18 mart – Çanaqqala Şəhidlərini Anma Günü

0
642

Çanaqqala Birinci Dünya müharibəsi zamanı, yəni, 1915-1916-ci illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş vermiş dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu almaq məqsədilə boğazlara nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı ticarət yolu açmaq, Almaniyanın müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmiş, ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəf də çox ağır itkilər vermişdir. 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə baş verən bu döyüşün Türkiyə tarixi üçün çox böyük əhəmiyyəti var.
Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün ən əlverişli şans sayılırdı. Boğazları tutmaqla onların məqsədi Almaniya ilə Osmanlı Türkiyəsini bir-birindən təcrid etmək və İstanbulu ələ keçirməklə Osmanlı Türkiyəsinin Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi.
İstanbulu ələ keçirməyin ən real qapısı olan Çanaqqala boğazının təhlükəsizliyi hələ 1914-ci ilin avqustundan nəzarətə götürülmüşdü. 1914-cü il noyabrın 3-də ingilis və fransız qüvvələri boğazın ağzına doğru yaxınlaşdılar. İngilislər Seddülbahir və Ərtoğrul qalalarını, fransızlar da Anadolu yaxtasında Qumqala və Orhaniyə qalalarını topa tutdular. İngilis sualtı qayıqları dekabrın 2-də boğaza girdi və 750 metr irəlidə yerləşən “Mesudiye” zirehli gəmisinə mərmi ataraq gəmini batırdı. Bu iddialarla İngiltərə 1915-ci il yanvarın 28-də Osmanlı dövləti ilə döyüş qərarı verdi və bu qərara Fransa da qoşuldu. Fevralın 19-da düşmən döyüş gəmiləri amansız bombardmanla xeyli irəlilədi. Martın 18-də ingilis-fransız gəmiləri şiddətli atəşə başladılar. Mecidiyye və Hamidiyyə istehkamları ardıcıl atəşə tutuldu.
Dünyanın böyük bir ərazisini ədalətlə idarə edən Osmanlı dövlətinin tənəzzülündən yararlanmağa çalışan Avropa dövlətlərinin məqsədi Türkiyəni İstanbuldan vurub çıxarmaq, ümumilikdə Anadolu ərazisini türk etnonimindən təmizləmək idi. Lakin azlıqda və çətinlikdə qalmasına baxmayaraq türk xalqı bu döyüşdən alnıaçıq və şərəflə çıxa bildi. Daha doğrusu xeyli əraziləri əldən getmiş Osmanlının bu sonuncu ümid torpaqları uğrunda türk xalqı əzmkar mübarizəyə qalxdı və düşmənləri geri oturtmağı bacardı.

Çanaqqala döyüşü həm də gələcək qurtuluş savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunlarını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanaqqala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur. Hər biri ayrı-ayrılıqda qəhrəmanlıq nümunəsi sayılan döyüşlərdə itirilən insanların sayına və sosial mənşəyinə nəzər salanda mübarizənin bir ümumxalq mübarizəsi olduğuna heç bir şübhə qalmır. Bu döyüşdə əhalinin bütün təbəqələri iştirak edirdilər. Çoxlu sayda ziyalı həm vuruşur, həm də əsl vətənpərvərlik təbliğatını aparırdı. Bu da təbii ki, texniki imkanlar baxımından avropalılardan xeyli dərəcədə geridə olan türk ordusunun mənəvi qüdrətini və döyüş ruhunu nəzərəçarpacaq dərəcədə artırırdı. Türklər döyüşdə elə vuruşurdular ki, sanki gələcəyin mübarizəsi gedirdi. Pis silahlanmış, lakin son dərəcə döyüşkən və əzmkar olan türklərin o dövrün ən son hərbi nailiyyətlərindən istifadə edən avropalıları geri oturtması onların mərdlik və cəsurluğunun parlaq nümunəsi kimi qiymətləndirilməlidir.
Bu döyüşdə Osmanlı Türkiyəsi 253 min şəhid (bu döyüşdə 3 minə yaxın azərbaycanlı da şəhid olub)verdi. Döyüşdə əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 205 min, fransızlar isə 47 min itki verdilər. Ümumilikdə düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi.
Çanaqqalada türk əsgərlərinin göstərdiyi mətinlik və cəsarət düşmən generallarını və siyasi xadimlərini belə heyrətə gətirmişdi. İngiltərənin baş naziri Uinston Çörçill “Türklər Çanaqqalada ən müasir silahlarla silahlanmış güclər qarşısında bir qala kimi dayanmışdılar”, ingilis generalı Oqlander isə “Türk əsgərlərinin döyüşdə göstərdikləri igidliklərin nəzərə alınmaması ingilislər üçün fəlakət oldu” demişdilər.
Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, yəni, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, yəni, 18 mart – Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Bununla yanaşı, Çanaqqala döyüşü məhv olma vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türk vətəndaşının mübarizliyinin simvolu kimi əbədiləşmişdir.

Qeyd: Bu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər
və xarici siyasət” kafedrasının dosenti Elçin Əhmədovun yazısıdır. Yazı ixtisarla dərc olunur.