Əsl insan haqqında qeydlər

529

 

Elə insan var ki, ona mal-mülkünə, puluna, vəzifəsinə görə hörmət edirlər. Amma çox az insan var ki, ağlına, mənəviyyatına, insanların  dərdinə şərik çıxmasına görə hörmət qoyurlar. Belə şəxslərdən biri də həmkəndlimiz Ağagül Abgül oğlu Camalov olub. Odur ki, öz zəhməti, savadı, mərdliyi, zəhmətkeşliyi sayəsində irəliləmiş, peşəsinə  məsuliyyətlə yanaşmış haqsızlığa qarşı mübarizə aparmış, fikirlərini həmişə sərbəst söyləmiz, rayonda, eləcə də Moskvada, Leninqradda və digər şəhərlərdə keçirilən ictimai-siyasi, mədəni-kütləvi tədbirlərin mütəmadi iştirakçısı olmuş bu şəxsin adı indi də çəkiləndə hamı ona rəhmət oxuyur. Bu isə onun yaddaşlara necə bir insan kimi həkk olunmasından bir daha xəbər verir.

Bəri başdan qeyd edək ki, Alpan kəndində dünyaya göz açmış Ağagül Abgül oğlu Camalovun soyadı ulu babası Məmmədəliyev Camal Məmməd oğlunun adından götürülüb. Camal-Mirənsə cütlüyündən 5 övlad (Çərkəz, Talıb, Yasəmən, Kamal, Abgül) dünyaya gəlib ki, onlardan biri də Ağagül Camalovun atası Abgül kişi olub. Ümumiyyətlə, bu ailənin oğul övladları kəndimizdə özlərinə məxsus ad qoyublar. Məsələn:

Rauf Ağagül oğlu Camalovun yaddaşından: “Atamın əmisi Çərkəz öz igidliyi ilə Alpanda, eləcə də ətraf kəndlərdə tanınan şəxs olub. Bir dəfə kənddə dava düşərkən qardaşı Kamalı xəncər ilə yaralayırlar. Bunu eşidən Çərkəz hadisə yerinə gəlir, Kamalı vuranı yerə yıxıb xəncər ilə onun dərsini vermək istəyir. Amma həmin adamın anası baş yaylığını yerə atmaqla oğlunu Kamalın əlindən alır. Çərkəz tutduğu adamı buraxıb gedəndə həmin adam onu boyun nayihəsindən vurur. Çərkəz həmin adamı tutub yenidən yerə yıxır. Amma bu dəfə də anası yaylığını yerə atmaqla onu xilas edir. Çərkəz bu dəfə də əl saxlayır.

Onun bu kişiyana hərəkətindən xəbər tutan ulu babam, bəylərbəyi Azay bəyin göstərişi ilə qoyun kəsib quyruq hissəsindən onun yarasına qoyub bağlayırlar. Təqsirkarları da cəzalandırır.

Bir dəfə Xaçmaz stansiyasında qatarda olarkən sərxoş rus əsgərləri müsəlman qadınına sataşmaq istəyirlər, araya Çərkəz girir və xəncəri ilə 5-6 rus əsgərini öldürür, amma ruslar  onu öldürüb hərəkətdə olan qatardan atırlar. Bu hadisədən bir gün sonra qardaşları Çərkəzin cəsədini tapıb kəndə gətirirlər. Atam Ağagül kişi deyərdi ki, atası (babam Abgül) dünyasını dəyişən günə kimi ruslara nifrət  etdi”.

Abgül kişi

…Abgül-Güləbətin cütlüyü isə 8 övlad – Bədyalcamal (1918), Səbrulla (1920), Afiyət (1923), Ağagül (1925), Əsədulla (1931), Nəsrulla (1934), Hüryət (1937)Əmrulla (1941) sahibi olub. Əkinçiliklə məşğul olan Abgül Camal oğlu 1929-cu ildə kəndimizdə təşkil olunmuş 1 May adına kolxoza daxil olaraq sıravi kolxozçu kimi işləyib. O, 11 fevral 1948-ci ildə dünyasını dəyişib. Onun həyat yoldaş Güləbətin Söhbət qızı 10 iyul 1956-cı ildə vəfat edib. Güləbətin haqqında o dövrün, daha doğrusu, İkinci Dünya müharibəsi illərinin mətbuatında belə bir yazı da dərc olunub: “Alpan kəndindəki 1 May kolxozunun üzvü 60 yaşlı Gülabatın xalanın adı kənddə iftixarla çəkilir. Bu qəhrəman ana 8 uşaq böyüdüb boya-başa çatdırmışdır”. Ağagül Camalov onun dördüncü övladı olub.

