1796-cı ildəki Alpan döyüşü rus salnamələrində…

108

 

Bu günlərdə arxivimdə rus hərbçisi, general-mayor Valerian Aleksandroviç Zubovun 1796-cı ildə həyata keçirdiyi əməliyyatlarla bağlı material diqqətimi cəlb etdi. Çünki həmin materailda kəndimizin də adı çəkilir.  Bunun sizin tərəfinizdən maraqla qarşılanacağını və kəndimizlə bağlı gələcəkdə aparılacaq tədqiqat işlərində səmərəli olacağını nəzərə alaraq diqqətinizə çatdırmağı özümə borc bildim. Bəri başdan bu yazını rus dilindən dilimizə tərcümə edən İlham Əkrəmoğluna da minnətdarlığımı bildirirəm.

“Oktyabrın 1-də səhər tezdən podpolkovnik Bakunin öz dəstəsi ilə Quba şəhərindən 8 verst məsafədə yerləşən Alpan kəndinə yaxınlaşdı. Bu kəndin və ətrafındakı bütün sahələrin düşmən tərəfindən tutulduğunu gördükdə dayandı və dəstəyə xəbər göndərdi. Gələn dəstənin azsaylı olduğunu görən düşmənlər dərhal asan qurban kimi onun üzərinə cumdular, lakin dərənin arxasında möhkəmlənən Bakunin qətiyyətlə müdafiə olunurdu. Bu zaman ön cərgədə hərəkət edən və güclü atışma eşidən Xopersk alayının poruçiki Mironov 15 kazakla birlikdə müdafiə olunan dəstəyə doğru çapdı. O, yarım verst getməmiş geri çəkilmək istəyən Bakuninin dəstəsinin yolu kəsmiş düşmən tərəfindən hər tərəfdən mühasirəyə alındığını gördü. Mironov kazaklarla birlikdə atdan düşdü və döyüş sahəsinin yaxınlığındakı kolluqda oturdu. Fürsət olanda podpolkovnik Bakunin kazakları çıxılmaz vəziyyətlə bağlı xəbərlə general Bulqakovun yanına göndərmişdi, bu səbəbdən polkovnik Stoyanov günortadan bir saat əvvəl yola çıxan Uqlitsk piyada alayı ilə onun köməyinə  göndərildi. Mironov kolluqda gizlənən kimi müdafiə olunanların silahları atəşi kəsdi və az sonra qaçan ovçular, qumbaraçılar və onlarla birlikdə kapitan Paşşinski göründü. O, Mironovun pusqusunu gördükdə qaçan 40 nəfəri saxladı və yenidən qətiyyətlə müdafiə olunmağa başladı. Düşmən qəzəbi soyumadan qılınclarla süngülərin üzərinə şiddətlə hücum etdi. Bu vaxt polkovnik Stoyanov Uqlitsk alayı ilə birlikdə  yaxınlaşırdı. Artıq müdafiə olunanların atəş səslərini eşitmədikdə o, düşmənin geri çəkildiyi qənaətinə gəldi və yalnız öz adamlarını ruhlandırmaq üçün Alpan kəndindən bir verst aralıda olarkən öz silahlarından iki atəş açmağa qərar verdi. Onun  atəşı düşməni elə qorxutdu ki, Mironov və Paşşinskini qoyub sürətlə döyüş meydanından, sonra isə kənddən qaçdılar. Onlar elə  tələsik və qorxaqcasına qaçırdılar ki, gələn alayı gördükdə öldürülən əsgərlərdən götürdükləri əşyaları,  hətta öz yaralılarından və meyitlərindən bir neçəsini atıb getdilər, nəhayət, hamısı meşəyə səpələndi. Polkovnik Stoyanov döyüş meydanına gəldikdə podpolkovnik  Bakuninin, iki kapitanın, iki poruçikin, bir podporuçikin və 240 əsgərin eybəcər hala salınmış, yalın meyidlərini, iki topun düşmənə keçdiyini gördü. Mironov və qalan adamlarla birlikdə Paşşinski  çox yorğun halda dəstəyə qayıtdı, Uqlitsk alayı isə yerində qaldı. Belə gözlənilməz bədbəxtlik Vəli bəyin və digər Quba ağsaqqallarının yalan xəbərlərinə çox güvənən qoşunları və komandirləri olduqca məyus etdi. Şıxəli xan çox hiyləgərcəsinə hərəkət edərək, onlarla belə yaxından görüşməyi gözləməyən rusların azsaylı dəstəsini cəlb etmək üçün kiçik dəstə  göndərmişdi. Hansısa səbəbdən hücuma məruz qalanlara kömək edə və piyada qüvvələrini gücləndirə biləcək draqunların və ya kazakların əvəzinə yavaş hərəkət edən piyada alayı göndərilmişdi: ya payızın sonlarında yem çatışmazlığından atların pis vəziyyətdə olmaması və çatışmaması, ya da başqa bir səbəb dağlılara qarşı süvarilərdən istifadə etməmək məcburiyyəti yaratmışdı.

