15 sentyabr olmasaydı…

620
Dünən 15 sentyabr idi. Yəqin çoxumuz bu tarixi daha çox Bilik Günü kimi qeyd eləyir. Nə deyirik, mübarək olsun, xeyirli-uğurlu olsun, amma unutmayaq ki, 15 sentyabr təkcə Bilik Günü deyil, təqvimimizdəki ən böyük ZƏFƏR günümüzdür. O gün bir xalq olaraq,bizim bu torpağa möhrümüzü vurduğumuz gündür. O gün bir xalq, bir dövlət olaraq,dünyaya varlığımızı elan etdiyimiz gündür. Qara haşiyələrlə dolu təqvimimizin ən möhtəşəm ZƏFƏR günümüzdür.
Bəziləri yanlış olaraq,bizim yetmiş il rus işğalında qaldığımızı deyirlər. Biz yetmiş il deyil, yüz doxsan il o qara buludun altında dolanmışıq. Tarixin hər mərhələsində, döngəsində bizə yağı kəsilən şimal qonşularımız hər dəfə də erməniləri üstümüzə qısqırdıblar. Anadoludan və İrandan gətirdikləri ermənilərə bizim tarixi torpaqlarımızda dövlət qurublar, onları başımıza bəla ediblər, bizdən “xırda-xırda yonub” onların yerini-yurdunu genişləndiriblər. İstər çarizm, istərsə də sovet dövründə erməni-rus şovinistləri tariximizə o qədər “qara ləkə”lər salıblar ki, saysaq, ondan artıq edər.  Qürur duyacağımız, içimizdən gələn fəxarətlə ZƏFƏR deyə biləcəyimiz tək tarix var ki, o da 15 sentyabrdır. 15 sentyabr bir çox baxımdan bizim üçün dəyərlidir.

Doğrudur, Azərbaycan Xalq Cümhuriyyəti hələ bu tarixdən bir qədər əvvəl, mayın 18-də elan olunmuşdu. Amma hələ o cümhuriyyətin varlığı Qafqaz İslam Ordusunun və yerli döyüşçülərimizin silahlarının ağzında idi. Yəni 15 sentyabr olmasaydı, heç 28 mayın da bir əhəmiyyəti olmayacaqdı, sən o cümhuriyyəti hansı torpaqlarda quracaq, bayrağını hansı səmalarda dalğalandıracaqdın?

Bu zəfərin bir başqa əhəmiyyəti də onda idi ki, onun əldə olunmasında dost əli, qardaş həniri bizimlə birlikdə oldu. Hərdən gedib iki yanaşı şəhidliyi ziyarət edirəm və orada dəmir lövhələr üzərinə həkk olunmuş şəhid adlarını, onların  hansı məmləkətlərdən, vilayətlərdən olduğunu sayıram. Orada Mədinədən, İordaniyadan, Kosovadan və bu gün çox uzaq, öğey bildiyimiz ölkələrdən gəlib bizim üçün şəhid olanların adları var. Təbii ki, ən çox şəhid Anadolu vilayətlərindən, Ərzurumdan, Konyadan, Malatyadan, Ərzincandandır. Qəribə bir gerçəyi də diqqətinizə çatdırmaq istəyirəm: O siyahıda ən çox şəhidi olan vilayət Kırşəhirdir. İllər öncə bu mövzuda qələmə aldığım bir yazıya da elə bu adlı vermişdim: “Kırşehirdən qırx şəhid”.

Bəzi qaynaqlar yazırlar ki, Qafqaz İslam Ordusu Gəncəbasardan başlayıb,Bakıya qədər davam edən o zəfər yürüşündə 1130 əsgərini şəhid verdi. Tam səmimiyyətlə inanıram ki, bu göstərici o məhtəşəm həqiqəti əks etdirmir, yəni çox az, çox kiçik hissəsini göstərir. Yeri gəlmişkən,bir tarixi həqiqəti də xatırladaq ki, o əsgərlərin bir hissəsi də evlənərək burada qalıblar.

Məhz həmin zəfərlə Azərbaycan öz varlığını dünyaya elan elədi, bayrağını göylərə yüksəltdi, himnini səsləndirdi, milli pulunu dövriyyəyə buraxdı, sərhədlərini dünyaya qəbul etdirdi. AXC-nin ilk xəritəsində ərazisi 114 min kvadratkilometrdir, sonrakı illərdə, Lenin və Stalinin, sonra da xələflərinin ölkəmizə qarşı apardıqları düşmənçilik siyasəti nəticəsində bu göstərici 60 minə qədər düşüb.

Və nəhayət,ən böyük gerçəyi söyləmək istəyirəm: tarixi araşdırmalar göstərir ki, o ordu gəlməsəydi, o ZƏFƏR olmasaydı, Azərbaycan Rusiyanın, sonra da SSRİ-nin tərkibinə müttəfiq respublika kimi deyil, ən yaxşı halda muxtar respublika statusu ilə daxil ediləcəkdi ki, onun da sonrakı aqibətini təsəvvür etmək çətin deyil.

İllərdən bəridir ki, o ZƏFƏR-in rəmzi kimi tanınmış Nuru Paşanın adına abidə ucaldılması məsələsi gündəmə gəlir, amma nəticəsi olmur. Amma mənim üçün o Türk Şəhidliyi, orada yazılmış adlar çox böyük həqiqətləri ifadə edir. Biz bu torpaqlarda mövcudluğumuzu Allahdan aşağı o orduya borcluyuq. O ordu, o şəhidlər bizim vicdanımıza, heysiyyətimizə tarixin əmanətidir. Onlar bizim üçün canlarını veriblər, biz onlara çox şeyimizi borcluyuq. Heç olmasa bu həqiqəti unutmayaq, nəsil-nəsil övladlarımıza ötürək.

Böyük ustad Mehmet Akif Ərsoyun belə bir sözü var:

Tarixi təkərrür deyə tərif ediyorlar,

Heç ibrət alınsaydı, təkərrürmü edərdi?

Allah-Təala o dəhşətləri bir daha bizə göstərməsin və dost-düşməni ayıra bilmək düşüncəsi və itirdiklərimizi geri ala bilmək üçün təpər, cəsarət qismət eləsin!

 

Əli Çərkəzoğlu