Ağagül kişinin müharibəyə qədərki həyat yolundan ştrixlər

15 noyabr 1986-cı ildə yazdığı tərcümeyi-halına görə, Ağagül Camalov 3 yanvar 1925-ci ildə anadan olub. 1932-ci ildə Alpan kənd 7 illik məktəbinin birinci sinfinə gedən Ağagül 1938-cu ildə bu təhsil ocağını bitirib. Elə həmin ildə Quba şəhərindəki Kənd Təsərrüfatı Texnikumunun bağ-bostan şöbəsinə qəbul olub. 1942-ci ilin may ayında texnikumu başa vurub. 1942-ci ilin iyul ayında Kənd Təsərrüfatı Nazirliyinin təyinatı ilə Qusarın Aşağı Ləgər kəndindəki Miçurun adına kolxozda aqronom vəzifəsində çalışıb. 1943-cü ildə Sovet Ordusu sıralarına çağrılaraq Orjenikidzə  şəhərində 90-cı ehtiyat hissəsində xidmətdə, 1943-cü ilin noyabrından 1945-cı ilin may ayınadək  isə döyüşən Sovet ordusunun 134-cü diviziyasının 738-ci hərbi hissəsində Birinci Belorusiya cəbhəsində alman faşistlərinə qarşı vuruşlarda iştirak edib.

İndi Camalov bizim hissənin fəxridir

Ağagül Camalov cəbhə bölgəsində bir sıra qəhrəmanlıqlar göstərib. Bununla bağlı kifayət qədər faktlar da var. Cəbhəyə çağırıldığı ilk günlərindən komandanlığın diqqət mərkəzində olan kiçik serjant Ağagül Camalov barədə Sovet İttifaqı Qəhrəmanı, kapitan S. Çudin “Sovetskiy voin” adlı diviziya qəzetində (3 sentyabr 1943-cü il) yazırdı: “Mənim rotama gənc bir döyüşçü gəldi. Onun bizim texnikaya necə baxmağı yadımdadır. Camalov heç vaxt minomyotdan atəş açmamışdı, amma o yaxşı minomyotçu olmaq istəyirdi. Mən ona kömək etdim. Onunla məşğul oldum. İndi Camalov bizim hissənin fəxridir. Onun sinəsini 3 dövlət medalı bəzəyir”.

1944-cü ilin sentyabr ayından partiya üzvü olan Ağagül Camalov haqqında “Stalinski voin” qəzetində isə  kapitan D. Luntsevin imzası ilə dərc olunan yazıda isə deyilir: “Yoldaşlar, xatırlayırsınız ki, atıcı Camalov mitinqlərin birində and içdi ki, döyüş vaxtı piyadalara arxa, dayaq olacaq.

Azərbaycan xalqının cəsur oğlu verdiyi sözü yerinə yetirmişdir. 3 əsgərimiz yaralandıqdan sonra tək qalmış Camalov ölüm-dirim anında özünü itirməmişdir. O, minomyotdan işğalçıların başına bütün mərmiləri yağdırdı. Hitlerçilər ona 50 metr yaxınlaşdıqda isə Camalov əl qumbaralarını işə saldı. Yeddi hitlerçini itirən faşistlər geri çəkildilər. Camalova bizim qırmızı qvardiyaçı salamımızı çatdırın. Sənə dərin təşəkkür edirik, yoldaş Camalov. Sənin qəhrəmanlığın çoxuna nümunədir.”

