“Ətraf mühiti təmiz saxlamaqla bir çox xəstəliklərin qarşısını almış olarıq”

577

Yaşadığımız dövrdə ətraf mühit amili və insan həyatına geniş təsiri danılmaz bir faktdır. Ən çox da yay aylarında çirklənmiş ətraf mühit insanların sağlamlığına birbaşa mənfi təsir göstərməkdədir. Yay aylarında bir çox marketlərdə satılan ərzaqlar ya vaxtı keçmiş olur, ya da tez-tez sönən işıqların qurbanı olur. Bunun da mənfi təsiri nəticəsində insanların səhhətlərində müxtəlif problemlər yaranır. Havaların son günlər daha isti keçməsi yaşıllığa da təsir edir. Bu cür iqlim şəraitində yaşıllığa ziyan vuran həşəratların da sayı artmaqdadır. Hətta binaların zirzəmilərində yaşayan siçovullar da bu günlərdə daha da aktivləşiblər. Bu kimi problemlərlə bağlı üz tutduq Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzinə və bizi maraqlanduran sualları Mərkəzin direktoru Əbül Ağayevə ünvanladıq.
– Əbül müəllim, isti havaların gətirdiyi problemlərin qarşısını almaq üçün hansı tədbirlər görülür?
– Adətən, bütün yoluxucu xəstəliklər yay aylarında baş qaldırır. Bunun da ən başlıca səbəbi zibil tullantılarının çoxalması, vaxtlı-vaxtında şəhərdə, binaların zirzəmilərində dezinfeksiya işlərinin aparılmamasıdır. Bir neçə gündür ki, əhalinin daha gur məskunlaşdığı yaşayış massivlərinin, park və xiyabanların, kanalizasiya xətlərinin, ictimai yaşayış binalarının zirzəmilərinin, giriş bloklarının, istirahət və əyləncə mərkəzlərinin dezinfeksiya olunması işinə başlanmışdır. Şəhərin ümumi təmizliyi həmişə nəzarətdədir. Şəhərin İcra başçısı Niyazi Bayramovun bu barədə xüsusi tapşırıqları var. Hamımız bir komanda kimi şəhərin təmizliyi üçün çalışırıq. Şəhərdə güclü abadlaşdırma işləri aparılıb. Biz də çalışırıq ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələk. Düzdür, şəhərdə vaxtlı-vaxtında təmizlik işləri aparılır. Amma bu nə bizi, nə də cənab başçını razı salır. Belə ki, yaşayış binalarının kommunikasiya xətləri Sukanal İdarəsinə verilib, əvvəllər bu işə mənzil istismar sahələri (MİS) baxırdı. İndi müəyyən mənada da MİS-lərdə də bəzi işçilər ixtisara düşdüyünə görə bu gün yaşayış binalarının zirzəmilərində çirkablıq baş alıb gedir. Çoxunda su xəttinin partlaması nəticəsində zirzəmi çirkli su içərisində olur. Buna görə də belə yerlərdə dərmanlama işləri effekt vermir. Çünki ora qupquru olmalıdır ki, dərmanın da nəticəsi olsun. Onu da deyim ki, bir yaşayış binasına dərmanı almaq o qədər də asan başa gəlmir. Əgər zirzəmilərdə təmizlik olsa, buna da dərman vəsaiti az sərf olunar. Ən çox dərman sərfiyyatı axmazlara gedir. Şəhərimizin 6 axmazı var. Axmazların Kürlə əlaqəsi olmayanları çoxdur. Ağcaqanadlar da süfrələrini, adətən, axmazların qıraqlarına tökürlər. Bir misal çəkim: bir konserva qutusunda ağcaqanadların tökdüyü süfrələr bir milyona yaxın ağcaqanad yaradır. Ona görə də bu axmazlar mütəmadi olaraq dərmanlanmalıdır ki, bunların qarşısı alınsın”.
– Bəs sizi daha çox narahat edən problemlər hansıdır?
– Hal-hazırda bizi çox narahat edən problemlər şəhərin dezinfeksiya işlərinin aparılmasıdır. Dövlət idarələrinə büdcədən pul ayrılır və işlər həllini tapır. Amma MİS-lər müqavilələri olsa da pulunu ödəmirlər. Dezinfeksiya İdarəsi də tam təsərrüfathesablı idarədir. Yəni onun işlətdiyi dərmanın pulu ödənməlidir. Hətta maşınlara sərf olunan yanacağın də pulu ödənməlidir. İşçilərin də əməkhaqları ödənməlidir. İşçi 5 aydır əməkhaqqı almırsa, ona necə demək olar ki, get binaları dərmanla. Dezinfeksiya stansiyasının pulu ödənməlidir ki, bunlar da dərmanlama işlərini vaxtlı- vaxtında həyata keçirə bilsinlər. Bu sarıdan problemlərimiz var. Dezinfeksiya işləri olmasa, şəhərin nə səliqə-sahmanı, nə gözəlliyi xəstəliyin qarşısını almır. Profilaktik dezinfeksiya olunmalıdır.
– Belə çıxır ki, pulun yoxsa yıxıl öl, bəs bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
– Dezinfeksiya İdarəsi tam təsərrüfathesablı, müstəqil idarədir. Onun mənə tabeçiliyi ondadır ki, mən onların işinə nəzarət edirəm. Baxmayaraq ki, təşkilatların çoxu sərbəstdir, amma mən onlara nəzarət edirəm. Deyirəm, bu binalar dərmanlanmalıdır, idarənin müdiri isə deyir ki, mənim işçim 5 aydır əməkhaqqı almır. Problemin həlli pul ödəyən idarələrdən asılıdır. Bu problem ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. Məsələn, şəhərin Qres qəsəbəsində ödəniş var və sərbəst şəkildə dərmanlama işləri aparılır. Ümid edirəm ki, aidiyyəti orqanlar yəqin ki, bu məsələ ilə bağlı bir tədbir görərlər.

