Əziz bəy Tahirov: xeyriyyəçilikdən diplomatiyaya

0
410

Əziz bəy məşhur tahiroğulları soyuna bağlıdır. Bu soyun nümayəndələri XVIII əsrdə Cənubi Azərbaycanın Sərab vilayətinin Gərmərud mahalından gəlib Qarabağda məskunlaşıblar. Bir tirəsi xanlığın mərkəzi Şuşa şəhərində, bir tirəsi Cavanşir mahalının Kəngərli və Qapanlı obalarında buta bağlamışdı.  Əziz bəyin ulu babası Mirzə Həsənxan bəy Əliyar bəy oğlu Qarabağın savadlı şəxslərindən olub. İbrahimxəlil xan Cavanşirin divanxanasında çalışıb.

 Mirzə Həsənxan bəyin Nəsir bəy, Əsəd bəy, Rəsul bəy adlı oğulları vardı.

Mirzə Nəsir bəyin üçüncü oğlu İbadulla bəy 1850-ci ildə Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirmişdi.

İbadulla bəyin Əziz bəy, Rüstəm bəy, Yunis bəy, Yüsif bəy, Abdulla bəy adlı oğulları vardı.

          Əziz bəy İbadulla bəy oğlu Tahirov 1880-ci ildə Cavanşir qəzasının Qapanlı kəndində doğulmuşdu. Şuşa Real məktəbini bitirmişdi. XX yüzilin əvvəllərində Bakı şəhərinə köçmüşdü. Şəmsi Əsədullayevin yanında müdir işləyirdi. Maddi baxımdan imkanlı adam olan Əziz bəy Bakıda telefonu, şəxsi avtomobili olan ilk kişilərdəndi. Xeyriyyəçiliklə də məşğul olmuşdu. Xeyriyyə cəmiyyətlərinin üzvü idi. Əslində bu cəmiyyətlərə əsaslı maddi köməyi məhz o edirdi.  Bir çox arxiv sənədləri də bunu təsdiqləyir. Sənədlərdə onun məşhur bir xeyriyyəçi olması haqqında ara-sıra məlumatlara rast gəlirik. Əziz bəy dövrünün, demək olar ki, bütün ictimai-mədəni məsələlərində yaxından iştirak edib. Xeyriyyə cəmiyyətlərinin yaradılması və fəaliyyətinə böyük əmək sərf edib. Daim fəqir-füqəraya, kasıb-kusuba əl tutub, imkansız uşaqların təhsil almasına yardım göstərib.

          Əziz bəy Tahirov böyük müğənni Bülbülün İtaliyada oxumasına kömək etmişdi.

Əziz bəy Tahirov 1919-cu ildən Azərbaycan Respublikasının müttəfiq komandanlığı yanında nümayəndəsi idi.  Ondan əvvəlcə ingilis komandanlığının Azərbaycan-Gürcüstan müdafiə paktına münasibəti mənfi idi. Lakin sonralar bu qəti şəkildə dəyişildi. İstanbula ezam edilmiş Azərbaycan Respublikasının nümayəndəsi Əziz bəу Tahirov burada Böyük Britaniyanın Şərqi Avropada və Qafqazda olan qüvvələrinin Ali Baş Komandanı general Milnlə görüşüb Denikinin cənuba doğru irəliləməsi barədə ona məlumat verdi. Miln Denikinin onun razılığı olmadan cənub istiqamətində hərəkət etdiyini və bu işdən onun xəbəri olmadığını Ə.Tahirova bildirdi. Ə.Tahirov general Milnin Denikinin hərəkəti ilə razı olmadığı barədə N.Usubbəyova radioteleqram göndərdi. (Ə.Tahirovun Azərbaycan Respublikası Nazirlər Şurasının sədri N.Usubbəyova radioqramı. 18.07.1919. // ARDA, f.894, s.10, i.70, v.5) Xarici işlər nazirliyi tərəfindən Paris Sülh konfransına göndərilən məlumatda qeyd edilirdi ki, ingilis komandanlığı imzalanmış hərbi sazişi Cənubi Qafqaz birliyi üçün başlıca təminat hesab edir. Versaldakı Azərbaycan nümayəndələrinə bildirilirdi ki, Qafqazda Azərbaycanla Gürcüstan arasında tam əlaqə, hərtərəfli razılaşdırılmış birgə fəaliyyət proqramı həyata keçirilir. Denikin ordusunun Dağıstanı tutması və cənuba doğru hərəkət etməsi barəsində İstanbula gəlmiş Ə.Tahirov Parisdə olan Azərbaycan nümayəndələrinə teleqram göndərmişdi. (ARDA, f.2905, s.1, i.13, v.55)

