Unudulmuş bir kran barədə

0
437

Çox hörmətli Elman müəllim, bəri başdan nəql edim ki, müəyyən səbəblərdən sizin mənə göndərdiyiniz şikayət məktubunuza qəzet səhifələrində, saytlarda dərc edə bilmədim. Buna görə sizdən üzr istəməklə yanaşı, nəzərinizə çatdırıram ki, bunun da düz yüz bir səbəbi var ki, mən onlardan heç birinə burada yer vermək istəmirəm. Həmin o bir səbəb də mənim qorxaqlığımdır. Bu olan yerdə də digər səbəbləri açıb-ağartmağa, məncə, ehtiyac yoxdur.

Əvvəla, şikayətinizin qısa məzmununu oxucuların diqqətinə catdırım ki, məsələ onlara da bir qədər aydın olsun. Yazırsan ki, bəs vaxtilə, təxminən 20-25 il bundan əvvəl Bərdə şəhərində beşmərtəbəli binaların tikintisində istifadə olunmuş qaldırıcı inşaat kranı unudulub və həmin ərazidə qalmaqdadır. O vaxtdan hay-hayı gedib vay-vayı qalmış bu kran indi təhlükəli kabusa çevrilib. Xüsusilə külək əsəndə elə yırğalanır ki, deyirsən, elə indicə aşacaq. İndi gəl belə günlərdə onun yanından keç görüm, necə keçəsən… (Üstəlik, dərd bu ki həmin kran internat məktəbin ərazisindədir). Amma di gəl, sanki bizim tərəflərdə bu kimi məsələlərə cavabdeh olan şəxslər onu görmürlər, yaxud özlərini görməzliyə vurular.

Yenə çox hörmətli Elman müəllim, mən şəxsən əminəm ki, doğrudan da, sizin tərəflərdə bu kimi məsələlərə cavabdeh olan məmurlar onu görmürlər və görə də bilməzlər. Bilirsinizmi niyə? Çünki son illər həmin məmurlar camaatın rifahı naminə o qədər əməli-saleh işlər görüblər ki… Elə bunun nəticəsidir ki, onlar həmişə başlarını aşağı əyib gəzirlər. Yenə deyirəm, elə zənn etmə ki, onlar utandıqlarından belə gəzirlər. Əsla yox… Səbəbini dedim axı… Məncə, onlar nə vaxtsa heç olmasa, bir dəfə başlarını qaldıracaqlar və məhz o zaman həmin kranı görəcəklər və dediyiniz problemi birdəfəlik həll edəcəklər. Daha bilmirəm, onlar başlarını həmin kran aşanadək qaldıracaqlar, yoxsa aşıb kimləri isə o dünyalıq edəndən sonra? Sözün düzü, bu nüansı dəqiqləşdirmək mənim imkanım daxilimdə deyil. Bu məsələni sizə də həvalə edib yormaq istəmirəm. Amma bu kranla bağlı bir məsələdən də söz açmasam, bağrım çatlayar. Yoxsa bu kimi məsələlərə cavabdeh olan məmurlar elə bilərlər ki, mənim onlarla qəsd-qərəzliyim var.

Elman müəllim, mənə elə gəlir ki, sizin tərəflərin məmurları çox insaflıdırlar. Hətta elə bu səbəbdən onlar cansıza belə, yəni krana də əl qaldırmaq istəmirlər. Yoxsa onlar həmin kranı çoxdan sökərdilər. Məncə, bu, təqdirəlayiqir. Görünür, məmurlarınız baxımsız qalan metal konstruksiyanın ətraf mühitin təsiri altında öz dayanıqlığını getdikcə itirməsinə təbii baxırlar. Odur ki, həmin kranın təbii şəkildə yox olmasını gözləyirlər. Şəxsən mən buna görə onlara öz dərin təşəkkürümü bildirirəm.

Elman müəllim, söhbətimin əvvəlində sizin mənə göndərdiyiniz şikayət məktubunuza vaxtında cavab yaza bilmədiyimi, üstəlik, bunun da düz yüz bir səbəbinin olduğunu və onlardan birinə burada yer verəcəyimi demişdim. Sözün düzü, bu mənim sizin tərəflərin məmurlarından ehtiyatlandığımdan qaynaqlanırdı. Amma iş elə gətirdi ki, söz təbiiliyə gəlib çıxdı. Və güman edirəm ki, onlar da mənim bu yazımı təbii qarşılayacaqlar.

Qvami Məhəbbətoğlu