialının təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Sərvər və Şəmsəddin qardaşlarının anım günü keçirilib.

Tədbiri məktəbin direktoru Rüfət Ağayev qeyd edib ki, şəhid qardaşların adını daşıyan bu təhsil müəssisəsi I Qarabağ müharibəsi dövründə məktəbi bitirmiş onlarla oğlunu cəbhə bölgəsinə göndərmişdir. Onların arasında Şəmsəddin və Sərvər qardaşları xüsusilə fərqlənirdi. Cəbhədə ayrı-ayrı döyüş bölgələrində vuruşan qardaşlar bir-birini soraqlayır və bir batalyonda vuruşmağa can atırdılar. Tale isə onların cənazələrini yanvarın 28-də lap evlərinin yanında görüşdürdü. Bu qardaşların hər ikisi oxuduğu müddətdə məktəbin sayılan tələbələrindən olub, şəkilləri şərəf lövhəsindən düşməyib. Bu gün də isnovqışlaqlılar həmin igid oğulları ilə fəxr edirlər.

Quba-Qusar batalyonunun qərargah rəisi, istefada olan baş leytenant Mobil Əhmədov qeyd etdi ki, Xocavənd ətrafında gedən döyüşlərdə qazandığımız qələbələrdə Sərvərin də zəhməti az olmayıb. O, yaralı yoldaşlarımıza kömək edib, mərdlik və əzmkarlıq göstərirdi. Yanvarın 12-ində isə ağır döyüş başlandı. Həmin döyüşdə Sərvəri həmişəlik itirdik. O həmişə qardaşı Şəmsəddini görməyi arzulayırdı. Lakin tele onları bir-birinə belə qovuşdurdu.

Tədbirdə Qarabağ Əlil, Veteranlar və Şəhid ailələri ictimai birliyi tə Quba rayon filialının sədri Yusif Nöhbalayev, məktəbin tarix müəllimi Naibə xanım, sinif müəlliməsi Əfşan Nərimanlı bu igid şəhidlərin həyatlarının hər bir gənc üçün örnək olacağını bildirdilər. Onlar əminliklə qeyd etdilər ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə orduda aparılan islahatlar artıq öz bəhrəsini verib. Bunu ötən ilin aprelində baş verən döyüşlər bir daha təsdiq etdi.

Onu da qeyd edək ki, bu təhsil ocağı ölkəmizdə yeganə məktəbdir ki, iki şəhid qardaşın birgə adını daşıyır. Cəbhənin ayrı-ayrı yerlərində döyüşməklərinə baxmayaraq, hər iki qardaş eyni bir gündə şəhid olub və eyni gündə torpağa tapşırılıblar.

Qvami