Əsgərdən yaxşı əsgər tapacaqlar?

Fikrim heç də oxuculara başağrısı vermək deyil. Onsuz da indi bu və ya digər səbəblər hərənin başında bir problem yaradıb. Odur ki, bir neçə kəlmə ərz edib çəkiləcəyəm yerimə.

Bu dəfə “Neftçi”dən, daha doğrusu, onun yeni təyin olunmuş baş məşqçisi Əsgər Abdullayevdən danışmaq istəyirəm. Bəli, artıq iki turdur ki, bu məşqçinin rəhbərliyi altında çalışan “Neftçi” qələbələr qazanır. Üstəlik, yeni rekordlara imza atır. Bəli, “Neftçi” son 8 ildə “Xəzər Lənkəranı” Lənkəranda məğlub edə bilmirdi. Məhz Əsgər Abdullayev bu həsrətə son qoydu (0:2). Özü də nəhs, yəni on üçüncü turda… Bəli, məhz Əsgər Abdullayev növbəti turda 9 matçda üstələyə bilmədiyi ağdamlıların qələbə seriyasını qırdı (1:0). Təbii ki, bu iki mühüm qələbə, iki oyundan maksimum xal qazanması “Neftçi”nin əyilmiş belini dikəltdi, yəni o, 6-cı pilləyə yüksəldi, bununla da “flaqman”, əgər belə demək mümkünsə, əsanı yerə qoymuş oldu. Bununla da “ağ-qaralar” turnir cədvəlinin “renimasliya şöbəsi”ndən çıxdı. Yenə deyirəm, təbii ki, “Neftçi” buna Əsgər Abdullayevin qısa zaman kəsiyindəki bəzi ideyaları – “müalicəsi” sayəsində, onun öz sözləri ilə desək, sistemi dəyişməklə nail oldu. Bununla da Əsgər bəy, həqiqətən, “Neftçi”nin həqiqi əsgəri olduğunu sübut etdi.

Aşıqlar demişkən, bu söhbəti bu yerdə qoyub keçirəm məni daha çox düşündürən bir məsələyə… Mən elə bilirdim ki, “Qarabağ” üzərindəki qələbədən sonra “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev daşı ətəyindən tökəcək, yəni “Neftçi”yə yeni baş məşqçi postuna əcnəbi mütəxəssis axtarışından vaz keçəcək və buna ehtiyac olmadığını bəyan edəcək. Lakin elə həmin oyundan sonra o nə desə yaxşıdır? Dedi ki, həzərat, Əsgər Abdullayevin rəhbərliyi altında uğurlu nəticələrə imza atmağımız bizi lap çox sevindirir, amma fikrimi dəyişməyi xoşlamıram, yəni söz ağzımdan çıxıb, mən də sözümün ağasıyam, planlarımız olduğu kimi qalır, hazırda əsas hədəfimiz əcnəbi mütəxəssisdir. Sözün düzü, Çingiz müəllimin bu açıqlaması mənə “toyuq bir buddur” məsələni xatırlatdı. Yəqin, bu məsəli bilən də var, bilməyən də var, lakin mən burada ondan söz açmaq fikrində deyiləm. Çünki Molla Nəsrəddin kimi güman edirəm ki, bilənlər bilməyənlərə nəql edəcəklər.

Yenə bizim aşıqlar demişkən, bu söhbəti bu yerdə qoyub keçirəm Əsgər Abdullayevə… Amma hərdən mənə elə gəlir ki, hər oyundan sonra Çingiz müəllim əcnəbi məsələsini bu şəkildə qabartmaqla Əsgər bəyə psixoloji təsir göstərir. Hətta deyərdim ki, onun qol-qabırğasını qırır. Görəsən Çingiz müəllim bunu bilirmi? Məncə, bilməmiş deyil. Sadəcə, dediyi sözünü geri götürmək istəmir. Kimi bilir, bəlkə də o, bu israrı ilə xasiyyətinə bizdən yaxşı bələd olduğu, dilini bizdən yaxşı anladığı Əsgər bəyi təzyiq altında saxlamaq istəyir? Bəlkə, bu, Çingiz müəllimin heç kimə açıqlamaq istəmədiyi taktikasıdır? Təki belə olsun.

Heç şübhəsiz ki, Əsgər bəy növbəti turlarda da uğurlar əldə etməyə cəhd edəcək, bu, öz yerində… Və mənə elə gəlir ki, məhz bu yolla o, Çingiz müəllimin bu planını suya salmış olacaq. Yəni demək istəyirəm ki, Əsgər bəy öz həqiqi əsgər borcunu davam etdirməklə “generalına” təsir edə bilər. Bu, onun öz əlindədir. Mənim şəxsi fikrimə gəldikdə isə, bu gün “Neftçi”yə əcnəbi baş məşqçi gətirmək əsla çıxış yolu deyil. Çünki həmin baş məşqçiyə ayrılacaq vəsaitlə xalqın komandası üçün daha samballı işlər görmək olar.

Və sonda. Məndə olan məlumata görə, indiyədək “Neftçi”də Vlastimil Petrjela (Çexiya), Anatoli Demyanenko (Ukrayna), Hans-Yurgen Gede (Almaniya) kimi baş məşqçilər çalışıblar. Lakin Demyanenkonu çıxmaq şərtilə (o, İntertoto Kubokunda iki mərhələ adlayıb) onlardan heç biri ümidləri doğrultmayıb. Bütün bunları bilə-bilə yenidən belə bir sevdaya düşmək absurd deyilmi? Görünür, Çingiz müəllim yazacağı əsərin baş qəhrəmanını həyatda, daha doğrusu, “Neftçi”də də görmək istəyir. Nə deyirik, yazar aparsın…

QVAMİ MƏHƏBBƏTOĞLU