Avqust ayının 5-də və 6-da Azərbaycan, gürcü və dağlı nümayəndələrinin birgə iclasında oriyentasiya məsələsi ətraflı müzakirə edildi. Yaranmış çətinlik İtaliyanın Qafqaza ordu göndərməsindən imtina etməsi ilə bağlı idi. İyul ayının axırlarında İtaliya missiyasının üzvü kapitan Oldaninin Gəncə, Şuşa, Şəki və digər yerlərdə İtaliya ordusu üçün kazarmalar hazırladığı, tərkibində iki piyada diviziyası olan İtaliya 12-ci hərbi korpusunun Qafqaza yola düşdüyü bir vaxtda, Cənubi Qafqazda olan İtaliya missiyasının rəhbəri Marlis Mişel iyul ayının 31-də İtaliya Xarici İşlər Nazirliyindən aldığı məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinə çatdırdı. Orada aydın şəkildə göstərilirdi ki, Britaniya qoşunlarını əvəz etmək üçün Cənubi Qafqaza İtaliya ordusu göndərilməyəcəkdir. Bununla belə, İtaliya kral hökuməti Azərbaycan hökumətinin razılığı ilə kommersiya, maliyyə, sənaye və digər sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlıq etmək arzusunda olduğunu bildirirdi. İtaliya Xarici İşlər Nazirliyi vəd edirdi ki, Azərbaycanı maraqlandıran məsələlərlə bağlı, xüsusilə onun mənafeyi ilə bağlı Paris Sülh konfransında yaxın vaxtlarda başlanacaq müzakirələrdə yaxından iştirak edəcəkdir. (İtaliya missiyasının başçısı M.Mişelin Azərbaycan Xarici İşlər Nazirliyinə məlumatı. 31.07.1919. //ARDA. f.894, s.10, i.86, v.17) Bu məzmunda bir teleqramı Zaqafqaziyadakı İtaliya missiyasının başçısı polkovnik Qabba da xarici işlər naziri M.Y.Cəfərova göndərmişdi. Bu məsələlər müzakirə edilən zaman Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Parisə ezam edilən müttəfiq komandanlığı yanında xüsusi nümayəndə Ə.Tahirov yolüstü Romada dayandı və İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə bir sıra görüşlər keçirdi. İtaliya Xarici İşlər Nazirliyinin rəsmisi Mayoni ilə görüşdə Ə.Tahirov Azərbaycana ordu göndərilib-göndərilməyəcəyini soruşduqda Mayoni ona bir neçə kağız göstərərək bildirdi ki, Parisdə olan İtaliya nümayəndələri ilə görüşdə Ə.M.Topçubaşov Azərbaycana İtaliya ordusunun göndərilməsinin arzuolunmazlığını bəyan edib. Ə.M.Topçubaşov öz bəyanatında əhalinin bu addımdan narazı qalacağını vurğuladığından Mayoni bilmək istəyirdi ki, belə münasibət Ə.M.Topçubaşovun şəxsi fikridir, yoxsa, doğrudan da, əhali və hökumət Azərbaycana İtaliya ordusu göndərilməsinin əleyhinədir. Əslində İtaliya tərəfi Qafqaza ordu göndərməməyə qərar verdiyindən, Ə.M.Topçubaşovun ilk müzakirələr zamanı hələ ingilis ordusu Azərbaycanda olarkən İtaliya ordusunun ora göndərilməsinə ehtiyac olmadığı haqqında söylədiyi fikrinə istinad edirdi. Bu fikir, həm Аzərbaycan, həm Gürcüstan nümayəndələri tərəfindən irəli sürüləndə İngiltərə ordusunun Qafqazı tərk etməsi barədə rəsmi açıqlama hələ elan edilməmişdi. Lakin Britaniya hökumətinin Qafqazı tərk etmək barədə Sülh konfransına rəsmi müraciətindən sonra Cənubi Qafqaz respublikaları ətrafında siyasi şərait əsaslı dərəcədə dəyişmişdi. Ona görə də Ə.Tahirov Mayoniyə bildirdi ki, siz əhali və