“12 illik təhsilə keçid daha ciddi müzakirələr tələb edir”

562

Ötən gün Bakıda Təhsil Nazirliyi və Asiya İnkişaf Bankının (AİB) birgə təşkilatçılığı ilə 12 illik təhsil sistemini dəstəkləyən İnnovasiya Strategiyası mövzusunda regional forum işə başlayıb. Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr aparılır. 2 gün davam edəcək konfransda biliklərə əsaslanan bazar iqtisadiyyatı üçün daha yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, hazırda yenidən qurulan ölkənin təhsil sistemi təhlil olunub.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası qəbul edilib. Onun sözlərinə görə, bu ilin yanvarında Dövlət Strategiyasının Fəaliyyət Planı hazırlanıb: “Fəaliyyət planı təhsil sahəsi üzrə yol xəritəsi də hesab olunur. Bu sənəd təhsilin bütün pillələri üzrə növbəti illərdə hansı işlərin görülməsini bizlərə göstərir. 12 illik təhsil sisteminə keçid məsələsi də Dövlət Strategiyasının ən vacib sütunlardan biridir. 12 illik təhsil sisteminə keçidə sadəcə, mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Azərbaycanda 12 illik təhsilə keçid daha vacib, mühüm bir məsələdir və ciddi müzakirələrin olunmasını tələb edir”.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkəsinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində mühüm əlaqələrin olduğunu bildirib. Səfir qeyd edib ki, hər bir ölkənin inkişafında təhsil mühüm rol oynayır. O qeyd edib ki, bütün ölkələrdə cəmiyyət üzvləri arasında bərabər təhsil imkanlarının yaradılması vacibdir.

Mərkəzi və Qərbi Asiya Departamentinin Dövlət İdarəçiliyi, Maliyyə və Ticarət sektorunun direktoru Betty Uilkinson 12 illik təhsil sistemi ilə bağlı müsbət fikirlərini bildirib. Onun sözlərinə görə, yeni təhsil sisteminin qurulmasında əsas məqsəd təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, təhsili hər kəs üçün əlçatan etməkdir. B.Uilkinson əlavə edib ki, 12 illik təhsil islahatları Azərbaycanda və Orta Asiyada dəstəklənməlidir.

Tədbirin davamında ekspertlər Azərbaycanda bilik cəmiyyətinin qurulmasının əsas elementi olan 12 illik təhsil sistemi ilə bağlı təcrübə mübadiləsi aparıblar.

“12 illik təhsilə keçidlə bağlı digər dövlətlərin uğurlu və uğursuz

təcrübələri öyrənilir”

“Azərbaycanda 12 illik təhsilə o zaman başlanacaq ki, bizim seçdiyimiz yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olacağıq. Təbii olaraq belə bir proses və keçid həm təhsil sisteminin fəaliyyət formasının, formatının dəyişdirilməsi, həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resursların cəlb edilməsi ilə müşahidə olunmalıdır”. Bunu isə təhsil naziri jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulub. Onun sözlərinə görə, ümumilikdə bu, hazırda dünyada universal bir minimum müddət kimi müəyyənləşdirilib: “Ötən həftə keçirilən Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bir daha öz əksini və təsdiqini tapıb. Lakin burada bir neçə mühüm məqam nəzərə alınmalıdır. Birincisi, 12 illik təhsilə özlüyündə məqsəd kimi baxılmır və baxılmamalıdır. 12 illik təhsil keçid bir vasitədir. Azərbaycanın təhsil sisteminin əmək bazarı üçün dövlətin sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə rəqabət davamlığının artırılması üçün bizim şagirdləri, gənc nəsli və vətəndaşları daha rəqabətli və daha yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırmaq və onların gələcək həyatı üçün daha yaxşı alətlər, bilik və bacarıqlar vermək lazımdır. Həmçinin, ümumilikdə sosial-iqtisadi inkişafı məqsədlərinə xidmət edən vətəndaşları formalaşdırmaqdır. Bu məqsədlərə nail olmaq üçün ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, onu müasir dünya standartları səviyyəsinə çatdırılması və həm təhsilin məzmunu, həm təhsilin metodikası, ümumi təhsil sisteminin təşkili nöqteyi-nəzərdən addımların həyata keçirilməsidir. 12 illik təhsilə keçidə məhz bu prizmadan baxılmalıdır. Sadəcə olaraq, məktəbdə oxunulan illərin sayına mexaniki bir keçid kimi baxmaq və bunu təqdim etmək kifayət qədər sadələşdirilmiş bir yanaşma ola bilərdi. Məhz bu məqsədlər-keçiddən gözlədiyimiz nəticələrə nail olmaq məqsədilə hazırda Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlıq işi, ekspertlərlə məsləhətləşmə, digər dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri öyrənilir”.

Nazir Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, Asiya İnkişaf Bankının nazirliklə bu istiqamətdə əməkdaşlığı formatı və çərçivəsi gələcək müzakirələr nəticəsində dəqiqləşəcək: “Bu yalnız Təhsil Nazirliyi tərəfindən verilən qərar deyil. Bu daha geniş – hökumət, Nazirlər Kabineti və digər aidiyyatı qurumlarla məsləhətləşmələr tələb edir. Amma ümumilikdə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq iki formada həyata keçirilir. Bu ya məsləhət xidmətidir , ya da xüsusi layihələrdir. Bu gün Azərbaycanda 12 illik təhsil sisteminə keçidlə bağlı əlavə vəsaitin tələb olunması məsələsi barədə danışmaq çox erkəndir”.