“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

43

“Əsrin müqaviləsi” ilə milli uğur strategiyasının əsası qoyulub

Ümummili lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur.

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqları, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasil olunan neftin pay bölüsü haqqında müqavilənin imzalanması ilə bağlıdır.

Qeyd edək ki, ulu öndərin rəhbərliyi ilə işlənib hazırlanan yeni neft strategiyasının əsası “Əsrin müqaviləsi” ilə qoyulub və bu müqavilənin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası­nın uğurla həyata keçirilməsinə başlanılıb. Məhz “Əsrin müqaviləsi”ndən sonra dünya dövlətlərinin Azərbaycan iqtisa­diyyatına marağı daha da artıb, ölkəmizin beynəlxalq əlaqələri genişlənib.

Bu müqavilənin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını reallaşdıracaq çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edib. Ümummilli lider bu məsələdə qətiyyət nüma­yiş etdirərək, Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya ba­zarlarına çıxaracaq Bakı–Tbilisi– Ceyhan əsas ixrac boru kəməri ideyasını irəli sürüb.

Beləliklə, 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb. Bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”, “Sta­toil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”, “Remco”, “Delta”) iştirak edib.

Bununla da, müstəqil dövlətimizin neft strategiyası və doktrinasının əsası qoyulub. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərib, dövlət müstəqilliyinin mühüm təminatına çevrilib.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiya­sının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil edilib.

İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə olunub. “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına gətirib çıxarıb. Belə ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt Azərbaycanın tarixində ən aşağı səviyyədə – 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 mil­yon tona çatıb. Son 28 ildə isə Azərbaycanın neft istehsalı 4 dəfədən çox artıb.

Neft strategiyasının gerçəkləşməsi ilə respublikamı­zın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiya cəlb edilib. O vaxtdan bəri AÇG yatağının işlənməsinə təqribən 35 milyard dollar sərmayə qoyulub. “Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb.

Yeri gəlmişkən, Dövlət Neft Şirkəti ötən müddətdə 15 ölkənin 25 şirkəti ilə imzalanmış ha­silatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edib. Həmin sazişlər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard dollardan çox sərmayə yatırılıb. SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkət kimi tanınıb.

Burada onu da xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması mərasimi keçirilib. Saziş Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri tərəfindən imzalanıb. Sazişə əsasən BP layihənin operatoru olaraq qalıb. Saziş Milli Məclis tərəfindən 2017- ci il oktyabrın 31-də ratifikasiya olunub.

Beləliklə, 2017-ci il sentyab­rın 14-ü ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün olub, “Azəri–Çıraq–Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayıb.

Yeni sazişə əsasən “Azəri– Çıraq–Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlərin Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcəyi qərara alınıb. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin isə 75 faiz təşkil edəcəyi nəzərdə tutulub.

Bu sazişin ardınca, SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub. Hazırda AÇG-də tərəfdaşların iştirak payları belədir: BP – 30,37 faiz, “AzACG” (SOCAR) – 25 faiz, “MOL” – 9,57 faiz, “Inpex” – 9,31 faiz, “Equinor” – 7,27 faiz, “ExxonMo­bil” – 6,79 faiz, “TP” – 5,73 faiz, “Itochu” – 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) – 2,31 faiz.

Xatırladaq ki, indiyədək AÇG-dən hasil edilən 4,1 milyard bareldən çox neft dünya bazarı­na əsasən Bakı–Tbilisi–Ceyhan (BTC) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunub. Bu gün isə “Azəri–Çıraq–Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı proqnoz­laşdırılıb.

Qeyd edək ki, sari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat və 791 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə da­vam edib, AÇG-dən ümumi hasilat – “Çıraq” (25 min), “Mərkəzi Azəri” (108 min), “Qərbi Azəri” (109 min), “Şərqi Azəri” (62 min), “Dərinsulu Günəşli” (78 min) və “Qərbi Çıraq” (42 min) platfor­malarından birgə gündəlik orta hesabla 424 min barel təşkil edib.

Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorunda­kı “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırıl­ması çərçivəsində yanvar-avqust aylarında 6 milyard 629 milyon ABŞ dolları gəlir əldə edib.

