Əsrə bərabər zəngin və şərəfli inkişaf yolu qət edən Ədliyyə Nazirliyinin dövlətçilik tariximizdə müstəsna yeri vardır

34

 

Ədliyyə Nazirliyinin zəngin tarixi 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlanır. Müasir Azərbaycan ədliyyəsinin təməli məhz elə həmin gün qoyulmuş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur.  Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə sistemi həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində Ulu Öndərin diqqətindən kənarda qalmamışdır. Hüquq islahatlarının, xüsusən ölkədə ədalətin bərqərar edilməsi üçün məhkəmə-hüquq islahatlarının bugünkü Azərbaycan üçün daha böyük önəm kəsb etdiyini bəyan edən Ümummilli Liderimiz tərəfindən bu islahatlar uğurla həyata keçirilmiş, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamız, Hüquqi İslahat Komissiyasının yaradılması və səmərəli fəaliyyəti, qısa müddətdə məhkəmə və hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktlarının qəbulu ölkədə ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratmış, Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər aparılaraq nazirlik dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Qeyd etməyə dəyər ki, ölkəmizdə hərtərəfli islahatların, o cümlədən, hüquqi sahədə ardıcıl mütərəqqi tədbirlərin nəticəsi olaraq ədliyyə sahəsində görülən işlərin miqyası da artmış, ədliyyə fəaliyyətinin gələcək hərtərəfli inkişafının təmin edilməsi ilə bağlı kompleks tədbirlər müəyyən edən Dövlət Proqramının layihəsi hazırlanmışdır.

Müstəqillik illərində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilib. Bu gün qürurla deyə bilirik ki, Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə düşməni məğlub etdi. Ölkəmizin hərbi-siyasi uğuru, əsgərlərimizin qəhrəmanlığı sayəsində, şəhidlərimizin qanı və canı bahasına xalqımız 30 il həsrətində olduğu doğma torpaqlarına qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Öz doğma yurdlarına qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının uzun müddətlik həsrətinə son qoyuldu.

Ölkə Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 28-də Mingəçevir şəhərində ədliyyə fəaliyyəti ilə bağlı Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarından olan vətəndaşların qəbulu keçirildi. Keçirilən qəbulda vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident  İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin nazirliyin saytında yaradılan və daim yenilənərək interaktiv fəaliyyət göstərən, minlərlə istifadəçinin yararlandığı “Qarabağ Azərbaycandır!” üç dilli elektron məlumat platforması isə ölkəmizin ədalətli mövqeyinin təbliği və geniş yayılmasında əhəmiyyətli rol oynayır.

Həmçinin qeyd etmək istərdim ki, Mingəçevir Qeydiyyat şöbəsi  Mingəçevirdə 1947-ci ildən fəaliyyət göstərir. 2016-cı ildə isə şöbə yeni inzibati bina ilə təmin olunub. İnzibati binanın açılışında cənab nazir Fikrət Məmmədov şəxsən iştirak edib. Pandemiya dövründə işlərimizdə bir az çətinliklər olsa da artıq bunlar geridə qalıb. Artıq bu ilin fevral ayından doğumların səyyar qaydalarına başlanılıb. Belə ki, doğum evindən çıxan ana körpələrinin  ilk sənədi olan  doğum haqqında şəhadətnamə ilə təqdim olunur, bu da ananın sevincinə səbəb olur. Həmçinin təntənəli doğum qeyidləri də aparılır.

Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına sorğuları, müraciətləri həmin gün qeydiyyatı aparılır. Şöbəmizə ötən ilə nisbətən bütün əməliyyatlarla bağlı  bu il müraciətlərin sayı 5 dəfə  artıb. Yeri gəlmişkən bu günlərdə Türkiyə vətəndaşının Azərbaycan vətəndaşı ilə nikahlarının 2-ci  qeydiyyatı aparılıb. Həmçinin yeni ana olan xanıma övladının doğum evində təntənəli  ilk sənədi olan doğum haqqında şəhadətnaməsi təqdim olunub.

Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Bu birlik Ermənistan üzərindəki qələbəmizin təmin olunmasında böyük rol oynadı. Mən də  fürsətdən istifadə edərək, peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir və onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması üzrə şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

Mingəçevir şəhər Qeydiyyat söbəsinin rəisi, ədliyyə müşaviri Sevinc Elgiz qızi Hüseynova