“Yüzlərlə yazıçı jurnalistika ilə məşğul olub”

509

Yazıçı Mirmehdi Ağaoğlu yaradıcılığa şeirlə başlasa da, qısa müddətdən sonra nəsrə keçib. Köşə yazıları, hekayələr və roman yazır. Dörd kitab müəllifidir. Yazıçı Mirmehdi Ağaoğlu Yeniavaz.com saytının qonağı olub.

– Özünüzü oxucularımıza təqdim edərdiniz.

– Mirmehdi Ağaoğlu, yazı-pozu ilə məşğul oluram, evliyəm, bir uşağım var.

– Görüşümüz 20 yanvar faciəsinin növbəti ildönümünə təsadüf edir. Bir yazıçı kimi, 20 yanvar hadisəsi və Qarabağ mövzusunda nə isə yazmısınızmı?

– 20 yanvar faciəsi baş verən vaxt heç yeddi yaşım yox idi. Bakıya təzə köçmüşdük. Valideynlərim də o hadisədə camaata qoşulub meydanlarda iştirak edirdilər. Mən eşitdiyimə görə meydanlara yığışanlara yemək, isti paltar aparanlar olurdu. O vaxt yadımdadı, atamgil də meydana gedirdilər. Çünki həmin ərəfələrdə evdə olan söhbətlərdən bunu bilirəm. Ancaq heç vaxt 20 yanvar öncəsi olan mitinqlərə məni aparmamışdılar. 20 yanvar belə xatirimdədir; o gecə evdə oturmuşduq, bilirdik ki, nəsə baş verir, televiziyanı izləyirdik, qonşular tez-tez xəbərləşirdilər. Bir qonşumuz vardı, Qurban əmi. Səsi indiyəcən qulağımdadı. Deyirdi ki, Xızı dağlarında avtomat, silah-sürsat gizlətmişik, lap “Axırıncı aşırım” filmindəki kimi, deyirdi, topumuz-tüfəngimiz, cəbbəxanamız var, axşam hücum edəcəyik… Deyəsən, məndən başqa məhlədə hamı onun “gop” elədiyini bilirdi. Çünki sonrakı hadisələr bunun əksini göstərdi. Gecəyarı televiziyada görüntü kəsildi, yalnız səslər gəlməyə başladı, ratsiya səslərinə oxşayırdı. Biz səhərə qədər o səsləri dinlədik. Bax, 20 yanvar deyəndə həmən o səsi çıxan, özü göstərməyən televizor gəlir durur gözlərimin qabağında. Mənə elə gəlir tariximizdəki bir çox hadisələrin bizə məhz səsini göstəriblər, görüntünü isə həmişə gizlədiblər. Bu mövzuda heç vaxt yazmamışam, ola bilsin gələcəkdə bu mövzuya toxunum. Qarabağ mövzusuna gəldikdə isə, biz müharibənin olduğu qaynar zonada yaşamırdıq, müharibəni yalnız Bakıdan hiss edirdik. Bir-iki hekayəm var ki, orada qaçqın problemi haqqında yazmışam. “Mərəz” hekayəm Aran rayonuna yerləşmiş qaçqın ailənin dramından bəhs edir. “Gülüstan müqaviləsinin bağlandığı gecə” adlı hekayəmdə isə müharibə zonasında xidmət edən kəşfiyyatçılardan bəhs olunur.

– Şeir oxuyursunuzmu, yazıçılar daha çox nəsr əsəri oxuyurlar, bəs siz?

– Ruzbeh, bildiyin kimi Kulisdə redaktoram. Bizə şeirlər də göndərirlər. Hər gün heç olmasa bir-iki şeir oxumalı olursan. Ümumiyyətlə şeir oxumaq mənim ovqatımla bağlıdır. Ovqatıma düşməyindən asılı olaraq klassik ədəbiyyatdan bu günə qədər könlümə yatan şairlərin şeirlərini tapıb oxuyuram. Buna görə də şeir mütaliəm dağınıqdır, ancaq nəsr əsərlərini sistematik oxuyuram.

– Yazarların çoxu saytlara, qəzetlərə köşələr yazırlar. Yəni bir yazıçı dolanmaq üçün bu yolu seçir. Köşə yazan, maddi rifahını bu yolla təmin edən yazıçı nə dərəcədə ciddi əsər yaza bilər?

