11 şəhərdə imtahan keçirilir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir. İmtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 34 binada keçirilir. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verir. Abituriyentlərdən 17551 nəfəri (I qrup üzrə 12876 nəfər, IV qrup üzrə 4675 nəfər) Azərbaycan bölməsinin, 1222 nəfəri (I qrup üzrə 980 nəfər, IV qrup üzrə 242 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri (I qrup üzrə 8709 nəfər, IV qrup üzrə 3214 nəfər) oğlanlar, 6850 nəfəri (I qrup üzrə 5147 nəfər, IV qrup üzrə 1703 nəfər) isə qızlardır. 16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.
57 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 24-dən avqustun 5-dək aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra avqustun 8-dən 13-dək elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.