12 nömrəli tam orta məktəb: Prezidentin sərəncamı ilə əsaslı təmir olunan təhsil ocağı

246

 

Mingəçevir şəhərində V.Ağakişiyev adına  12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılmışdı. Bu günlərdə məktəbin  əsaslı təmir işləri sona çatıb. Aparılan təmir-bərpa işlərindən sonra təhsil ocağının siması tam dəyişib. Məktəb müasir avadanlıqlar, istilik sistemi ilə təhciz edilib. Qeyd edək ki,12 saylı tam orta məktəb 1970- ci ildə tikilib istifadəyə verilib.

Məktəbddə uzun illər məcburi köçkünlər məskunlaşmışdı. Məktəb çox təmirsiz və şəraitsiz olduğundan həm şagird  sayı azalmışdı, həm də məktəb çox bərbad gündə idi. Valideyinlər dəfələrlə bununla bağlı aidiyyəti orqanlara üz tuturdular. Onlar da istəyirdilər ki, övladları təmirli və tam şəraitli məktəbdə təhsil alsınlar.

Budur, artıq  12 saylı məktəb müasir formada əsaslı təmir olunaraq şagirdlərin yolunu gözləyir. Bu günlərdə məktəbin direktoru Sevda xanım İsmayılova ilə görüşdük. Sevda müəllimə əvvəlcə onu bildirdi ki, ötən ilin sentyabr ayından məktəb təmirə dayanıb: “Hazırda 650 şagird yerlik olan məktəb yeganə məktəbdir ki, Prezidentin sərəncamı ilə əsaslı təmir olunur.  Mingəçevirdə dövlət büdcəsi hesabına 12 nömrəli məktəb və İnteqrasiya təlimli internat tipli gimnaziyanın da əsaslı təmiri həyata keçirilməkdədir”. Direktor vurğuladı ki, demək olar ki, təmir başa çatıb, sadəcə invertarların  bəzilərinin gətirilməsi gözlənilir: “Məktəb sentyabrın 15-də təhvil veriləcək”. O, həmçinin qeyd etdi ki,  artıq məktəbə şagird qəbulunun axını başlayıb. Məktəbin  geniş idman zalı, mətbəxi, kitabxana, fənn kabinələri, futbol meydançası, geniş sinif otaqları, akt zalı  göz oxşayır.

Direktor uğurlardan da söz açdı. Bildirdi ki, təhsil sahəsi hər zaman dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olmuş və artıq bu diqqət və qayğının bəhrəsini hər birimiz görməkdəyik: “Mingəçevir şəhəri ənənəvi olaraq təhsildə əldə olunan nailiyyətlərlə daim respublika səviyyəsində ön sıralarda dayanmış və bu ənənə bu gün də davam etməkdədir.  Pandemiya şəraiti ilə bağlı məktəblərin müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərməsinə baxmayaraq, məktəbimiz  əvvəlki illə müqayisədə göstəricilər yüksəlmişdir. Şagirdlərimiz bir çox layihələrdə iştirak edib. Bu il  32 şagirdimiz məzun oldu, onlardan 27 nəfəri qəbula ərizə verdi və 6 nəfərin nəticəsi az oldu. Qalanları 200-dən yuxarı bal toplayıb. İki nəfər şagird 600-dən yuxarı bal toplayıb”.

Qeyd edək ki, 12 saylı məktəb vətənpərvərliyi ilə seçilən bir məktəbdir.  44 günlük Vətən müharibəsində məktəbin iki məzunu Rüstəmzadə Emin və Əsədov Əli şəhidlik məqamına ucalıblar. Məktəbin hərbi hazırlıq və fiziki tərbiyə müəllimi  44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşlərə qatılıb. İkinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edən  Namiq İbrahimli  Prezident İlham Əliyevin Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir