Dispanser qeydiyyatında 2729 xəstə var

444

Qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyi və xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqəti altındadır. “2016-2020-cı illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda müalicə tədbirləri ilə yanaşı əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsi həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənmişdir.

H.Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” Proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkən insanlar daim yüksək səviyyədə müayinə və müalicələr alırlar. Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatına görə, hazırda Mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir.

2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olmuşdur. Onlardan 1630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir.

Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.
Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə almışdır və bütün lazımi dərman preparatları ilə təmin olunmuşdur.

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunmuşdur.

2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilmişdir.
Sevindirici haldır ki, cari ilin aprel ayında EBMT-nin Valensiya şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilmişdir.

Eyni zamanda cari ilin 6 ayı ərzində Mərkəzin ümumi laboratoriyasında 10200 nəfər proqram çərçivəsində müayinələrdən keçmişdir. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılmışdır.

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynamışdır. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

İndiyədək 152659 nəfər müayinədən keçmişdir. 7503 nəfərdə daşıyıcılıq aşkarlanmışdır. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınmışdır ki, həmin şəxslərədə müvafiq məsləhətlər verilmişdir.

Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.