“Ağlımıza gəlməzdi ki, nə vaxtsa Şuduğa asfalt yol çəkiləcək”

628

Quba rayonunun Şuduq İnzibati Ərazi Dairəsinin iki kəndi – Şuduq və Növdün kəndlərini əhatə edir. İcra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında qeydiyyatda min nəfərə yaxın insan olsa da, hazırda iki kənddə 635 nəfər yaşayır. İnsanların öz dədə-baba yurdlarından köçmələrinə başlıca səbəb yolsuzluq olub. Kamal və Cağacuq çaylarına sel gələndə Şuduğa, Növdünə gedib-gəlmək əsl problemə çevrilib. Ərazi əsasən dağlıqdır, əkin-biçin üçün düzən sahələr yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Rustov-Şuduq-Növdün istiqamətində asfalt yolun çəklişinə artıq 2 ildir ki, başlanılıb. Dağ yamacları yarılaraq yol yatağının eni 12 metrə çatdırılıb. Kamal və Cağacuq çayları üzərində böyük körpülər inşa olunub. Şuduq kəndinin mərkəzindən üzü Rustov istiqamətinə 4 kilometr yola asfalt döşənib. 1 saylı yol istismar idarəsinin iş icraçısı Əliqulu Orucovun verdiyi məlumata görə, yaxın müddətdə burada işlər başa çatdırılacaq.

Şuduq İnzibati Ərazi Dairəsi İcra nümayəndəsi Nail Məmmədquliyevin sözlərinə görə, asfalt yolun çəkilişi kəndlərə sanki yenidən can verib. İnsanlar doğma el-obaya daha da isinişiblər. Bu gün ərazidə 15-dən çox yeni ev tikilməsi məhz gələcəyə olan böyük inamdan irəli gəlir.

Ağsaqqallardan Gülbaba Məmmədov, Müzafəddin Ağakişiyev, İskəndər Haşımov dedilər ki, ölkə prezidenti cənab İlham Əliyevə həyatımız boyu minnətdar olacağıq. Heç vaxt ağlımıza gəlməzdi ki, nə vaxtsa Şuduğa asfalt yol çəkiləcək. Kəndimizin diş göynədən bulaqları, əsrarəngiz təbiəti bura gələnləri heyran edir. Eşitmişik ki, təbii qaz xətti də çəkiləcək. Ərazinin elektrik təsərrüfatı yenidən qurulub. Belə şəraiti olan yerdən bundan sonra kim şəhərə köçər?

Qvami Məhəbbətoğlu