Xatırladaq ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 163 mil­yard 965 milyon dollar olub.

Bütün bu qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi” imzalanandan bu günə qədər ulu öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir. Bu gün Azərbaycanın öz hesabına yaşamasında, kifayət qədər böyük valyuta ehtiyatlarının olmasında və iqtisadiyyatın dinamik şəkildə inkişafında bu müqavilənin xüsusi rolu var.

“Əsrin müqaviləsi” imzalanan vaxtdan indiyədək ölkəmizin neft-qaz sektorunun inkişafı da diqqətdə saxlanılır. Son statistik göstəricilər də bunu aydın göstərir. Məsələn, Ümumi Daxili Məhsul neft-qaz sektorunda cari ilin yan­var-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 98 faiz artaraq 41 milyard 576,9 milyon manat olub. Qeyd edilən vaxtda neft-qaz sektoruna 3 milyard 249,8 milyon manatlıq vəsait yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, səkkiz ayda Azərbaycandakı magistral neft kəmərləri ilə 24 milyon 57,3 min ton neft nəql olunub. Nəqletmənin 79 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin səkkiz ayı ərzində bu kəmərlə 19 milyon 2,7 min ton neft daşınıb. Dövr ərzində BTC ilə 3 milyon 12,7 min ton tranzit nefti də ötürülüb.

Yanvar-avqust aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 25 milyard 534,6 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 12,8 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, səkkiz ayda qaz nəqlinin 52,7 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri – CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 13 milyard 455,3 milyon kubmetr təbii qaz ixrac edilib.

Cari ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 30,6 milyard kub­metr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən bildi­rilib ki, qazın 9 milyard kubmetri “Azəri–Çıraq–Günəşli”dən, 16,4 milyard kubmetri “Şahdəniz”dən, 5,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil olunub.

Hesabat dövründə xaricə qaz satışı 14,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. Hesabat dövrü ərzində Avropaya 7,3 milyard kubmetr, Türkiyəyə 5,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kub­metr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3,7 milyard kubmetrə yaxın qaz nəql olunub.

Yeri gəlmişkən, Azərbaycanda yeni neft strategiyasının uğur­la həyata keçirilməsi, neft sənayesinə geniş sərmayə qoyu­luşu, neft əməliyyatlarında müasir texnika və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə nəhəng “Şahdəniz” qaz-kondensat yatağı aşkar edildi. Bununla da XXI əsrdə respublikamızın neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilməsinə zəmin yarandı.

Burada bəzi tarixi məqamları qeyd etmək istərdik. Belə ki, 2001- ci il martın 12-də ulu öndərimiz Heydər Əliyevin Türkiyəyə rəsmi səfəri çərçivəsində “Azərbaycanın təbii qazının Türkiyə Respubli­kasına tədarük edilməsinə dair Azərbaycan və Türkiyə Respublikaları arasında təbii qazın satışı və alışı haqqında müqavilə”, həmin il sentyabrın 29-da isə Gür­cüstan Respublikasının Prezidenti Eduard Şevardnadzenin Bakıya səfəri zamanı “Təbii qazın Gür­cüstan Respublikası ərazisindən tranziti, nəql edilməsi və satışına dair Azərbaycan və Gürcüstan Respublikaları arasında saziş” imzalandı.

Bundan 6 il sonra, 2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil oldu.

Uzunluğu 690 kilometr olan Bakı–Tbilisi–Ərzurum (Cənubi Qaf­qaz Boru Kəməri – CQBK) kəməri 20 milyard kubmetrədək qazı nəql etmək gücünə malikdir. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı–Tbilisi–Ceyhan (BTC) xam neft kəmərilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bakı–Tbilisi–Ərzurum kəmərinin fəaliyyətə başlaması Azərbaycanı ilk dəfə qaz ixracatçı­sına çevirdi. Kəmərin açılışından sonra Azərbaycan qazı Gürcüs­tan və Türkiyə bazarlarına ixrac olunmağa başladı və bu, eyni zamanda, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratdı.

