1000-2000 manata avtomobil və ya obyekt sahibi ola bilərsiniz…

595

Özəlləşdirmə prosesinin başlandığı 1996-cı ildən ötən ilin əvvəlinə kimi ölkə ərazində ümumilikdə 43 min 965 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib. Bunların arasında nəqliyyat vasitələri (13 357), icarəyə verilən və ya istifadəsiz qeyri-yaşayış sahələri (11009), ticarət və iaşə müəssisələri (4 742), yanacaq doldurma məntəqələri (647) və digərləri üstünlük təşkil edib. 1996-2013-ci illər ərzində özəlləşdirilən dövlət müəssisələri arasında sonuncu sırada səhiyyə müəssisələri yer alıb. Bu illər ərzində cəmi 25 səhiyyə müəssisəsi özəlləşdirilib. Eyni zamanda 1996-2013-cü illər ərzində dövlət müəssisələrinin bazası əsasında 1 599 səhimdar cəmiyyət yaradılıb. Səhimdar cəmiyyətlərə daha çox aqrar, sənaye və tikinti sektorunda fəaliyyət göstərən müəssisələr çevrilib.

 1998-ci il istehsalı olan “Nissan Maxima” avtomobili 1118 manata…

Məlumat üçün qeyd edək ki, kiçik dövlət müəssisəsi və obyektləri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilən hərraclar vasitəsilə satılır. Hər il Auksion Mərkəzi tərəfindən dövlət mülkiyyətində olan və ya müsadirə edilən yüzlərlə obyekt satılır. Nəticəsi məlum olan və Auksion Mərkəzi tərəfindən keçirilən sonuncu hərrac mart ayının 3-də baş tutub (bax: -http://www.stateproperty.gov.az/auksion/index.php/az/h-rraclar/n-tic-l-r). Həmin tarixdə 1998-ci il istehsalı olan “Nissan Maxima” avtomobili, 2000-ci il istehsalı olan “Şkoda Oktavia” avtomobili və Kəpəz rayonu (Gəncə şəhəri), Mübariz İbrahimov küçəsi 3C ünvanında yerləşən ümumi sahəsi 14,5 kv.m olan qeyri-yaşayış sahəsi olub. Keçirilən hərrac nəticəsində “Nissan Maxima” avtomobili 1118 manata, “Şkoda Oktavia” avtomobili 1317 manata,  ümumi sahəsi 14,5 kv.m olan qeyri-yaşayış sahəsi isə 2150 manata satılıb. Onu da qeyd edək ki, hər iki avtomobil start qiymətinə satılıb. Bu isə o deməkdir ki, hərracda bu avtomobillərə ilkin qiymətindən artıq vəsait ödəyən olmayıb. Ümumiyyətlə Auksion Mərkəzi tərəfindən təşkil edilən hərracların əksəriyyətində satışa çıxarılan obyektlər start qiymətinə satılır.

Qeyd olunan rəqəmlərdən belə görünür ki, hərracda satılan nəqliyyat vasitələri və qeyri-yaşayış sahəsinin qiyməti mövcud bazar qiymətlərindən aşağıdır. Avtomobil bazarında 1998-ci il istehsalı olan “Nissan Maxima” avtomobilini 4000 dollardan ucuz almaq mümkün deyil. Bu avtomobilin orta qiyməti isə 5000 dollar təşkil edir. 2000-ci il istehsalı olan “Şkoda Oktavia” avtomobilinin də bazar qiyməti 3500 dollardan yüksəkdir. Gəncədə şəhərində yerləşən qeyri-yaşayış sahələrinin 1 kv. metrinin qiyməti isə 400-500 dollardan ucuz deyil. Bu qiymətə də ümumi sahəsi böyük olan qeyri-yaşayış sahələri satılır. Ümumi sahəsi az olan qeyri-yaşayış sahələrinin qiyməti isə daha yüksəkdir.

