18 oktyabr: tariximizin şərəf və qürur günü

448
Azərbaycan xalqının müstəqilliyinin əsasını qoyan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 23 il keçir.
Bu gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 18 oktyabr-Dövlət Müstəqilliyi Günüdür. SSRİ-nin dağılmasına öz şərəfli töhfəsini verən və o dövrdə ittifaq respublikaları arasında milli azadlıq mücadiləsinin önündə gedən Azərbaycan xalqı 1991-ci ilin oktyabr ayında müstəqilliyinin beynəlxalq aləmdə tanınması istiqamətində ən önəmli addımlarından birini atdı. Belə ki, öz azadlığı uğrunda ayağa qalxan xalqın tələbi ilə 1991-ci il, oktyabrın 8-də Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası müstəqillik haqqında Konstitusiya Aktını müzakirə etməyə başladı. 4 gün davam edən qızğın müzakirələrdən sonra parlament birhəftəlik fasilə götürməyə məcbur oldu. 1991-ci il, oktyabr ayının 18-də Azərbaycan Ali Soveti SSRİ tərəfdarı qüvvələrin müqavimətinə baxmayaraq, səs çoxluğu ilə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bununla da Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınması üçün hüquqi əsas qoyulmuş oldu.

6 fəsil, 32 maddədən ibarət tarixi sənəddə qeyd edilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu sənədin qəbul edilməsindən az sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu və bununla da qardaşlığımıza öz töhfəsini vermiş oldu. Ötən müddət ərzində sürətlə inkişaf edərək nəinki Qafqazın və MDB məkanının önəmli dövlətinə, həm də dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilən Azərbaycan bu gün inamla müstəqillik yolunda gələcəyə doğru addımlayır.