Baqramyanın erməni xisləti və…

Ağagül Camalovun arxivində saxlanılan o dövrün mətbuat nümunələrinə əsasən, demək olar ki, döyüş bölgəsində onun belə igidliklər göstərməsi  adi hala çevrilmişdi. Amma onun uğurlarına paxıllıq edənlər də az deyildi. Rauf Camalovun xatirələrindən: “Atam danışardı ki, Polşada Visla çayını ilk keçən onun bölməsi olur. Bölmənin çox üzvü yaralandığı üçün o  minatandan təkbaşına atəş açır. Əsas qüvvələr gələnə kimi müdafiəni saxlayır. Bu döyüşə görə komandanlıq tərəfindən ən yüksək mükafat olan Sovet İttifaqı Qəhrəmanı adına namizəd verilir. Amma familiyası kimin isə xoşuna gəlmir, atam “Qırmızı Bayraq” ordeni  ilə təltif edilir. Bundan sonra bir  dəfə də komandanlıq ona daha yüksək ad verilməsi ilə bağlı yuxarılar qarşısında, əgər belə demək mümkünsə, vəsatət qaldırır, bu dəfə isə atama “Vətən müharibəsi” ordeni verməklə kifayətlənirlər. Sonradan atam öyrənir ki, sən demə, bu məsələdə ona qarşı belə mövqe tutan, başqa sözlə desək, əngəl yaradan milliyyətcə erməni olan, müharibədən sonra marşal rütbəsinə layiq görülən İvan Xristoforoviç Baqramyan və onun tulaları olublar. Rəhmətlik atam deyərdi ki, erməni xainliyi, paxıllığı həmişə olub, olur və olacaq da”.

Yeri gəlmişkən qeyd edək ki, müharibə dövründə Ağagül Camalov 15-dən çox medal və ordenlə təltif olunub. Özü də starşina rütbəsinə kimi yüksəlib. Onun çətin döyüş yolu Berlin əməliyyatına, həmçinin sonradan Berlindəki Sovet qoşunlarına rəhbərlik edən Sovet İttifaqı Marşalı Jukovun da diqqət mərkəzində olub.  Jukovun, eləcə də Hərbi Şuranın üzvü general-leytenant Teleqinin  imzası ilə 20 dekabr 1945-ci ildə Ağagül Camalova verilən sənəd də bunu təsdiq edir. Həmin sənəddə deyilir ki, siz ağır, həm də çətin müharibə yolu keçmisiniz, sizin də bu qələbədə kifayət qədər payınız var: “Vətən qarşısındakı vicdanlı xidmətlərinizə görə Sizə təşəkkür elan edirəm”.

Berlinəcən və yaxud Reyxstaqda izini qoyan kişi

738-i atıcı polkun minomyotçular rotasının döyüşçüsü kimi Ağagül Camalov Berlinə kimi şərəfli döyüş yolu keçir. Qeyd edək ki, Berlinin sovet əsgərləri tərəfindən alınması zamanı ən çox müdafiə olunan binalardan biri Reyxstaq olub. SSRİ komandanlığı buranı nasistlərin əsas mərkəzi saydığından qısa müddətə binanın alınması tapşırıq kimi qoyulub. Ancaq  binanın müdafiəsi o qədər güclü olub ki, sovet əsgərləri buranın hər bir otağı uğrunda vuruşublar. Reyxstaq alındıqdan sonra sovet əsgərləri divarlara süngü ilə öz adlarını, soyadlarını, boya-başa çatdıqları el-obanın, eləcə də digər şəhərlərin adlarını yazıblar. Reyxstaqın alınmasında xeyli azərbaycanlı iştirak etsə də onların əksəriyyəti adlarını bu binanın divarlarınaı həkk edə bilməyiblar. Amma AğagüL Camalov Reyxstaqın divarlarına öz imzasını da atıb.

Müharibədən sonrakı fəaliyyəti

1945-ci ilin may ayından Berlin şəhərində Sovet ordusu sıralarında xidmət edən Ağagül Camalov 1946-cı ilin fevral ayında SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanına əsasən kənd təsərrüfatı mütəxəssisi kimi ordu sıralarından tərxis olunub. 1946-cı ilin mart ayından 1952-ci ilin aprel ayınadək Alpan kəndində 1 May adına kolxozda aqronom, 1952-ci ilin aprel ayından 1953-cü ilin yanvar ayınadək həmin kolxozun idarə heyətinin sədri vəzifəsində işləyib.

Haşiyə

Ağagül Camalovun yaddaşlara həkk olunmuş sitatlarından: “Deyirlər ki, filan kolxoz, filan sovxoz planı artıqlaması ilə ödəyir. Aradan bir müddət keçəndən sonra həmin təsərrüfata gedən nə görür? Kənd elə həmin kənd, nə yeni bir tikili, nə də təzəliyə, yeniliyə doğru bir dəyişiklik. Daha bunun harası plan doldurmaq oldu. Plan doldurmaq ona deyərəm ki, təsərrüfatın iqtisadi göstəriciləri sənin doğma yurd-yuvanda yeni bir obeyktdə özünü göstərsin”. O, öz işində buna əməl etməyə çalışıb.