Oktyabrın 2-də öldürülmüş zabitlərin cəsədləri və təxminən 20 nəfər yaralı əsgər dəstənin düşərgəsinə gətirildi; digərləri xristian ayininə uyğun döyüş yerində dəfn edildi. Alpan kəndinin sakinlərinin podpolkovnik Bakuninin dəstəsinin məhv edilməsində iştirakı onların qaçması ilə təsdiqləndiyindən, orada qalan ərzaq və yemi qoşun üçün müsadirə etmək əmri verildi. Hadisəyə şəxsən şahid olmuş poruçik  Mironov yeni Şamaxıya qraf Zubovun yanına hesabatla göndərilmişdi. Quba əyalətinin sakinlərinin xəyanətinə görə onlardan ərzaq və yem nağd pulla alınmadı, müsadirə edildi.

Oktyabrın 4-də Samur yaxınlığındakı kəndlərdən olan 6 qubalı General Bulqakovun dəstəsinə 30 sentyabrda geri alınanlardan 55 öküzü gətirərək, bu öküzlərin tələsik qaçan Xamutayın dəstəsindən götürüldüyünü və ona xeyli  ziyan vurduqlarını bildirdilər, bunun sübutu olaraq 30 tüfəng və 20 xəncər gətirdilər. Bundan sonra müxtəlif kəndlərdən yuzbaşılar və ya ağsaqqallar Xamutayın  dəstəsinin onların taxılını, mal-qarasını alması şikayəti ilə Vəli bəyin yanına gəldilər, digər kəndlərdə 400-500 adam ərzaq tələb edirdi. Bu xəbərlər yalan idi və yalnız xan ordusunda sakinlərin iştirakı ilə bağlı rusların şübhələrini dağıtmaq üçün yayılırdı. Ziyarətçi yüzbaşılar keçən döyüş zamanı Şıxəli xan və Xamutay xanın Alpan kəndində olduğunu və özününküləri  azsaylı rusları məhv etməyə təşviq etdiyini söyləyirdi; lakin bu cəhd onlara xeyli ziyan vurmuşdu, nəql edənlərin sözlərinə görə, 2000-ə qədər adam öldürülmüş və bir o qədəri də yaralanmışdı, çünki geri dönən Xan qoşunlarının hər dəstəsində sağlam üzvlərin yarısından azı qalmışdı. Onların qoşunu Yazxomutay qazıqumuqlarından, axtıparalılardan, ləzgilərdən və Şıxəli xanın dağlı xalqlarından olan digər muzdlularından ibarət idi; hamısının sayı təxminən 12 min nəfər idi. Bu yarımvəhşilər rus əsgərlərinin cəsarətinə təəccüblənirdilər və onlardan bu qədər az adamın on dəfə üstün gücünə qarşı necə inadkarlıqla müdafiə olunduqlarını, əksər hallarda əzilsələr də, tutduqları yeri vermədiklərini anlaya bilmirdilər. Düşmənin General Bulqakovun dəstəsinin düşərgəsinə hücum etmək niyyəti barədə yenidən alınan xəbərlər əsasında ehtiyat artırıldı; Polkovnik Stoyanova bir taborla birlikdə düşərgəyə gəlmək, digər taboru Alpan kəndində saxlamaq əmr edildi”.

*****

İndi də Alpan döyüşü ilə bağlı tarix elmləri doktoru, professor Tofiq Mustafazadənin rus tarixçisi Pyotr Qriqoryeviç Butkovun 1869-cu ildə yazdığı materiallara iistinadən “Quba xanlığı” (Bakı, Elm – 2005) kitabında yazdıqlarını diqqətinizə çatdırıram: “Sentyabrın sonunda (1796-cı il-Q.M.) Qazıqumuq xanı və Şeyxəli xanın 13-15 min nəfərlik qoşunu Quba xanlığının şimal hissəsinə daxil oldu. Dəstələr Alpan kəndinə yaxınlaşdılar. Qarşılarına çıxan polkovnik-leytenant Bakuninin başçılıq etdiy azsaylı dəstə (500 nəfərə qədər) pusquya düşdü və ağır itkilərə məruz qaldı. Yalnız general Bulqakovun yardıma dəstə göndərməsi sayəsində Bakuninin dəstəsi tamamilə məhv edilməkdən xilas oldu.

