“Əzəl gündən könül verib Vətənə”

56

                                

 

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğu kimi, Naxçıvan ədəbi mühiti də Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. Azərbaycan torpağını Naxçıvansız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan ədəbi aləmini də Naxçıvan ədəbi mühiti olmadan dolğun təsəvvür etmək olmaz. Çünki bütöv görünməz. Yarım qalar bir bucağı, bir küncü dağıdılmış bina kimi… Zəif sanılar düzəni, çəkimi…

O yerdə ki, ötən əsrin əllinci illərindən doxsanıncı illərinə qədərki Naxçıvan ədəbi mühitindən, yəni Naxçıvanda yaşayıb- yaradan sənətkarlardan söhbət açmaq, danışmaq istəyiriksə o zaman Azərbaycan ədəbiyyatında tutarlı söz sahibi olan Hüseyn Razi, Adil Babayev, Müzəffər Nəsirli, Kəmalə Ağayeva, Adil Qasımov kimi ustad şairlərimizin adlarını çəkməmək qeyri – mümkündür. Axı bu imzalar hər bir Azərbaycan oxucusuna bu gün də yaxından tanışdır.

Bu cür imzalar içərisində bir imza – Əliyar Yusiflinin (1929- 1991) imzası da var. Hansı ki, onun mükəmməl və rəngarəng şeirləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri vardır. Bu gözəl şairimiz Şərur mahalının Püsyan kəndindən dünyaya boy vermiş və qəlbindən heç zaman əksilməyən Vətən sevgisi də elə bu kənddən başlamışdır. Elə kiçik yaşlarından da şeirə, sənətə vurulmuş və bu sevgi onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə, oradan isə Moskvaya – Maksim Qorki adına Ədəbiyyat İnstitutuna aparıb çıxarmışdır.

Əliyar Yusifli ilk şeirlərindən başlayaraq yurdumuzun hər bir obasını- oymağını dərin sevgi ilə tərənnüm etmişdir.

Gəl, ilqarsız demə, dostum, sən mənə,

Mən ürəkdə etibarı sevmişəm.

Əzəl gündən könül verib Vətənə,

Xoş baharlı bu diyarı sevmişəm.

Şair “Vətən” şeirində isə Vətənə olan ülvi sevgisini, məhəbbətini daha da dərinləşdirərək poetik dillə belə ifadə edir:

Durmuşam səninlə nəfəs-nəfəsə,

Hazıram ürəyin, qəlbin nə desə.

Qurbanın olmağa oğul gərəksə,

Dizinə baş qoyub ölərəm, Vətən!

Böyük bəstəkarımız Cahangir Cahangirovun yazdığı “Naxçıvan” kantatasının sözləri sevimli şairimiz Əliyar Yusiflinindir. O “Muxtar respublikam” adlandırdığı bu şeirində Naxçıvan torpağına olan övlad məhəbbətini bu cür əks etdirir:

…. Bu yurdun qolunda aslan gücü var,

Burdan cahangirlər peşman gedibdir.

… Bu yerlər qıy vuran qartal yeridir,

Dostlar qonaq gəlsin, qoy, dəstə-dəstə.

Mənim Naxçıvanım gül buketidir,

Durub Vətənimin qolları üstə.

Şair durna qatarı tək səf- səf düzülən uca dağların sırasında Əlincə qalasını qartala bənzədir və bu qala ilə bağlı şanlı tariximizi böyük sevgiylə belə qələmə alır:

 

 

…. Burada dağları əyninə geyib,

Səngəri amaldan qurub igidlər.

Burada on dörd il qurğuşun yeyib,

Vətən keşiyində durub igidlər.

Ə. Yusifli şeirlərində ana bildiyi Şərur torpağının gözəlliklərini – Tənənəm dağını, yaşıl donlu Şəngilayi, zümrüd gözlü Arpaçayını, Sədərəyin üzüm bağlarını sevə- sevə vəsf etməklə belə bir qənaətə gəlir:

Ağsaçlı babalar yaxşı deyibdir:

“Xəzinə yurdudur Şərur torpağı!”

Onun bu baxımdan ” Gəlsən Batabata” şeiri də hər bir oxucunun qəlbini riqqətə gətirir.

Yazda aranda da sayrışar çiçək,

Gəlsən Batabata, qardaş, yayda gəl.

Sərində Zorbulaq nəyinə gərək,

Düzlərə od tökən isti yayda gəl.

 

Dolanar burada bulud başına,

Qarşılar düzdə gül, döşdə qar səni.

Əl boyda lalələr çıxıb qarşına,

Titrəyər ləçəklə salamlar səni.

Doğulduğu elə- obaya dərin sevgisi, Vətən torpağına ülvi məhəbbəti şairin “Vətəndən uzaqda” şeirində daha uğurlu şəkildə öz poetik həllini tapmışdır.