…1953-cü ilin yanvarından 1954-cü ilin aprelinə kimi rayon partiya komitəsində  kənd təsərrüfatı şöbəsinin müdiri işləyib. Həmin şöbənin ləğvi ilə əlaqədar 1954-cü ilin aprel ayından 1956-cı ilin mart ayınadək rayonun Növdün kəndində M.F.Axundov adına kolxozun İdarə heyətinin sədri olub.

Rauf Camalovun yaddaşından: ”1954-cü ildə Növdün kəndində M.F.Axundov adına kolxozun İdarə heyətinin sədri vəzifəsində çalışan atam gecə Alpana gələrkən “Şimi” dərəsində atı nədənsə hürkür və sürətlə qaçmağa başlayır. Bu zaman atın ayağı kötüyə ilişib yıxılır. Atın tərkindən yerə yıxılan atamın bel sümüyü əzilir və huşunu itirir. At isə qaçaraq özünü kəndə-evimizə çatdırır. Əmilərim atın qan-tər içində olmasından başa düşürlər ki, atama nə isə olub. Onlar atamı tapıb, xəstəxanaya aparırlar. O vaxt həkim deyir ki, ay Ağagül kişi, vallah-bilah, anan namaz üstündə olub, ucuz atlamısan. Elə bu səbəbdən atam həmişə deyərdi ki, mən 1954-cü ildə yenidən dünyaya gəlmişəm”.

M.F.Axundov adına kolxozun İdarə heyətinin sədri vəzifəsindən öz ərizəsinə əsasən azad olunan Ağagül Camalov 1956-cı ilin mart ayından 1959-cu ilin aprelinə qədər Quba rayon partiya komitəsində təlimatçı, 1959-cu ilin aprelindən 1960-cı ilin dekabr ayınadək Quba rayon kənd təsərrüfatı müfəttişliyində baş aqronom vəzifəsində işləyib.

1960-cı ilin dekabrından 1963-cü ilin yanvar ayınadək Quba rayon partiya komitəsinin ikinci katibi vəzifəsində çalışıb. 1963-cü ilin yanvar ayında Quba və Xaçmaz rayonlarının birləşdirilməsi ilə əlaqədar həmin vəzifədən azad olunub və həmin tarixdən 1968-ci ilin avqustuna kimi Quba rayon icraiyyə komitəsinin sədr müavini vəzifəsində işləyib.

1968-ci ilin avqustundan 1971-ci ilin dekabr ayına qədər Quba rayon Kooperativlər İttifaqı İdarə heyətinin sədri olub. Həmin vəzifədən ərizəsinə əsasən azad edilib. 1972-ci ilin sentyabrından 1982-ci ilin iyuluna kimi Quba icraiyyə komitəsində plan komissiyasının sədri, 1982-ci il avqust ayından 1986-cı ilin aprelinə kimi Azərbaycan SSR  Tədarük Nazirliyi Quba rayon kənd təsərrüfatı məhsullarının satın alınması və keyfiyyəti üzrə dövlət müfəttişi vəzifəsində işləyib. 1986-cı ilin iyul ayından təqaüdə çıxıb.

Haşiyə

Göründüyü kimi, o, uzun müddət həm də  ticarət, yeyinti təşkilatlarında çalışıb. Bu işlərdə isə təmiz adı qoruyub saxlamaq hər adamın işi deyil.  Amma Ağagül Camalov heç zaman nəfsinin qulu olmadığından öz şəxsiyyətinə ləkə gətirməyib. Amma onun təmizliyinə dodaq büzənlər, üstəlik dar gününü fikirləşmədiyini deyənlər az olmayıb. Belələrinə isə Ağagül Camalov belə deyərmiş: “Eh sizə nə deyim…Bəlkə elə dar günü fikirləşəndən insanın “qara günü” başlanır.”