Bundan sonra “Cənub Qaz Dəhlizi”nin fəaliyyətini təmin etmək məqsədilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin reallaşdırılmasına başlandı. Tikintinin maliyyələşməsi “Şahdəniz” müqaviləsinin işti­rakçısı olan şirkətlərdən ibarət Cənubi Qafqaz Boru Kəməri Şirkəti tərəfindən həyata keçirildi. Layihənin texniki operatoru “BP” (tikinti və istismar işləri üzrə), kom­mersiya operatoru isə “Statoyl” (biznes inkişafı və inzibati işlər üzrə) təyin olundu.

CQBK-nın tikintisinə 2004-cü ilin sonunda başlayan konsorsium işləri sürətlə apararaq, 2006-cı ilin may ayında başa çatdırdı. Elə həmin vaxtdan boru kəmərinin sınaqdan çıxarılması məqsədilə qazla doldurulmasına başlanıldı. “Şahdəniz”də birinci mərhələ üzrə işlər tam yekunlaşsa da, yoxlama prosesi getdiyi üçün hələ də qaz hasil olunmurdu. Buna görə də ləngiməyə yol verməmək üçün boru kəmərinin doldurulmasın­da AÇG yatağından çıxarılan səmt qazından istifadə edilirdi. CQBK-nın Türkiyə–Gürcüstan sərhədinə qədər doldurulmasına təxminən 0,1 milyard kubmetr qaz tələb olunurdu. Azərbaycan qazı­nın dünya bazarlarına çatdırılması isə 2006-cı il sentyabrın sonunda gözlənilirdi.

2006-cı ilin noyabrında Səngəçal terminalına ötürülən “Şahdəniz” qazı Bakı–Tbilisi– Ərzurum boru kəməri ilə nəql olunaraq, 2007-ci il iyulun 3-də Gürcüstan–Türkiyə sərhədini keç­di. Bununla da CQBK 2007-ci ilin iyul ayında tam istifadəyə verildi.

“Şahdəniz” yatağının kəşf edilməsi Azərbaycanın zəngin qaz ehtiyatlarına malik olduğunu göstərdi. Aparılan dəqiqləşmələr yatağın minimum 1 trilyon 200 milyard kubmetr qaz ehtiyatlarının olmasını təsdiq etdi. “Azəri – Çıraq – Günəşli” yatağındakı eh­tiyatlar da nəzərə alınmaqla artıq 2007-ci ildə ölkənin ümumi qaz ehtiyatları 1 trilyon 500 milyard kubmetrə çatırdı.Davam etdirilən kəşfiyyat işləri bu ehtiyatların arta­cağına böyük inam yaradırdı.

“Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il sentyabrın 1-dək “Azəri–Çıraq–Günəşli”dən 199 milyard kubmetr, “Şahdəniz”dən isə 174 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 121 milyard kubmetr həcmi ixraca nəql olunub.

Bu gün Azərbaycanın enerji strategiyasında neftlə yanaşı, qaz yataqlarının da istismara verilməsi mühüm yer tutur. Azərbaycanın qaz ehtiyatı 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan Res­publikası son 10 il ərzində qon­şu ölkələr bazarında etibarlı təchizatçı kimi tanınır. Cənub Qaz Dəhlizi adlandırılan üç boru kəməri inteqrasiya edilmiş 3500 ki­lometrlik boru kəmərləri sistemidir.

Trans–Adriatik (TAP) boru kəməri İtaliyaya qədər uzanır. Trans–Anadolunun (TANAP) ötürmə qabiliyyəti 16 milyard kubmetr, Trans–Adriatikin (TAP) ötürmə qabiliyyəti isə 10 mil­yard kubmetrdir. Qaza olan ehtiyacları nəzərə alaraq hazırda TANAP-ın ötürmə qabiliyyətini 32 milyard kubmetrə, TAP-ın ötürmə qabiliyyətini isə 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulur.

Rusiya–Ukrayna münaqişəsi başlanandan sonra 10-dan çox ölkə qaz ixracının çoxaldılması, yaxud ixraca başlanılması ilə bağlı Azərbaycana rəsmi müraciət edib. Bu da Azərbaycanın təbii qazına olan tələbatın artdığını göstərib. Xalq qəzeti