Arayır gözlərin Arazı, Kürü,

Bilmir bu hicrindən ürək neyləsin.

Qayada oxuyan kəklikdən ötrü,

Az qalır burnumun ucu göynəsin.

 

Dindirmə, ay qardaş, kövrəlmişəm mən,

Ancaq bir çay dəmlə, dəmlə sən canın.

O çayın buğlanıb qalxan ətrindən,

Qoy duyum ətrini Azərbaycanın.

Vətən duyğulu şeirlərinin içərisində “Təbrizim” şeirini ustad şairin daha dərin sevgiylə qələmə aldığını desəm, elə bilirəm ki, heç də yanılmaram. Təbriz istər o taylı, istərsə də bu taylı Azərbaycanımızın ən göynərtili qaysaq bağlamayan yarasıdır axı…

Anamı

üç gün görməyəndə darıxıram.

Ya görüşünə gedir.

Ya pəncərəni açıb

Yollara baxıram!

Sən mənə

Gözəllikdə sonasan,

Doğmalıqda anasan!

Dünyaya gələndən

Vüsalının həsrətində dolanır,

Hicranının dənizində üzürəm.

Heç bilmirəm bu ayrılığa

Necə tablaşır,

Bu hicrana necə dözürəm!

Sevimli müəllimim ustad sənətkar, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə bizə “Müasir Azərbaycan ədəbiyyatı” fənnini tədris edərkən öz mühazirələrində süjetli lirikaya dərin qiymət verərdi. Bildirərdi ki, hər bir lirik şeirdə belə sujet xətti – “konkret detal” olmalıdır. Gözəl şairimiz Əliyar Yusiflinin şeirlərində rast gəldiyim bu cür nümunələrin çoxluğu məni olduqca sevindirdi və məftun etdi.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, əməkdar mədəniyyət işçisi, şair Asim Yadigarın Əliyar Yusifli haqqında “Əmim Əliyar Yusifli haqqında söz” məqaləsində oxuyuruq: “Əliyar Yusiflinin şeirlərində süjetli lirikanın çox gözəl nümunələrinə rast gələ bilirik. Akademik İsa Həbibbəyli Əliyar Yusiflinin süjetli şeirlərindən söhbət açarkən onun yaradıcılığını Əhməd Cəmilin yaradıcılığı ilə müqayisə edərək hər iki şairin süjetli şeirlərini yüksək qiymətləndirib. Şair Əliağa Kürçaylı isə Əliyar Yusiflinin “Saçlarına dən salmışam” şeirini 1974- cü ildə “Ulduz” jurnalında çox yüksək səviyyəli bir əsər kimi dəyərləndirib”.

Onun hansı süjetli lirik şeirini oxuyursan oxu, şairin bu ədəbi priyomdan  necə məharətlə istifadə etdiyinin sehirinə düşərsən. “Bir bülbül, bir sərçə” şeirindəki süjet xətti istər- istəməz oxucunu özünə cəlb edir. Şair qəfəsdəki bülbüllə, azadlıqdakı sərçənin acınacaqlı həyat tərzini poetik bir dillə açıb göstərir.

Qəlbimə qəm gətirir

Quşların qəmi.

Birinin azadlığı yoxdur,

Birinin yemi!

Mənə elə gəlir ki, şairin lirik süjetli şeirlərinin içərisində “Buhenvald” şeirinin özünəməxsus yeri vardır. Çünki bu şeir 1941-45-ci illərin acı dəhşətlərini daha dolğun formada göstərməklə bərabər, bu günümüzlə- canlı şahidi olduğumuz l və ll Qarabağ müharibələri ilə olduqca çox səsləşir. Bu əsərdə iki obraz var: biri atası Buhenvald sobasında yanan şair, ikincisi isə oğlu müharibədə itkin düşən, oğlunu hər yoldan gəlib keçəndən dönə- dönə intizarla soraqlayan şikəst Sənəm qarı…

Elə hey deyir,

Yuxuda balamın nəfəsi

Nəfəsimə dəyib.

Oğlum alovu keçirtmək üçün

Məndən su istəyib.

Bu yazıq, şikəst qarı son xəbəri Buhenvalddan gələn balasının yolunu həsrətlə gözləyir. Şair- atasının Buhenvald sobasında yandığını bilən oğul Sənəm qarının oğlu İbrahimin öldüyü yeri dəqiq bilir.

Mən qarıya necə deyim,

Bir ovuc küldür indi

İbrahimin dünyada ,

Mən qarıya necə deyim,

Oğlunu yandırıblar

Atam yanan sobada.

“Buhenvald” şeiri ilə şair Buhenvald, Ostvensim kimi həbs düşərgələrini ” dünya boyda ləkə” adlandırır və müharibələrə öz dərin nifrətini bildirir.

