Rusiya bizə niyə silah satır?

431
Ermənistanın hərbi müttəfiqi olan Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın ildən-ilə genişləndirilməsi iki ölkə münasibətlərində diqqəti cəlb edən hadisələrdən birinə çevrilməkdədir. 
Bu da səbəbsiz deyil. Belə ki, Rusiyadan alınan silahlar iki ölkə arasında hərbi-texniki sahədə yaxınlaşmaya yol açaraq Moskvaya Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Bakı ilə Yerevan arasında manevr etməyə imkan verməkdədir. Digər tərəfdən də Rusiya Azərbaycana silah satmaqla bizim simamızda özü üçün əlverişli bazar tapıb. Misal üçün, deyək ki, Azərbaycan son illər Rusiyadan milyardlarla dollarlıq yeni silah sistemləri və hərbi texnika alıb və almaqda davam edir. Bununla bağlı xatırladaq ki, bir müddət əvvəl Rusiya Azərbaycana 100 ədəd “T-90C” tankı göndərib. Bu barədə iki ölkə arasında anlaşma isə 2011-ci ildə imzalanmışdı. Amma Rusiya ölkəmizə daha 100 ədəd “T-90C” satmağa hazır olduğunu bildirib. Bundan əlavə, “Rosvertol” şirkəti 2010-cu ilin sentyabrında iki ölkə arasında imzalanan anlaşmaya əsasən Azərbaycana 12 ədəd “Mi-35M” döyüş helikopteri göndərib. Bu anlaşmaya uyğun olaraq Rusiya Azərbaycana daha 12 ədəd “Mi-35M” döyüş helikopteri göndərəcək. Təbii ki, Rusiyanın Azərbaycana həvəslə silah satması bir çox suallar doğurur: Ermənistanın hərbi strateji müttəfiqi olan Rusiyanın Azərbaycana silah satması qarşı tərəfin bundan gəlir əldə etməsinə xidmət edir, yoxsa bunun arxasında digər məqsədlər dayanır? Bu suala birmənalı cavab vermək çətin olsa da, ortada düşünməyə əsas verən bəzi məqamlar var. O da Rusiyanın bizə dünya bazarı qiymətlərinə satdığı silahı Ermənistana olduqca ucuz verməsi və ya daha dəqiq desək, hədiyyə etməsidir. Bunu faktlar da sübut edir. Belə ki, Rusiyanın BMT Adi Silahlar Registrinə təqdim etdiyi hesabata görə, 2013-cü ildə rəsmi Moskva Azərbaycana 10 ədəd tank, 10 ədəd Piyadaların Döyüş Maşını, 438 ədəd artilleriya sistemi, 25 ədəd döyüş helikopteri satıb.Amma ötən il Rusiyanın Ermənistana satdığı və ya hədiyyə etdiyi hərbi  texnikanın sayı Azərbaycanla müqayisədə daha çox olub. Belə ki, 2013-cü ildə Rusiya Ermənistana 35 ədəd tank, 110 ədəd döyüş maşını, 50 ədəd açıqlanmayan raket buraxıcı sistem və 200 ədəd raket satışını reallaşdırıb. Bu o deməkdir ki, Azərbaycana satılan hərbi texnikadan əldə etdiyi gəlir Moskvaya Ermənistana ucuz satdığı və ya hədiyyə etdiyi hərbi texnikanın əvəzini artıqlaması ilə kompenssasiya etməyə imkan verir. Amma iş bununla bitmir. Azərbaycana satdığı hərbi texnika Rusiyaya həm də ondan istifadə edilməsinin öyrədilməsi üçün ölkəmizə hərbi mütəxəssilər göndərməyə imkan verməkdədir. Təsadüfi deyil ki, ötən il Rusiyanın dövlət rəsmilərindən biri açıq şəkildə bildirmişdi ki, Azərbaycana silah satmaqla bu ölkənin xaricdən analoji silahları almasının  və onu öyrətmək üçün hərbi mütəxəssislərin gəlməsinin qarşısı alınır. Alınan hərbi texnikanın öyrədilməsi üçün Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın hərbi mütəxəssislərinin Azərbaycana gəlməsi, zənnimizcə, ölkəmizin təhlükəsizliyi baxımdan gələcəkdə müyyən problemlər ortaya çıxara bilər. Narahatlıq doğuran digər məqam da var. Rusiyanın silah istehsal edən əksər hərbi müəssisələrində ermənilər yüksək vəzifələrdədirlər. Bu isə Rusiyadan aldığımız silahlarla bağlı ermənilər tərəfindən bəzi təxribatlara baş vurulmasına gətirib çıxara bilər. Zənnimizcə, belə bir təhlükənin mövcudluğu Rusiyadan silah alınması zamanı diqqət mərkəzində saxlanılmalıdır. Konkret olaraq Rusiyanın bizə həvəslə silah satmasına gəlincə, burada həm iqtisadi, həm də hərbi-strateji maraqlarının olduğu göz önündədir. Belə ki, Rusiya bizə silah satmaqla həm küllü miqdarda gəlir əldə edir, həm də öz hərbi mütəxəssislərini bu texnikanı öyrətmək üçün Azərbaycana göndərir. Bu həm Moskvaya Ermənistana əvəzsiz verdiyi və ya ucuz satdığı hərbi texnikanı kompenssasiya etməyə, həm də digər ölkələrdən Azərbaycana hərbi mütəxəssis gəlməsinin qarşısını almağa imkan verir. Necə deyərlər, Azərbaycana silah satmaqla Rusiya bir güllə ilə iki deyil, birdən birə 4-5 ov vurmuş olur… e.mustafa@zaman.az