Ailəsi

Ağagül kişi halal ruzisi ilə 6 övlad böyüdüb. Onlardan 3-ü həkim, digərləri isə müxtəlif ixtisas sahibləri olublar. Hazırda Səidə xanım  həkim-endokrinoloq, Rauf bəy həkim-terapevt kimi fəaliyyətlərni davam etdirirlər. Daxili İşlər Nazirliyində aparıcı mütəxəssis çalışmış Taryel təqaüddədir. Şəhla xanım Xudat şəhəri 3 orta məktəbində ingilis dilini tədris edir. İxtisasca tarixçi olan Eynulla isə Quba 2 sayllı məktəbin direktorudur. Həkim-terapevt Ramiz Ağagül oğlu isə 1980-cı ildə dünyasını dəyişib.

Onu da qeyd edək ki,  Ağagül Camalov 1928-ci il təvəllüdlü həmkəndlimiz  Qayıbova Reyhan xanımla 10 iyun 1955-ci ildə ailə qurub. Reyhan xanımın atası Osman kişi, həm də anası Ziyarət  xanım bəy nəslindən olublar. Babası bəylərbəyi Azay bəy olub. Osman kişinin ailəsində 7 uşaq (Zöhrab, Möhrab, Sənan, Reyhan, Ağalar, Qərib, Şamxal) olublar. Sovet hakimiyyəti qurulandan sonra bəylər də sürgün ediliblər. Osman bəy ailəsi ilə Qusar rayonuna köçüb.

Rauf Camalovun yaddaşından: “Babam Osman Rusiyada ali məktəbi bitirib. Qusar rayonunda mühasib işləyib. Böyük oğlanları Zöhrab və Möhrab instituta girən ili müharibə başlayır. Hər ikisi  müharibədən geri qayıtmayıb. Babam Osman kişi 50 yaşında rəhmətə gedir. Anamın dayısı Zaman bəy onları Alpana gətirib.

Reyxan xanımın orta məktəb savadı var idi. Qusarda məktəbdə oxuyarkən dərslərindən həmişə yüksək qiymətlər alıb. Ümumiyyətlə, intellektual səviyyəsi çox yüksək idi. Babamın böyük arzusu olub qızına ali təhsil vermək. Amma əcəl imkan verməyib”.

Dünyanı heyran qoyan Reyhanımız

Adını daşıdığı nəvəsi Reyhan Camalova (Rauf bəyin qızı) ölkə və dünya miqyasında uğura imza atmaqla nənəsinin ruhunu şad edib. Belə ki, o,  28-30 noyabr 2017-ci il tarixlərində ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanın Heydərabad şəhərində keçirilən və 150 ölkə sahibkarlarının iştirak etdiyi “Qlobal Sahibkarlıq Sammiti 2017” də öz “Rainergy” layihəsi ilə bütün nəzərləri Azərbaycana yönəltməyi bacarıb. Hətta həmin tədbirdə ABŞ Prezidenti Donald Trampın baş müşaviri və prezidentin sammitdəki nümayəndəsi İvanka Tramp da 15 yaşlı Reyhan xanım haqqında xoş sözlər deyib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır”. Enerji istehsalı ilə məşğul olan məşhur dünya şirkətləri azərbaycanlı qızın əldə etdiyi nəticələri yüksək qiymətləndiriblər.

Məlumat üçün bildirək ki, həmin qurğunun iş prisipi yağış yağarkən rezervuara toplanan suların yüksək sürətlə aşağı hərəkət etməsi nəticəsində aşağıda yerləşdirilmiş generatoru işə salması və bu zaman yaranmış enerjinin  akkumulyatorda toplanmasından ibarətdir.

Reyhan Camalova Prezident İlham Əliyevin sərəncamı ilə “Gənclər üçün Prezident mükafatı”na layiq görülüb. Eyni zamanda “Rainergy” qurğusunun yaradıcısı, gənc ixtiraçı ASAN Xidmətin ideya müvəkkili təyin edilib. Qeyd edək ki, orta məktəbi qızıl medalla bitirmiş “Rainergy” layihəsinin təsisçisi, Prezident təqaüdçüsü Reyhan Camalova “Forbes 30 Under 30 Asia” siyahısına düşən ilk azərbaycanlıdır. O, BBC tərəfindən 2018-ci il üzrə seçilmiş 100 ən nüfuzlu və ilhamverici qadından biri olmaqla yanaşı, “TRT Dünya Vətəndaş Mükafatları” (“TRT World Citizen Awards”) qalasında dünya üzrə Gənclər mükafatının sahibidir. Reyhan xanım həm də “The Global Good Fund” təqaüd proqramının 2020-ci il üzrə təqaüdçülərindən biri, BP şirkətinin “One Young World” sammitində iştirak etmək üçün seçdiyi 6 “NetZero” təqaüdçüsündən biri kimi tarixə düşüb. O, bunlardan başqa bir sıra ilklərə də imza atıb.

