Suğra xanım üçün “Hər yerdə gözəllik”dir

0
418

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda bir ay öncə 70 yaşını qeyd etmiş tanınmış aktrisa və rəssam, Əməkdar artist Suğra Bağırzadənin sənət əsərlərindən ibarət “Hər yerdə gözəllik” adlı fərdi sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılımış sərgi ilə tanış olarkən bir daha əmin olursan ki, Suğra xanım əsərlərini tər güllərdən hazırlamaqla yanaşı, sənətin ecazkarlığını qoruyur və daxili zənginliyi ilə onların gözəlliyinə əlavə ovqat bəxş edir. Sərginin ekspozisiyasında yer alan 70-dək sənət əsərinin hər birində bunu duymaq mümkündür. Aktrisa-rəssamın əsərlərindəki mürəkkəb kompozisiyalar da diqqəti cəlb edir. Şübhəsiz ki, güllərdən ibarət belə mürəkkəb kompozisiyaların yaradılmasında ona ixtisasca kimya-mühəndis, həm də aktyor olması ( O, “Yollar və küçələrlə” (Məktəbli), “Ulduz”da (Yetər), “Alma almaya bənzər” (Telefonçu qız), “Şir evdən getdi” (Aeroport işçisi), “Tələ” (Fatma), “Yuxu” (Maşındakı qadın), “Güllələnmə təxirə salınır (Nərgizi), “Sonuncu şahid” (Selcan) və s. filmlərdə bir-birindən maraqlı obrazları tamaşaçılara təqdim edib) da köməklik göstərir.

Yeri gəlmişkən onu da deyək ki, S. Bağırzadəyə gül sevgisini anası Məleykə xanım aşılayıb. Bir sözlə, gülləri sevməyi ondan öyrənib. Amma güllər solanda anasının kədərlənməyi gözlərindən yayınmayıb. Və o vaxtdan da Suğra xanım güllərin ömrünü uzatmaq, anasının sevincinə sevinc qatmaq istəyib. Beləcə, az sonra bu güllər onun düşüncələrini ifadə etmək üçün bir vasitəyə çevrilib. Ona rəssam-florist kimi şöhrət qazandırıb. Xalq rəssamı Ağəli İbrahimovun sözlərinə görə, o, ölkəmizdə yeganə rəssamdır ki, florist janrında əsərlər ərsəyə gətirir.

Rəssama görə, hər gülün öz xüsusiyyəti var. Zaman-zaman o, hər gülün incəliklərinə bələd olub. İndi o, hər gülün, çiçəyin dilini bilir desək, yanılmarıq. Əks halda, o, həmin güllərin mənalı harmoniyasını yarada bilməzdi. Müqəddəs gül hesab olunan qızılgüllə işləmək onun üçün çox maraqlıdır. Elə bu səbəbdən də Suğra xanım deyir ki, bu gül hər zaman onun yaradıcılıq və təmizlik simvolu olub. Onun fikrincə, ağ və qızılı rənglər müqəddəs Məkkənin rəngləridir. Onu da qeyd edək ki, Suğra xanımın əsərlərində ölkəmizin rəmzləri daha qabarıq verilir. Məsələn, onun “Günəşdən doğulmuşlar” əsərini götürək. Bu əsərdə o, günəbaxan güllərinin dili ilə ölkəmizin günəşli bir məkan olmasını ustalıqla canlandırıb.

İndiyədək öz əl işlərii ilə müxtəlif beynəlxalq sərgilərdə iştirak etmiş Suğra xanım bir sıra nailiyyətlərə imza atıb. O, Kinematoqrafçılar İttifaqından, Azərbaycan Rəssamlar İttifaqından, Baltikyanı ölkələr və MDB-nin Kinematoqrafçılar Konfederasiyasından başqa, nüfuzlu beynəlxalq təşkilat olan Ümumdünya Floristika Şurasının üzvüdür. Özü də bu şurada həm Azərbaycanın, həm də türkdilli ölkələrin yeganə nümayəndəsidir. O, türk dünyası mədəniyyətinə verdiyi töhfələrə və Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Fəxri Doktoru” adını alıb. Ötən il isə Beynəlxalq Mükafatlar Komitəsinin “Qızıl Ulduz” və “Türk Dünyasında İlin Mədəniyyət Adamı” mükafatlarına layiq görülüb. Və bir də bu sahədəki uğurları ilə bağlı Beynəlxalq Təltiflər İttifaqının Birləşmiş Millətlərin İctimai Mükafat üzrə Şurası tərəfindən “Fayda, şərəf və şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sərgi bir həftə davam edəcək.

Qvami