11 saylı məktəbdə maarifləndirici tədbir keçirilib

180

 

Mingəçevir 11 saylı  orta məktəbdə  narkomaniya və onun fəsadları və yol hərəkətinin təhlükəsizliyi, digər zərərli vərdişlərə qarşı  maarifləndirici tədbir keçirilib.

 Əvvəlcə məktəbin direktoru Sevil Əlişova məktəb haqqında qısa məlumat verib. Daha sonra  ŞPŞ rəisi, polis polkovniki Ədalət Əliyev  qeyd edib ki, tərəfimizdən narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici  tədbirlərimiz davam etdirilir: ”Bu tip tədbirlərin keçirilməsində  məqsədimiz  yeniyetmələri, gəncləri əsrin bəlasına çevrilən bu bəladan qorumaq və narkomaniyanın şagirdlər arasında yayılmasının qarşısının alınması məqsədilə orta məktəblərdə maarifləndirmə işini gücləndirməkdir. Mən çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, bəzi gözəllik salonlarında qadınlara arıqlama dərmanı adı altında “patı” satılır: “Gözəllik salonlarında bu hal müşahidə edilib. Aşkarlanan faktlarla bağlı tədbir görülüb və qarşısı alınıb. Həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar maddənin çəki azaltmaqda təsiri olduğunu desələr də, onun narkotik vasitə olmasını söyləmirlər və asıllıq yaratmağa çalışırlar. Əməkdaşlarımız tərəfindən onların bəziləri zərərsizləşdirilib, cinayət məsuliyyətinə cəlb olunublar. Narkomaniyanın qurbanlarına çevrilən gənclər bu yola məlumatsızlıqdan, iradələrinin zəifliyindən düşürlər. Əgər onlar gələcəkdə başlarına gələn müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar. Bir faktı da qeyd edim ki, bu kimi maariflənmə tədbirlərinin nəticəsində bu yaxınlarda külli miqdarda narkotik vasitənin qanunsuz  dövriyyəsinin qarşısının alınmasına nail olmuşuq”.

Yol hərəkəti qaydalarının gənclər arasında təbliğ olunması və antinarkotik təbliğatının gücləndirilməsi və digər zərərli vərdişlərə qarşı şöbənin digər əməkdaşları çıxışlar edərək şagirdləri maarifləndiriblər. Çıxışlarda polis əməkdaşları tərəfindən uşaqlar tərəfindən törədilən hüquq pozuntularının səbəbləri və profilaktikası, internetdən təhlükəsiz istifadə, narkomaniyanın sosial bəla kimi genişlənməsi mövzularını əhatə edən digər çıxışlar da maraqla dinlənilib.

Tədbirdə çıxış edən  şəhər təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev şagirdlərə bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar deyib: “Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Sizlər də bu gənclərin davamçıları olun.  Pis vərdişlərdən uzaq olun, asudə vaxtlarınızı şəhərimizdə yaradılan idman komplekslərindən keçirin və digər maraqlı vərdişlərə yiyələnin”.

Sonda şagirdləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

 

Tədbirin sonunda şagirdlərin  narkomaniya ilə bağlı hazırladıqları kiçik səhnə nümayiş olunub.

Esmira Hidayətova, Mingəçevir