Əzəminin adı xatirə bulağı ilə əbədliləşdirilib

145

Müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan igid oğul və qızlarımız döyüşlərdə mənfur düşmənə ağır zərbə vurmaqla, layiqli dərs verməklə təkcə qəhrəmanlıq salnaməsinə adlarını yazmadılar, eyni zamanda Vətənin bölünməzliyinə imza atdılar. Belə oğullardan biri də əslən şuşalı olan Mingəçevirdə doğulub boya-başa çatan Hüseynov Əzəmi Əli oğludur.

44 günlük Vətən müharibəsində igidlik göstərərkən şəhadətə ucalan Əzəminin adı xatirə bulağı ilə əbədliləşdirilib.  Şəhidin xatirə bulağının açılış mərasimində şəhid anaları, doğmaları, təhsil aldığı  Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim kollektivi, ”Nur dəstək”qrupunun üzvləri, qazilər, şəhidin dostları iştirak ediblər.

Açılış mərasimində aparıcılar Əzəminin döyüş meydanında göstərdiyi şücaətdən, 44 günlük  Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, Əzəmi 3 bacının bir qardaşı olub. Bacısı Elnarə xanım bildirib ki, Əzəminin ən böyük arzusu bir şuşalı balası kimi bayrağımızı Şuşaya sancmaq idi: ”Qardaşıma bu arzusu qismət olmadı. Amma sevinirik ki, Şuşamız azad olundu. Biz Şuşaya döndükdən sonra orada da Əzəminin adını əbədiləşdirəcəyik”.

Şəhidin anası Sayad ana, şəhidin yoldaşı Minayə xanım  mərasimə gələn şəhid analarına minnətdarlığını bildirib, onlara başınızı dik tutun deyiblər: ”Bizim oğullarımız torpaqlarımızı işğalçı erməni qəsbkarlarından azad etdilər. Biz bu gün qürurla dayanmalıyıq ki,  şəhidlərimizin ruhu həmişə şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki,  Azərbaycan  Ordusunun çavuşu olan Əzəmi Hüseynov Suqovuşan uğrunda gedən döyüşlərdə  savaşıb. O, oktyabrın 8-də döyüşləri  zamanı şəhid olub.

Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Prezidentinin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra  “Vətən uğrunda”medalı ilə təltif edlib.

Esmira Hidayətova, Mingəçevir