Ətrafını eşitməyi bacar

568
Bəzən hər şeydən bezirsən, başını əllərin arasına alıb saatlarla fikrə dalırsan: olanları-keçənləri xatırlayırsan, sənə elə gəlir ki, tək-tənhasan, heç kim səni başa düşmür, nə ətrafdakılar, nə də ailən. Yox, bəlkə də belə deyil, nahaq bu cür düşünürsən.
 Əgər tanışın da, dostların da, hətta ailən də sənə: “sən yanlış düşünürsən, belə deyil” deyirlərsə, demək, özündə nəsə axtarmalısan, xarakterində, xasiyyətində dəyişiklik etməlisən, sözündə, əməlində əyər-əskikliyini düzəltməyə çalışmalısan… “Yalnız mənim dediyim düzdür”, – deməklə iş bitmir ki?.. Yan-yörənin də fikrini eşit, iş görəndə özbaşına qərar çıxarmağa tələsmə, bu, səni uçuruma yuvarlar. Düşün ki, həyatda tək deyilsən, şükür Allaha: qohumların, qardaşların, ailən, uşaqların…

Evdə həyat yoldaşın əsəbi olduğunu hiss edib, səninlə mülayim davranmağa can atır, lakin “mənə ağıl öyrətmə!” – deyib heç kimsəni eşitmək belə istəmirsən.

Otağına çəkilirsən, bir küncə qısılıb yenidən fikrə dalırsan, xəyallarla çarpışırsan… Axı nə vaxtadək?