Nobel mükafatı qazanmaq isə Reyhan xanımın ən böyük arzusudur. Qeyd edək ki, Reyhan uşaqlıqdan yeni ixtiralara və kəşflərə maraq göstərib və bu yolda ailəsindən atası Raufdan və anası Ulduz xanımdan böyük dəstək alıb.

 

Vaşaq məsələsi

Azərbaycan SSRİ-nin “Fəxri ovçusu” olan Ağagül Camalov təbiəti çox sevərdi. Ov məsələsinə gəldikdə isə, o, buna istirahət kimi yanaşardı. Amma deyilənlərə görə, yaxşı nişançı idi. Bu barədə söz düşəndə isə belə deyərmiş: ”Savaddan əlavə, hər bir insan yaxşı üzməyi, yaxşı güllə atmağı, yaxşı at sürməyi bacarmalıdır. Əgər mən yaxşı üzməyi bilməsəydim, Visla çayında batardım, çünki alman faşistlərinin atdıqları mərmilər bizim də salı da məhv etmişdı. Hamımız istər istəməz suya düşdük. Nə qədər əsgərlər üzə bilmədiklərindən boğuldular”. Amma heyvana güllə atmağa əli gəlməzmiş. Buna rəğmən, başqa ölkələrdən gələn qonaqlarını da təbiətin qoynuna aparmaqdan zövq alarmış.

Rauf Camalovun yaddaşından: “Bu yerdə atamın söylədikləri əsasında bir ov əhvalatını da danışmaq istərdim. Deməli, belə. Bir dəfə hava qaralana yaxın meşədə bir ağacın altında keçərkən hiss edir ki, ağacda nə isə var, qeyri-ixtiyarı tüfəngi çiynindən aşırıb ağaca tuşlayır. Birdən ağacdan düz üstünə nə isə tullanır. Atam atəş açır… yerə düşüb ölən  iri bir vaşaq olur.

Yadıma düşmüşkən, Ağbil kəndində Hacıəli adlı tanışı var idi, atam onunla ova gedərdi. Həm də dayısı uşaqları Məstan dayı, İsmayıl dayı ilə. Amma o, balıq tutmaqdan xüsusi zövq alardı. Mən atamla birgə ötən əsrin 70-ci illərdə Samur çayına balıq tutmağa dəfələrlə getmişəm və bunun şahidi olmuşam. Hə, bir də mən həmişə atamı səhər tezdən duran, səhər idmanı edən,soyuq su ilə yuyunan görmüşəm”.

Daha bir xatirə, yaxud “Zoya”nın ölümü…

Rauf Camalovun yaddaşından: “Atam bir dəfə mənə bir əhvalat da danışdı. Dedi ki, bir gün əkinləri gəzərkən yeni doğulmuş ceyran balasına rast gəldim. Anası yox idi, bəlkə də vəhşi heyvanlar tərəfindən məhv edilmişdi. Onu evə gətirdim. Anam Güləbətin (mənim nənəm) balaya qulluq etməyi boynuna götürdü. Ona ad da qoymuşdu: Zoya. Artıq böyümüş çox yaraşıqlı olmuşdu. Hətta sərbəst ikinci mərtəbəyə çıxıb düşürdü. Anamın otağındakı palazın üstündə yatırdı. Bir gün kənd əhlindən bir nəfər, çəpərdən ceyranı görür və “ay Güləbətin, bu cüyür necə də gözəlləşib” deyir. Bu “xeyir-duadan” yarım saat keçməmiş bala ceyran evdəkilərin gözü qarşısında tələf olur. Hamı o adamın güclü nəzərə malik olmasını bilirdi. Qonşular mənə bala ceyran can verərkən ”kəs dedilər”, amma mən sərt etiraz etdim. Öldükdən sonra bağda basdırdım”.

