13 saylı məktəbin şagirdləri qələbə qazandılar

0
543

Qəbələ şəhərində “Gənc xilasedici” V Beynəlxalq yarışına, “Gənc xilasedici və yanğınsöndürən” VI Ümumrespublika birinciliyinin final mərhələsi başa çatıb.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman  nazirliklərinin dəstəyi ilə keçirilən yarışda Mingəçevir şəhid Noel Ahəngəri adına 13 saylı tam orta məktəbin şagirdləri yarışın final mərhələsində 2-ci yeri tutuaraq nazirliyin fəxri fərmanı və kuboku ilə təltif olunublar.

Yarışların açılış mərasimində çıxış edən FHN-in Mülkü müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov və FHN-in İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva yarışın əhəmiyyətini vurğulayaraq belə müsabiqələrin keçirilməsinin vacibliyindən danışınlar. Qeyd olunub ki, bu cür yarışlar yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələrin əldə edilməsinə yardımcı olur.

 

Məktəbin direktoru Tünzalə Əfəndiyeva məlumat verərək bildirib ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika birinciliyinin təşkil olunmasında məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə, 3 mərhələdə – rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunub. Zona yarışlarında qalib gəlmiş komandalar builki Ümumrespublika birinciliyində 10 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparıb: “Məktəbimiz yarışda yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb. Onu da qeyd edim ki, indiyə qədər Mingəçevir məktəbləri belə bir qələbəni əldə etməyiblər. Şagirdlərlə yanaşı bu sevinci məktəbimizin müəllimləri də yaşayıblar. Bu yarışlarda müəllimlərdən Kərimov Xanlar, Kərimova Yeganə və idman müəllimlərinin böyük əməyi olub. Yeni hədəfimiz birincilikdir. Ümumiyyətlə, məktəbimizin istər idam yarışlarında, istərsə də təhsil sahəsində uğurları yetrərincədir. Bir arzumuzu da fürsətdən istifadə edib dilə gətirmək istəyirəm. Məktəbimiz çox bərbad vəziyyətdədir. İstərdik ki, bizim də məktəbimiz müasir standartlara cavab verən, müasir üslubda təmir olunub şagird və müəllimlərin ixtiyarına verilsin”.

 

Qeyd edək ki, “Gənc xilasedici” V Beynəlxalq yarışında Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Gürcüstan, Rumıniya, Bolqarıstan və Belarus respublikalarının hər birindən bir komanda, Qazaxıstan Respublikasından isə 2 komanda iştirak edib. Birinci yeri Bakı şəhərinin məktəbliləri, ikinci yerə Mingəçevir 13 saylı məktəb və 3-cü yerə isə Sumqayıt məktəbliləri çıxıb.

Esmira Hidayətova, Mingəçevir