 …278 kv. metrlik qeyri-yaşayış sahəsi isə cəmi 24003 manata satılıb

Onu da qeyd edək ki, mart ayının 10-da daha bir hərrac baş tutub. Ancaq Auksion Mərkəzi həmin hərracın nəticələrini açıqlamayıb. Həmin hərracın elanında göstərilirdi ki, 10 mart tarixində satışa 6 ədəd müxtəlif markalı avtomobil çıxarılacaq. Bu avtomobillərin içərisində start qiyməti ən yüksək olan 2006-cı il istehsalı olan “Nissan Teana” avtomobili olub. Bu avtomobilin start qiyməti 3761 manat olub. Start qiyməti ən aşağı olan isə 1998-ci il istehsalı olan “UAZ-33036” avtomobili olub ki, bunun da qiyməti 925 manat təşkil edib. 10 mart tarixində keçirilməsi nəzərdə tutulan daha bir hərrac Gəncə şəhərində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı olub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Dəmir yollarının və texniki qurğuların təmir-tikinti Departamentinin tabeliyindəki, Gəncə şəhəri, Kəpəz rayonu, Muxtar Aşurov küçəsi 9A ünvanında yerləşən ümumi sahəsi 1159,5 kv. metr olan qeyri-yaşayış sahəsinin start qiyməti 60181 manat olub.

Bu il ərzində baş tutan digər hərraclara nəzər salsaq açıq şəkildə görünür ki, satılan obyektlərin qiyməti bazar qiymətlərindən aşağı olub. Ötən ayın 17-də Hövsan qəsəbəsində yerləşən 278 kv. metrlik qeyri-yaşayış sahəsi cəmi 24003 manata satılıb. Fevral ayının 10-da baş tutan hərracda Naftalan şəhərində yerləşən və ümumi sahəsi 1168,1 kv. metr olan Mədəniyyət və Turizm Nazirliyinə məxsus kinoteatr 49968 manata satılıb.

Hərracların keçirilməsi ilə bağlı məlumatlandırma aşağı səviyyədədir

Baş tutan hərraclarda obyektlərin bu qədər ucuz satılması ekspertlər tərəfindən birmənalı qiymətləndirilmir. Obyektlərin ucuz satılmasının səbəblərindən biri kimi mövcud qanunvericilik göstərilir. “Dövlət əmlaklarının hərraca çıxarılması və hərracda satılması barədə təlimat”ın 2.7-ci və “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 4.6-cı bəndlərinə əsasən əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə və ya əmlak satılmadıqda, üçüncü hərracda həmin əmlakın start qiyməti əmlakın ilkin start qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin start qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin start qiymətinin 50 faizi həcmində aşağı salınır. Ekspertlər belə hesab edirlər ki, bəzi hallarda kənar müdaxilələr nəticəsində hərraclar baş tutmur və yaxud da iştirakçıların sayı məhdudlaşdırılır. Məlumat üçün bildirək ki, bu məsələ əvvəllər də gündəmə gətirilib və Əmlak Məsələləri Dövlət Komitəsi iştirakçıların sayının az olmasının onlarla əlaqəsinin olmadığını bildirib. Ancaq görünən odur ki, hərracların keçirilməsi ilə bağlı məlumatlandırma aşağı səviyyədədir. Geniş əhali kütləsi hərraclar haqqında məlumat ala bilmir. Hərraclarla bağlı kütləvi informasiya vasitələrində məlumat verilmir. Hərraclarla bağlı məlumat yalnız ƏMDK və Auksion Mərkəzinə məxsus saytlarda və “Mülkiyyət” qəzetində dərc olunur ki, bunlar da insanların böyük əksəriyyəti üçün əlçatan deyil. Xüsusilə də regionlarda yaşayan insanların hərraclarda iştirakı olduqca aşağı səviyyədədir. Çünli bölgələrdə insanların bir çoxunun internetə çıxış yoxdur, “Mülkiyyət” qəzeti isə böyük tirajla çap olunmur. Eyni zamanda sifarişçilərin sayının az olmasında başqa səbəblərin də olduğunu söyləyə bilərik. Bunlardan biri də milli mentalitetimizlə bağlı olan məsələdir. Məlumdur ki, hərraclarda çox vaxt müsadirə olunan əmlaklar satılır. Buna görə də insanlar məhkəmə qərarı ilə müsadirə olunan əmlaka sahib olmaqda maraqlı olmurlar. Belə demək mümkündürsə, başqa ölkələrdən fərqli olaraq bizdə sahibinin xeyir-duasını almadan onun əmlakına sahib olmaq yaxşı qarşılanmır.

Allahverdi Cəfərov