General Bulqakovun verdiyi məlumata görə, vuruşma nəticəsində 700 dağıstanlı döyüşçü və 900 muzdlu döyüşçü həlak olmuş, Surxay xanın oğlu Bayram, birinci məsləhətçisi Molla Tağı, baş məmurları Məhəmmməd Sami bəy, Ağa Məhəmməd bəy, Aşurov Qurban, Nəbi, kəndxuda Yusifin oğlu, Surxay xanının 310 təbəəsi həlak olmuşdur. Qənimət kimi 2013 tüfəng, tapança, habelə çoxlu sayda soyuq silah ələ keçirilmişdi. Alpan kəndinin yanında düşmənin 68 yaralı əsgəri əsir götürülmüşdü. Onlar bildirdilər ki, Xanbutayın (Surxayın) digər oğlu Məhəmməd və qohumu Osman da yaralanmışdır.

Surxay xan öz qoşunu və yaxınları ilə birlikdə döyüş meydanından qaçdılar. Ruslardan polkovnik-leytenant Bakunin həlak oldu, kapitanlar Semyonov və Karaşev, poruçiklər Zlodeyev, Filatov, praporşik Krivpinov, unter zabitlər və sıravi yegerlər, qrenader və muşketyorlar, cəmi 46  nəfər həlak olmuş, 94 nəfər yaralanmışdır.

General Bulqakov bu hadisələrlə bağlı oktyabrın 1-də yazırdı ki, podpolkovnik Bakunin ona xəbər vermişdi ki, sentyabrın 30-u sübh tezdən onun kəşfiyyatçıları dərədə düşmənin olması haqqında məlumat çatdırmışlar. Bakunin yegerləri kare (düzbucaqlı şəklində hərbi nizam forması –T. M.)  şəklində düzərək düşməni gözləyir. Bulqakov bu xəbəri və güclü atışma səsi eşidib 3 min nəfərdən artıq ibarət piyada alayını 4 alay topu ilə Bakuninin yardımına göndərmişdir.

Polkovnik-leytenant Stoyanovun tabeliyində olan döyüşçülərdən düşmənin sayının 15 min nəfərə çatdığı haqqında məlumat alındı. Üsyançılara Xanbutay başçılıq edirdi. Üsyançılar itki vermələrinə baxmayaraq,  Qudyalçay sahilində rus hərbi dəstəsini mühasirəyə almağa çalışmışdılar. Kapitan Simonovun öncüllük etdiyi Uqliç piyada alayı döyüş yerinə gecə saat 10-da çatıb üsyançıların arxasına keçdi. İki tərəfdən atəşə məruz qalan üsyançılarda şaşqınlıq yarandı. Bundan sonra döyüş daha yarım saat davam etdi.

Rus qoşunlarının qələbəsinə baxmayaraq, V. Zubov Rus dövlətinə itaət edən Dağıstan feodallarından Qaytaq usmisinə və Tarki şamxalına tapşırdı ki, Qazıqumuq xanlığına basqın edib, rusların əleyhinə çıxdıqlarına görə oranı darmadağın etsinlər.

Qubada baş verən hadisədən sonra Rus ordusu komandanlığı öz mövqeyini möhkəmləndirmək üçün bir sıra tədbirlər gördü. İlk növbədə ordunun arxa hissəsi möhkəmləndirildi. Dərbənd qalasında yerləşən Narınqala tamamilə rus qarnizonunun ixtiyarına verildi və qalanın müdafiəsi xeyli möhkəmləndirildi”.

Bu materiallardan göründüyü kimi, burada döyüşün getdiyi dəqiq məkan, yəni Alpan kəndinin hansı hissəsində baş verməsi qeyd olunmayıb, Sadəcə, Alpan kəndinin yanında ifadəsi yer alıb. Tarixçi Şərafəddin Dadaşovun fikrincə, həmin döyüş Qılınc pirinin yaxınlığında baş verib. Yeri gəlmişkən qeyd edək ki, bu döyüşdə kənd sakinlərimiz də iştirak etmişlər. Bir məlumatı da diqqətinizə çatdırmaq istərdim. Bəzi rus mənbələrində Alpan Olpan kimi qeyd olunub.

Hazırladı: Qvami Məhəbbətoğlu (Rəsulov)