– SSRİ unikal bir sistem yaratmışdı. Bizdə hələ o dövrün nostalgiyası qalıb. Əsərini yazırdın, qəbul ediləndən sonra 100 minlərlə tirajla çap edib ölkənin hər yerinə yayırdılar. Sən də qonorarını alıb şah balası kimi yaşayırdın. Xarici ölkələrə səfərlər, ezamiyyətlər təşkil edilirdi. Qəbul etmək lazımdır ki, Sovet dövründə yazıçıların əksəriyyətinin təminatı yaxşı idi. Yeri gələndə yazıçıya ev, dövlət mükafatları verilirdi. Bəs Sovet hökuməti bunu niyə edirdi? SSRİ-yə daxil olan hər bir ölkədə yazıçılar ittifaqları yaradılmışdı. Özü də bu birliklər təkcə yazıçılar üçün deyildi, musiqiçilərin, rəssamların da ittifaqları var idi. Sənət adamları güvənilməz adamlardır. Onlar hər an, hər şey edə bilərlər. Ona görə də sənət adamlarını nəzarətdə saxlamaq üçün bu formada ittifaqlar yaradırdılar. Bu ittifaqlar vasitəsi ilə yazıçılara, sənət adamlarına nəzarət edirdilər, yeri gələndə də onlardan təbliğat-təşviqat vasitəsi kimi yararlanırdılar. Bu mexanizmdən kənarda duran sənət adamı da məhv olurdu. Məsələn, Axmatovanın çap olunmasına qadağa qoyurdular və Axmatova heç yerdə çap oluna bilmirdi. Birdən hansısa qurultayda Stalinin kefinə düşürdü, deyirdi Axmatovanı niyə çap eləmirsiniz? Ondan sonra Axmatovanı təzədən çap edirdilər. Pasternak və digər şairlərlə bağlı belə yanaşmalar olurdu. Bu baxımdan bizdə, yəni SSRİ-də yazıçılar üçün yaradılan şərait əksər ölkələrində olmayıb. Bəs kapitalist ölkələrdə yazıçılar necə çıxırlar ortaya? Orda gərgin rəqabət prosesi var. Nəşriyyat yalnız ona uğur gətirəcək əsəri çap edir, o müəllifi tanıdır. Bir misal deyim. Bir neçə gün əvvəl Kulisdə bir müsahibə verdik. Gənc qadındı, gündəlik tutur, sonra gündəliyin səhifələrini “İnstaqram” səhifəsində paylaşır. İzləyicilərin diqqətini çəkib, əlbəttə, maraqla yazmasaydı, diqqət çəkməzdi. İndi Türkiyənin nəşriyyatlarından biri o xanımla müqavilə bağlayıb, kitabını çap edəcək. Baxın, bazar iqtisadiyyatında mexanizm bu cür işləyir. Və bu mexanizmə düşənə qədər, uğur qazanana qədər yazarlar dünyanın hər yerində jurnalistika, redaktorluq, ssenaristlik kimi yazıçılığa qohum sahələrlə dolanmağa məcburdurlar. Tanınana qədər əksər yazıçılar jurnalistika ilə məşğul olublar. Markes “Yüz ilin tənhalığı”nı yazana qədər jurnalist kimi işləyib, reportajlar hazırlayıb. Corc Oruell BBC-nin əməkdaşı olub. Təkcə Markes, Oruell yox, yüzlərlə yazıçı jurnalistika ilə məşğul olub. Buna görə də jurnalistika ilə məşğul olmağı, köşə yazmağı faciə kimi görmürəm, faciə odur ki, yazıçılar kitab yazır, əksər hallarda öz hesabına çap edir, amma bu kitabları alan yoxdu. Bakıdan azca aralan, bir dənə kitab mağazası tapmayacaqsan. Üst-üstə gəlsən ölkədə mütəmadi kitab oxuyan 500 adam yoxdu. Bax, məsələnin kökü burdadır. Bu kimi problemlər həll olunsa, ölkədə kitab bazarı oturuşsa, yazıçıların da təminat problemləri nisbətən həll olacaq.

– Ədəbiyyata görə hədəf varmı?

– Ədəbiyyat insanın-yazmaq, demək istədiklərini, içində olanı üzə çıxarmaq formasıdır. Bəziləri rəssamlıqla, bəziləri musiqi ilə, bəziləri də yazmaqla özlərini ifadə edirlər. Ədəbiyyat-yazmaq ehtirasıdır. Ədəbiyyatda hədəf yoxdur. Yəni gəlin bu il hərəmiz bir kitab yazaq və finişə çataq deyə bir şey yoxdur.

– Sizə görə ədəbiyyat insanı tənhalıqdan qurtarır?

– Yazıçılıq tənhalıq sevən peşədir, kollektiv peşə deyil. Sakit bir yerin olmalıdır ki, çəkilib özünlə tək qalasan, yazıb-yaradasan. Oxumağa gəldikdə isə sən “Hərb və Sülh” oxuyursansa, onun içində olan qəhrəmanlarla ünsiyyətə girirsən. Orda necə tək ola bilərsən ki, 500-dən çox obrazı ver. Rəhmətlik Zəlimxan Yaqub deyirdi ki, “Səfillər”i o qədər sevirdim, bütün küçələrin adlarını əzbər bilirdim. Sonra ilk dəfə Parisə gedəndə nümayəndə heyətindən ayrılıb Jan-Valjanın keçdiyi o küçələrdə gəzdim. Elə bilirdim o küçələrdə dəfələrlə gəzmişəm. Yəni əsəri o dərəcədə hiss etmək lazımdır. Ola bilsin oturduğun məkanda təksən, ancaq əsərin apardığı dünyada tənha olmursan. Ədəbiyyat insanı tənhalıqdan qurtarır. Ədəbiyyat insana alternativ dünya bəxş edir.

– Elə mövzu var ki, qorxursunuz yazmağa?

– Əlbəttə, var. Hələlik o mövzulara toxunmaq istəmirəm. Bunun da bəzi səbəbi var. Bir tərəfdən çoxlu enerji, vaxt sərf etmək lazımdır, buna da indiki halda gücüm yetməz. Digər tərəfdən isə mənim üçün həssas mövzulardır ki, onları yazmağa mənəvi cəhətdən hazır deyiləm. Qismət olsa 5-10 ilə o mövzulara toxunacam.

Ruzbeh Məmməd