– Küçələrdə günün altında şirəli, qazlı suların satışı hələ də davam edir. Buna münasibətiniz?
– Tərəfimizdən dəfələrlə bu məsələ qaldırılıb. Bildirmişik ki, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoxlanılmamış, razılıq verilməyən qazlı, şirəli suların satışı yığışdırılsın. Bu barədə yazılı məktubumuz da var. Bir neçəsini də yoxlayıb satışına icazə vermişik. Amma qalanları heç bilinmir ki, bunun satdığı nə suyudur. Cənab başçı da bu işlə çox ciddi məşğul olmağımızı tapşırıb. Ona görə də biz bu işlərin yoxlanılması üçün hər gün məşğul oluruq.
– Mingəçevirdə dondurma istehsalı ilə məşğul olan müəssisə fəaliyyət göstərir. Öz təşəbbüsünüzlə belə müəssisələrdə yoxlama apara bilirsinizmi?
– Mingəçevirdə bir dondurma istehsalı müəssisəsi var. Onun istehsal yeri və dondurmanın keyfiyyəti bizi qane etmədiyi üçün fəaliyyətinə xitam vermişik. Amma digər satılan dondurmalar sahibkarlar tərəfindən həyata keçirilir. Onların da sənədləri baş idarə tərəfindən yoxlanıldıqdan sonra satışına icazə verilir.
– Mingəçevir dənizi ilə məşhur olan bir şəhərdir. Yay aylarında Mingəçevirə gələn turistlərin ən çox üz tutduqları yer çimərlikdir. Burada vəziyyət necədir, hansı işlər aparılıb?
– Düzdür, Mingəçevir dənizi ilə məşhurdur. Buranın da təmizliyi həmişə diqqət mərkəzində saxlanılır. Dənizin ətrafında abadlıq işləri aparılıb, yeni qum gətirilib, su hövzəsinin suyundan da hər həftə nümunələr götürülüb yoxlanılıb, heç bir çirklənmə qeydə alınmayıb. Şəhərdə yoluxucu xəstəliklərin qarşısını biz alırıq. Yoluxucu xəstəlik elə bir şeydir ki, o özündən başqa, bir neçə adamı da yoluxdurur. Onun qabağını almaq müalicə eləməkdən sərfəlidir dövlət üçün. Ona görə də mərkəzimizdə elə bir problem yaranarsa, baş idarəmiz həll edir. Onu da vurğulamaq istərdim ki, insan yaranandan bu günə qədər bütün müharibələrdə 5 milyard yarım insan qırılıb. Amma xüsusi təhlükəli yoluxucu infeksiyalardan 6 milyard 300 milyon adam ölüb. Yoluxucu xəstəliklər müharibələrdən də dəhşətlidir. Amma indi baxın görək, bu xəstəliklər var? Əlbəttə yoxdur. Bütün bunların qarşısını alan müalicə həkimləri deyil, bizik. Amma işləməsək, bu xəstəliklər mütləq yaranacaq. Biz belə xəstəliklərin qarşısını alırıq və bu bizim işimizin görünməyən tərəfidir. Əsas işimiz də elə görünməyən işdir. Məqsəd camaatı xüsusi infeksiyalı xəstəliklərdən qorumaqdır.