Göyçayda “AzNar”ın rəhbəri xeyriyyə tədbiri təşkil edib

572

Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədovun təşəbbüsü və maddi dəstəyi ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində S. Vurğun adına Göyçay şəhər internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələrin övladları və əlil uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub.


“Uşaqlar bizim gələcəyimizdir” adlı mərasimdə “AzNar” QSC-nin icraçı direktoru Fərəc Əhmədov çıxış edərək internat məktəbində təlim-tərbiyə və təhsil alan 200 nəfər şagird üçün qış geyimləri, yataq dəstləri, məktəbin yataqxanası üçün 12 ədəd elektrik qızdırıcısı, ərzaq məhsulları, eləcə də meyvə şirələri hədiyyə edildiyini bildirib. Fərəc Əhmədov fiziki imkanları məhdud olan və valideyn himayəsindən məhrum olmuş uşaqlara rəhbərlik etdiyi şirkət tərəfindən həmişə yüksək diqqət və qayğı göstərildiyini söyləyib, gələcəkdə də rayonda bu cür xeyriyyə tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.
İnternat məktəbinin müəllimləri qeyd ediblər ki, Rusiyada yaşayan tanınmış göyçaylı iş adamı Fərhad Əhmədov rayonda tez-tez xeyriyyə tədbirləri həyata keçirir, insanlara maddi köməklik göstərir. Onun təşəbbüsü ilə soyuq qış günlərində şagirdləri üçün paltar və ayaqqabıların, elektrik qızdırıcılarının və qalın yataq dəstlərinin hədiyyə edilməsi məktəb kollektivinin böyük sevincinə səbəb olub.
Sonra uşaqlar üçün bayram süfrəsi təşkil edilib.

Esmira Hidayətova