164 manatla minimum istehlak səbətini “doldurmaq” olar?

599

Maliyyə naziri Samir Şərifov deyib ki, “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 14% və ya 19 manat artırılaraq 155 manat, əmək qabiliyyətli əhali üçün 12,7% və ya 18,5 manat artırılaraq 164,5 manata olması təklif edilir.
Məlumat üçün bildirək ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bəs görəsən minimum istehlak səbətini “doldura” bilmək üçün, yəni əmək qabiliyyətli bir insanın öz həyatını davam etdirə bilməsi üçün 164,5 manat kifayət edərmi?

“Yeniavaz.com”un apardığı hesablamalar göstərir ki, ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin, o cümlədən də kommunal xidmət tariflərini artdığı bir dövrdə 164,5 manatla istehlak səbətini “doldurmaq” mümkün deyil. Bunu istehlak səbətinin tərkibinə nəzər saldığımız zaman açıq şəkildə görə bilərik.

Bildiyimiz kimi, kimi ölkədə minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 6 iyun 2014-cü il tarixli qərarı ilə müəyyən edilib. Həmin qərara görə, əmək qabiliyyətli bir adam üçün il ərzində 136,8 kiloqram çörək və çörək məhsulu nəzərdə tutulub. Hazırda yarım kiloluq çörəyin isə 40 qəpikdən az olmadığını nəzərə alsaq (çğrək məhsullarının qiyməti daha yüksəkdir) çörək və çörək məhsulu üçün əmək qabiliyyətli bir adama il ərzində ən azı 109,4 manat, ay ərzində isə 9,1 manat pul lazımdır. Çörək və çörək məhsulundan başqa minimum istehlak səbətinin tərkibində əmək qabiliyyətli bir adamın illik istehlakı üçün 54,8 kiloqram kartof (ayda 4,5 kq), 97,2 kiloqram tərəvəz və bostan məhsulları (ayda 8,1 kq), 38 kiloqram meyvə və giləmeyvə (ayda 3,2 kq), 32,9 kiloqram ət və ət məhsulları (ayda 2,7 kq), 223,6 kiloqram süd və süd məhsulları (ayda 18,6 kq), 7,7 kiloqram balıq və balıq məhsulları (ayda 0,64 kq), 150 ədəd yumurta (ayda 12,5 ədəd), 10,9 kiloqram bitki yağı və marqarin (ayda 0,91 kq), 7 kiloqram kərə yağı (ayda 0,58 kq), 16,9 kiloqram şəkər və qənnadı məmulatları (ayda 1,4 kq), həmçinin 4,7 kiloqram (ayda 0,39 kq) çəkidə digər ərzaq məhsulları nəzərdə tutulur. Mövcud qiymətlər ilə hesabladığımız zaman məlum olur ki, əmək qabiliyyətli bir adam ay ərzində kartof üçün ən azı 3,6 manat, tərəvəz və bostan məhsulları üçün 12,1 manat, meyvə və giləmeyvə üçün 4,8 manat, ət və ət məhsulları üçün 29,7 manat, süd və süd məhsulları üçün 37,2 manat, balıq və balıq məhsulları üçün 3,8 manat, yumurta üçün 2,3 manat, bitki yağı və marqarin üçün 4,5 manat, kərə yağı üçün 5,8 manat, şəkər və qənnadı məmulatları üçün 2,8 manat, digər ərzaq məhsulları üçün isə 0,78 manat xərcləməlidir. Ümumilikdə isə əmək qabiliyyətli bir adam ay ərzində ərzaq məhsulları üçün ən azı 116,48 manat pul xərcləməlidir. Göründüyü kimi, yaşayış minimumunda nəzərdə tutulan 164,5 manatın 70,8%-i ərzaq məhsullarına xərclənməlidir. Yerdə qalan 48,1 manat ilə bir nəfər həm qeyri-ərzaq məhsullarına, həm də xidmətlərə olan ehtiyacını qarşılamalı və eyni zamanda da icbari ödənişlərini reallaşdırmalıdır. Bu isə indiki qiymətlərlə real görsənmir. Təkcə bir məqama diqqət yetirək ki, minimum istehlak səbətində nəzərdə tutulub ki, əmək qabiliyyətli bir adam ildə minimum 692 dəfə ictimai nəqliyyatdan istifadə etməlidir ki, bu da ay ərzində 11,5 manat deməkdir. 48,1 manatın 11,5 manatı da avtobuslara xərclədikdən sonra geridə qalan 36,6 manatla geyimə olan tələbatı, kommunal xidmətlərin haqqını, icbari ödənişlərimizi və digər ehtiyacları qarşılamaq lazımdır.

Onu da xatırladaq ki, minimum istehlak səbətinin tərkibində qeyri-ərzaq malları üçün müəyyən edilən normalara görə, əmək qabiliyyətli bir adam ən azı 8 ildə 3 palto tipli üst geyimi, 4 il 2 ayda 9 kostyum tipli paltar, 2 il yarıma 9 alt geyimi, ilyarıma 7 cüt corab, 5 ilə 4 ədəd baş geyimi (papaq və ya baş örtüyü), 3 il yarıma 6 cüt ayaqqabı, 7 ildə 11 yataq dəsti, 1 ildə 3 yazı ləvazimatı və digər mallardan istifadə etməlidir. Xidmətlərə gəlincə, əmək qabiliyyətli bir adam minimum 12 m2 mənzildə yaşamalı, 12 ayda 5 m3 isti və soyuq su işlətməli, ayda 50 kv/s enerjidən, 21 kub qazdan istifadə etməlidir… Üstəlik bütün bunlar üçün cəmi 36,6 manat xərclənməlidir.