105 mlyon avro və yaxud ingilis komandasına tarixin ibrət dərsi

0
429

Dünya mətbuatında 2016-cı ilin yay transferinin ən bahalı oyunçusu Pol Poqba ətrafında böyük bir ajiotaj yarandı. Buna da səbəb “Mançester Yunayted” komandasının Pol Poqbanın “Yuventus”dan transferinə 105 milyon avro xərcləməsi oldu. Beləliklə, Poqba Avropa futbolu tarixində ən bahalı oyunçu oldu. Amma nə qədər qəribə olsa da, Poqbanın transferi ingilis klubu üçün ibrət dərsi hesab edilə bilər. Belə ki, Poqba əslində 2012-cı ilə kimi məhz “Mançester Yunayted”in oyunçusu idi. Amma perspektivi olmayan oyunçu kimi o vaxt komandanın çalışdıran təcrübəli baş məşqçi ser Aleks Ferqyuson gənc futbolçu ilə müqavılə müddətini artırmadı. Nəticədə Pol Poqba azad oyunçu kimi “Yuventus”da oynamağa başladı və tezliklə dünyanın ən gənc istedadlı futbolçusu kimi futbol mütəxəssislərinin diqqətini özünə gəlb etdi…
Fransanın Qvineya əsilli qara ulduzu
Pol Poqbanın həyat yolu da bir vaxtlar Fransanın müstəmləkəsi olan ölkələrdən çıxan məşhur futbolçuların taleyini xatırladır. Pol Poqba 1993-cü ildə Lani-syur-Marnda anadan olub. Onun valideynləri Fransanın müstəmlkəsi olan Qvineyadandırlar. Ailədə futbola olan sevgi balaca Polun həyatında özünəməxsus iz buraxır. 6 yaşında ikən “Ruassi-an-Bri”nin məktəb futbol klubunda oynmağa başlayan Pol 7 il orada top qovur. Sonra Poqba “Torsi” komandasına dəvət edilir. Bir il də burada oynadıqdan sonra Poqbanı Fransanın məşhur futbol klublarından olan”Havr” komandasına dəvət edirlər. “Havr”ın gənclərdən ibarət komandasında vurduğu qollarla Avropanın aparıcı futbol klublarının diqqətini özünə cəlb edən Pol Poqba ən gənc istedadlı futbolçu kimi 2009-cu ildə “Mançester Yunayted”ə transfer edilir. “Mançester Yunayted”in gənclərdən ibarət komandasında vurduğu qollarla Ferqyusonun diqqətini özünə cəlb edir. 2011-ci ildə18 yaşlı gənc istedad “Mançester Yunayted”in əsas heyətinə cəlb edilir. 2011-ci il sentyabrın 20-də ikinci hissədə Rayan Qiqqzi əvəz edərək əsas heyətdə meydana çıxır. Amma Ferqyuson nə üçünsə Poqbanı əsas heyətdə müntəzəm olaraq oynatmaq istəmir.
Pol Poqba: “Ferqyuson məni həmişə tərifləyirdi, ancaq əsas heyətdə oynatmaq istəmirdi və deyirdi ki, hələ gəncsən, əsas heyətdə daimi oynamağına var, tələsmə, gözlə, sonda yaxşı olacaq. Amma o, nadir hallarda məni meydana buraxır və onda da kimi isə əvəz edirdim. Hiss edirdim ki, Ferqyuson mənə əsas heyətdə yer verməyəcək və mənim istedadım bununla da ölüb gedəcək”,- deyə o günlərı xatırlayır.
Poqbanın ürəyinə danan oldu. 2012-ci ildə Ferqyuson Poqba ilə müqavilənin müddətini artırmaq istəmədi. Nəticədə Poqba azad oyunçu statusu aldı. Ferqyuson isə sonralar “Liderlik” haqqında kitabında Pol Poqba haqqında belə yazıb: “Mən Poqba ilə 3 illik müqavilə imzalamışdım. Lakin onun agenti Mino Rayoladan xoşum gəlmirdi və ona inanmırdım. O, Poqbanı özünə inadıra bilmişdi. Nəticədə Poqba “Yuventus”a getdi. Halbuki mən Poqbaya böyük ümidlər bəsləyirdim.”
Lakin Ferqyusonun yalan yazdığı və riyakarlığı dərhal hiss olunur. Çünki məhz Ferqyuson Poqbaya əsas heyətdə oynamaq imkanı vermirdi. Üstəlik Poqba ilə müqavilə müddəti də Ferqyusonun tələbi ilə uzadılmadı. Xaraktercə qatı ingilis millətçısı olan və bu zəmində də fransızları sevməyən Ferqyusonun Poqbaya oynamaq imkanı verməməklə onun simasında Fransa yığmasının ən istedadlı futbolçusunu itirməsinə çalışdığı vurğulanır. Ferqyuson, həqiqətən də, məşhur futbol mütəxəssisi olmaqla bərabər, həm də digərlərinin uğur qazanmasını sevməyən paxıl, xudpəsənd və araqarışdıranın biri idi.
“Yuventus”da parladı
Poqba 2012-ci il iyun ayının 27-də “Yuventus”la 4 illik anlaşma imzaladı və bununlada klubun əsas oyunçularından birinə çevrildi. İlk günlərdən “Yuventus”un əsas heyətində gözəl oyunu ilə diqqəti cəlb edən Poqba qısa müddətdə nəinki İtaliyada, həm də dünyada ən gənc ulduz futbolçu kimi şöhrət qazandı, 2012-2016-cı illərə Poqba “Yuventus”un heyətində 124 oyunda meydana çıxdı və rəqib qapılarından 28 top keçirdi. O bir sözlə gözəl oyunu ilə Ferqyusonun özü haqqında yanıldığını sübuta yetirə bildi. “Mançester Yunayted” dəfələrlə onu geriyə qaytarmaq istədisə də, “Yuventus” buna razı olmadı. Bununla belə ingilis klubunun Poqbanın transferi üçün rekord miqdarda 105 milyon avro təklif edilməsi “Yuventus”u onu satmağa şirnikləndirdi. Beləliklə, bu ilin avqust ayının 7-də Poqba 105 milyon avroya “Yuventus”dan köhnə klubu “Mançester Yunayted”ə transfer edildi. Bir vaxtlar bir qəpik belə xərcləmədən əsas heyətə Poqbanı cəlb edən “Yuventus” onun satışından 105 milyon avro gəlir əldə etdi. “Mançester Yunayted”ə gəlincə, tarix bu komandaya acı ibrət dərsi verdi. Bir vaxtlar bəyənmədikləri və komandadan xaric etdikləri oyunçunu yenidən kluba qaytarmaq üçün ingilis klubu 105 milyon avro xərcləməli oldu. Amma Pol Poqba ingilis klubunda yeni Ronaldo olaraq ümidliəri doğrulada biləcəkmi? Hər halda bunu öncədən söyləmək çətindir. Poqda “Mançester Yunayted”in və dünya futbolunun ulduzu da ola, eyni zamanda ortabab oyunçuya da çevrilə bilər…
Əziz Mustafa