Atalı günlərini xatırlayan Səidə xanımın yaddaşından:

“Atam müxtəlif vəzifələrdə çalışıb. Amma həmişə övladlarına qayğı ilə yanaşıb. Hətta biz, yəni 2 qardaş, 2 bacı Bakıda təhsil alarkən hər şənbə günü günorta yeməyimizə özünü çatdırardı.  Özü ilə də hər dəfə anamın bişirdiyi ləziz yeməklərlə bizə dünyalar bəxş edərdi. Hətta yeməklərin arasında adyala bükülmüş qazanda aş da gətirərdi. Bizimlə 2-3 saat vaxt keçirəndən, daha doğrusu, qayğılarımızla maraqlanandan sonra yenidən rayona qayıdardı. Rayonda tətildə olanda isə pərvanə kimi başımıza dolanardı.

Nəslimizdə hamı ona “Ata” deyə müraciət edərdi. Çünki o, yalnız bizim qayğımıza qalmırdı, nəslimizin, qonum-qonşunun, ona müraciət edənlərin hər birinin etimadını doğruldurdu.  Hətta cavanların ailə qurmasına yardımçı olurdu, ərə gedən qızlara cehiz alardı. Anamın sözü olmasın, bizdən çox onlara əl tutardı. Atamızın bu kimi müsbət xüsusiyyətləri bizə də keçib. Belə ki, bu gün atamın övladlarının hər birində belə xüsusiyyətlər var.

Atam Dərbəndə Vətənimiz deyərdi. Dərbəndə yolumuz düşəndə onun tarixi barədə məlumat verərkən bildirərdi ki, Dərbənd Azərbaycanın ən qədim şəhərlərindən olub. Bilin ki bura da Vətəndir. Vətənimiz çox böyükdür. “Kitabi Dədə Qorqud”da Dəmirqapı Dərbəndin də adı çəkilir. Deyilənlərə görə, Dədə Qorqudun da qəbri də bu şəhərdədir.  “Koroğlu” dastanında Koroğlunun “Dərbənd səfəri” adlı bir qol var. Ümumiyyətlə, götürdükdə isə vaxtı ilə Dərbənd Azərbaycanın qapısı hesab edilib. Buna da səbəb Dərbəndin olduqca əlverişli bir coğrafi mövqedə yerləşməsi olub. Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintisinin şah əsəridir. 1806-cı il iyunun 21-də Dərbənd rus qoşunları tərəfindən işğal edilmiş və şəhər Rusiya imperiyasının tərkibinə daxil edilmişdir.

Atam Alpanda kəndinin ilk ali təhsil alanlarından biri olub. O,  müharibədən sonra rayon miqyasında  yüksək vəzifədə çalışan ilk alpanlı olub. O, hər kənd sakinini öz yaxını bilib, həmişə də onlara kömək göstərməyə çalışıb. Hətta Bədrəddin Talıbovun (o atamın əmisi oğlu idi), Xıdır Balayevin, Vahid Qubatovun və digərlərinin rayon miqyasında daha məsul vəzifələrdə çalışmalarında öz köməyini əsirgəməyib. Alpana yol, işıq çəkilməyində danılmaz xidmətlər göstərib. Atam ötən əsrin 60-cı illərindən Qubada yaşasa da əgər belə demək mümkünsə bir ayağı Alpanda idi. O, doğma kəndini çox sevərdi. Elə bu kənddə də torpağa tapşırılmasını vəsiyyət etmişdi. Biz də onun vəsiyyətinə əmək etdik. Qardaşımın, nənələrimin, əmilərimin, bibilərimin məzarları da Alpandadır. Onu da deyim ki, atamın ölümünü vaxtsız vəfat etmiş qardaşımın  ölümü tezləşdirdi. Çünki atam 30 yaşında rəhmətə getmiş qardaşım Ramizin ölümünü heç cür həzm edə bilmirdi. Hətta deyərdim ki, onun ölümü ilə dünya kişinin gözündən düşmüşdü. Atam 2003-cü ilin noyabrın 15-də dünyasını dəyişib”.

Son

Kim nə deyir desin. Ölüm bu dünyadakı ömrümüzün sonu olsa da, əbədiyyətə aparan yoldur. Xatirələr isə bu dünyada insanın davam edən ömrüdür. Elə qələmə aldığım xatirə yazısı da həmişə böyük ehtiramla anılan  Ağagül Camalovun xatirələrdə yaşayan ömrüdür, elə deyilmi?

Qvami Məhəbbətoğlu (Rəsulov)

Abgül kişi və Güləbətin xanım

Müharibə illərində…

Rayonda təşkil olunmuş tədbirdə

Agagül kişi trubunada