Onun “Bunu mənə danışdılar” şeirində süjet xətti son dərəcə ilginc bir mövzu üzərində qurulmuşdur. Belə ki, axşamdan bərədə sakitcə uzanan ovçu “üfüq qızaran”da talaya çıxan ana ceyranı nişan alır və “Birinci güllədən yıxılan ceyran gücünü toplayıb irəli yüyürür”. Di gəl ki, “Öndən qulağını bir doğma nəfəs,  Arxadan izini güllələr” döyür. Bəs sonra nə olur?…

Ovçu nəfsi ilə dağları dəlib,

Qalın qamışlıga özünü saldı.

Yersiz günahından dəhşətə gəlib,

Əlində silahı quruyub qaldı.

 

Ceyran sinəsindən qana boyanıb,

Son dəfə çöllərə göz gəzdirirdi.

Dörd ayaq üstündə güclə dayanıb,

Körpə balasını əmizdirirdi.

Poeziyamızın bəşəri mövzusu olan məhəbbət mövzusuna Əliyar Yusiflinin yaradıcılığında da geniş yer verilmişdir. Şair şeirlərində saf və təmiz məhəbbəti ilahi bir güclə sevə- sevə tərənnüm edir. Və bu şeirlərdə də süjetli lirik duyğulardan, poetik çalarlardan əlvan boyalarla istifadə edir.

Vağzaldan tərpənən qatar görəndə

Səni, səni anıram.

Ancaq fərqi budur ki,

Bir vaxt qoşa yandığımız oda

İndi təkcə yanıram!

Ülvi sevgi duyğularını böyük məhəbbətlə tərənnüm edən şair deyir ki, ürəyim vüsalın bayraq qaldıranda gülüb, hicranın “qılınc çəkəndə ağlayıb”.

Budur görüş yerimiz,

Çinar qalır, qol qalır.

Sevdiyin ağ ləpələr

Üstümə qanad çalır.

və yaxud başqa bir şeirində:

Durub qulaq asardıq

Burda suyun səsinə.

Göl sakit duran zaman

Əksimiz cüt düşərdi

Bu gölün sinəsinə.

“Qız görüşə çıxacaq” şeirində də şairin saf məhəbbətə münasibəti dərin cizgilərlə öz xoş ahəngini tapıb.

Xəyalında baxça- bağ,

Əlindən düşmür daraq.

Saçından ətir gəlir,

Qız görüşə çıxacaq

və sonra əlavə edir…

…. Bir kövrək arzusu var,

Qığılcım dəysə yanar.

Od alar, alovlanar,

Yol göstərin, insanlar!

Əliyar Yusifli yaradıcılığı boyu hansı mövzuya müraciət edirdisə etsin, orada öz sözünü deməyi bacaran bir söz adamı mükəmməl sənətkardır. Bu, baxımdan “Duman” şeiri daha xarakterikdir.

Azca hiss edincə yorulduğunu,

Çiynini söykədi bir dağ başına.

…Üstdən çağırsa da onu dağ- dərə,

Əyilib torpağın üzündən öpdü.

Onun “Hünər” şeirində də eyni xarakterik xüsusiyyətlər öz bariz ifadəsini tapa bilmişdir.

Zülmətdə

Özünə yol açmaq

Asandan- asan.

Hünər odur

Başqasını

Qaranlıqdan

Çıxarmağı bacarasan.

O dövrün böyük sənətkarları kimi, Əliyar Yusiflinin də şeirlərinə çoxlu gözəl mahnılar bəstələnib, sağlığında və bu gün də sevilə-sevilə ifa olunmaqdadır.

Bir nurlu, uzaqgörən, əqidəli övlad tək Vətəninin yolunda canından belə keçməyə hazır an şair “Vəsiyyət” şeirində son olaraq bu cür deyir:

Əcəl küləyi əsəndə

Başım üstə narın- narın

Vətənin ən narahat sərhəddində

Mənə

Beş qarış yer ayırın.

Düşmən ayağa dəysə

Məzarımın

Üstündəki torpağa,

Əlimdə qılınc qalxım ayağa!

Mən isə deyərdim ki, ey ustad, məzarında çox…çox rahat yata bilərsən, gənclərimiz Vətən torpaqlarını artıq işğaldan azad ediblər. Səninsə ideyaların və Vətən duyğulu düşüncələrin gənclərimizin qəlbində Vətənə sevgi hisslərini yenə də aşılamaqdadır. Səni sevənlər yaşayırsa, demək ki, sən də yaşayırsan.

 

 

9- 14 may 2021- ci il

                                                                               Ələsgər Talıboğlu.

                                                                               Şair- publisist, AYB- nin                    

                                                                              üzvü, M.Araz mükafatı laureatı.