12-ci cəhd

0
374

 

İki gündən sonra DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında oyunlara start veriləcək. apasport-un məlumatına görə, C qrupunda çıxış edən Azərbaycan millisi ilk oyun günündə meydana çıxacaq. Robert Prosineçkinin yetirmələri San-Marino ilə qarşılaşacaq. Komandamız bu görüşü səfərdə keçirəcək. Bu, yığmamızın tarixində 12-ci seçmə tsiklin startıdı. AÇ-1996-da beynəlxalq arenaya çıxan komandamız bunadək 5 dünya və 6 qitə çempionatının seçmə mərhələsində mübarizə aparıb. 6-cı dəfə mundiala vəsiqə üçün mübarizə aparacaq komandamız ümumilikdə 12-ci cəhdinin ilk addımını cırtdan ölkədə atacaq.

Millimiz ilk dəfə seçmə mərhələyə Prosineçki ilə başlayacaq. AÇ-2016-nın seçmə oyunlarının gedişində bu posta gələn xorvatiyalı yarıyolda vəzifəyə gəlmişdisə, bu dəfə startdan komandaya rəhbərlik edəcək.

Bu, əcnəbi məşqçilərlə başladığımız 6-cı mərhələdi. DÇ-2006-də gerçəkləşən ilk belə hal braziliyalı Karlos Alberto Torresin hesabındadı. Son 4 tsikldə – DÇ-2010, AÇ-2012, DÇ-2014 və AÇ-2016-da isə yola almaniyalı Berti Foqtsla çıxmışdıq.

Yığmanın start oyunlarına nəzər salsaq, komandamız 11 qarşılaşmadan heç birində qələbə qazanmayıb. 9 dəfə startda uduzan millimiz DÇ-2006-da Uels, DÇ-2014-də İsraillə bərabərə qalıb. Hər iki matç 1:1 hesabı ilə nəticələnib.

Bu görüşlər Tofiq Bəhramov adına stadionda keçirilibsə, DÇ-2018-ə səfərdə start verəcəyik. Ümumiyyətlə, yığmamız 5 dəfə evdə, 6 dəfə rəqib meydanında tsiklə başlayıb. 7-ci dəfə səfərdə baş tutacaq startadək yığmamıza rəqib meydanında xalla başlamaq nəsib olmayıb. Həmin 6 startda cəmi 1 top vuran komandamız 19-nu buraxıb.

Səfərdə keçirilən ilk matçdakı məğlubiyyətlərə son qoymaq, qələbəsizlik sindromundan qurtulmaq üçün cəhd növbəsi Prosineçkinin yetirmələrindədi. Startda uduzmadığımız hər iki oyun legioner çalışdırıcıların hesabındadı. Torres 2004, Foqts 2012-ci ildə bərabərlik sevinci yaşayıb. Sələfləri kimi uğurlu start arzusunda olan xorvatiyalı və yetirmələri ilk qələbəni də qazanmaq iqtidarındadı. Buna rəqibin zəif olması da imkan verir. San-Marino üçün aşkar autsayderi olduğu qrupda xalı da bayram hesab edilir. Rəqibə bu sevinci yaşatmamaq üçün isə komandamız tsikllərin startında siftə edib, ilk dəfə yola qələbə ilə başlamalıdı.

AÇ-1996

7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya – Azərbaycan – 3:0
DÇ-1998

2 iyun 1996. Oslo. DÇ. Norveç – Azərbaycan – 5:0
AÇ-2000

5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan – 3:0

DÇ-2002

2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan – İsveç – 0:1

AÇ-2004

7 sentyabr 2002. Bakı. AÇ. Azərbaycan – İtaliya – 0:2

DÇ-2006

4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels – 1:1

AÇ-2008

2 sentyabr 2006. Belqrad. AÇ. Serbiya – Azərbaycan – 1:0

DÇ-2010

6 sentyabr 2008. Kardif. DÇ. Uels – Azərbaycan – 1:0

AÇ-2012

7 sentyabr 2010. Köln. AÇ. Almaniya – Azərbaycan – 6:1

DÇ-2014

7 sentyabr 2012. Bakı. DÇ. Azərbaycan – İsrail – 1:1

AÇ-2016

9 sentyabr 2014. Bakı. AÇ. Azərbaycan – Bolqarıstan – 1:2