xalqın İtaliyaya münasibətini, polkovnik Qabba başda olmaqla, Azərbaycana göndərdiyiniz missiyaya göstərilən münasibət əsasında mühakimə yürüdə bilərsiniz. Bu missiyanın şərəfinə Azərbaycan hökumətinin təntənəli qəbul mərasimi keçirdiyini açıqlayan Ə.Tahirov əlavə etdi ki, hökumət və əhali sizin ordunuzu Azərbaycanda görməkdən şad olardı. İtaliya xarici işlər naziri vəzifəsini icra edən qraf Sforsla görüş zamanı da bu məsələlər ətraflı müzakirə edildi. İtaliya hökumətinin məlum qərarından sonra vəziyyət dəyişdiyindən Sidney Sonninodan sonra xarici işlər naziri vəzifəsini icra edən qraf Sfors tərəfindən məsələ bir qədər fərqli formada qoyulurdu. Ona görə qraf Sfors soruşdu ki, əgər italyanlar Azərbaycana ordu göndərməsələr, yalnız təlimatçılar və bütün sahələri bilən hərbi mütəxəssislər göndərsələr, əhali və hökumət buna necə münasibət bəsləyər. Ə.Tahirov cavabında bildirdi ki, İtaliya ordusunun və Azərbaycan ordusu üçün hərbi sursatın göndərilməsi daha çox arzuolunandır. Bu halda qraf Sfors Azərbaycan ordusunun ilk növbədə ehtiyacı olduğu hərbi sursat haqqında yazılı müraciət hazırlamağı təklif etdi və bu müraciəti İtaliya tərəfinin müzakirə edəcəyini bildirdi. Bu təklifə uyğun olaraq, Ə.Tahirov Azərbaycan ordusunun aeroplan, hidroplan, artilleriya qurğuları və digər silahlara, partladıcı maddələrə, zirehli, yük və sərnişin avtomobillərinə, habelə bu texniki vasitələrdən istifadəni öyrədən təlimatçılara ehtiyacı olduğunu İtaliya Xarici İşlər Nazirliyinə yazılı şəkildə təqdim etdi. Nəhayət, Azərbaycan nümayəndəsi ilə üçüncü görüşdə İtaliya rəsmisi Mayoni öz hökuməti adından Qafqaza ordu göndərməyin mümkün olmayacağını, lakin Azərbaycan ordusu üçün zəruri olan bütün hərbi sursatın göndəriləcəyini açıqladı. Eyni zamanda, Mayoni Azərbaycanın təhlükəsizliyinin İtaliya tərəfindən müdafiə olunacağını da vurğuladı. Mayoni Ə.Tahirova məsləhət gördü ki, Bakıya dönüb istədikləri hərbi sursatı almaq üçün öz hökumətindən yazılı vəkalət gətirsin, habelə bu barədə Qafqazdakı İtaliya missiyasına məlumat versin və qeyd edilən hərbi ləvazimatı qəbul etmək üçün Azərbaycan hökuməti Romaya hərbi mütəxəssislər ezam etsin. (Müttəfiq komandanlığı yanında Azərbaycanın nümayəndəsi Ə.Tahirovun İstanbul və Romaya səfəri barədə Nazirlər Şurasının sədri N.Usubbəyova yazılı məlumatı. 06.08.1919. //ARPİİ SPİHDA, f.277, s.2, i.22, v. 103-105)

Əziz bəy Tahirov 1958-ci ildə vəfat edib.

Əziz bəy Tahirov Gülsüm xanımla ailə qurmuşdu. Asiya xanım, Alya xanım adlı qızları vardı.

          Azərbaycanın tərəqqisi və qorunması üçün əvəzsiz xidmətləri olan Əziz bəy Tahirovun yaşam yolu təkcə bu faktlardan ibarət deyil. Çox təəssüf ki, Azərbaycanın ictimai-siyasi tarixində önəmli yer tutan bu görkəmli şəxsiyyətin həyatı layiqincə öyrənilməyib. Repressiya dönəmində onun zəngin irsi əldən-ələ düşüb, dağılıb, məhv olub.  Əziz bəy Tahirova aid materiallar müəllifin yeni araşdırmaları nəticəsində əldə edilib və oxuculara ilk dəfə təqdim olunur.

Ənvər Çingizoğlu