“Əvəzolunmayan dəyərlər”imiz  Belqradda

0
385

Azərbaycan və Serbiya Respublikaları arasında ictimai-siyasi əlaqələrlə yanaşı, mədəniyyət sahəsində də geniş işbirliyi var. Azərbaycan Xalça Muzeyi ilə Belqrad Etnoqrafiya Muzeyi arasında muzey işinin inkişafı və mədəni irsin qorunması sahəsində beşillik əməkdaşlıq memorandumu imzalanıb. Bu memoranduma əsasən 2016-cı ilin oktyabr ayında Azərbaycan Xalça Muzeyində Belqrad Etnoqrafiya Muzeyinin ecazkar Pirot kilimlərindən ibarət sərgi keçirilib. Həmin əməkdaşlığın davamı olaraq, Serbiyanın Belqrad Etnoqrafiya Muzeyində Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Əvəzolunmayan dəyərlər” adlı sərgi açılıb (Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, sərginin dizayneri isə tanınmış avstriyalı memar Kristian Şturmingerdir).

Azərbaycan Xalça Muzeyinin əməkdaşı İlahə Məmmədovanın saytımıza verdiyi məlumata görə, tədbirdə çıxış edən Belqrad Etnoqrafiya Muzeyinin direktoru Miryana Menkoviç, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə, Serbiya Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndəsi Azərbaycan-Serbiya mədəni əməkdaşlığından bəhs edərək, Serbiyanın Pirot kilimlərinin ötən il Bakıda, Azərbaycanın xalça muzeyinin eksponatlarının isə bu il Belqradda nümayiş etdirilməsinin bu əməkdaşlığa töhfə verdiyini, xalqlarımızın yaxınlaşmasına və mədəniyyətlərimizdə olan oxşarlıq və fərqliliklərlə tanış olmasına xidmət etdiyini bildiriblər.

 

İlahə Məmmədova daha sonra deyib: “Əvəzolunmayan dəyərlər” sərgisinin əsas məqsədi muzeyin 50 illik yubileyi ərəfəsində Azərbaycan Xalça Muzeyinin nadir və zəngin kolleksiyasını layiqincə təmsil etmək və dünyaya tanıtmaqdır. 47 ədəd eksponatdan ibarət sərgidə XIX-XX əsrlərə aid xovsuz və xovlu xalçalar, xalça məmulatları, görkəmli xalçaçı-rəssam, xalça elminin və Azərbaycan Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllif xalçaları, eyni zamanda XIX əsrə aid misgərlik, bədii tikmə və milli geyim nümunələri də təqdim olunur. Üç vitrin üzrə nümayiş olunan xalçaların əhalinin müxtəlif təbəqələrinin həyatındakı gündəlik rolu və mənəvi estetik aspekti tərənnüm edilir.

Tədbir zamanı Azərbaycanın Serbiyadakı Səfirliyinin və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə serb və azərbaycanlı musiqiçilərin ifasında Azərbaycanın xalq mahnısı “Bu gün ayın üçüdür”, Tofiq Quliyevin “Sənə də qalmaz” və “Bax gəlib ilk bahar” mahnıları və Bayatı-Şiraz muğamı səsləndirilib.

Serb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan bu sərgi iyul ayının 1-dək davam edəcək.

Qvami