“Əsas şübhəlilər hələlik azadlıqdadır”

Fransada “Charlie Hebdo” satirik jurnalına terror hücumunda şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Bunu Fransanın Baş Naziri Manuel Vals açıqlayıb. Lakin o, əsas şübhəlilər – Şərif və Səid Kaşi qardaşlarının hələlik azadlıqda olduğunu deyib. Baş Nazir hadisənin arxasında bu şəxslərin dayandığına əmin olduğunu söyləyib.
M. Vals həbs olunanların sayını və adlarını açıqlamasa da, daxili işlər naziri Bernar Kaznyöv 7 nəfərin saxlanıldığını bildirib. Daha əvvəl şübhəli şəxslərdən biri – 18 yaşlı Hamid Murad polisə könüllü təslim olub. Lakin o, terrorda iştirak etmədiyini və alibiyə malik olduğunu bəyan edib.

 

Terrorçu qismində şübhəli bilinən qardaşların fotoları yayılıb

Fransa polisi “Charlie Hebdo” satirik jurnalının redaksiyasına terror hücumu etməkdə şübhəli bilinən iki qardaşın fotolarını yayıb. Polis şahidlərdən lazımi məlumatlar əldə edə bilmək məqsədilə fotoları dərc edib. Səid və Şərif Kaşi adlı qardaşların həbsi üçün order verilib.

 

Səid və Şərif qardaşları

Suriyada döyüşüblər

Parisdə terror aktını törədən silahlılar Suriyada döyüşüblər. Bu barədə Fransanın “Le Point” jurnalı yazıb. Məlumata əsasən, polis artıq üç terrorçulardan ikisinin şəxsiyyətini müəyyənləşdirib. Onların hər ikisi, 32-34 yaşlı Əlcəzair mənşəli Fransa vətəndaşlarıdır. Terrorçular 2014-cü ilin yayında Suriyadakı silahlı münaqişə zonasından Fransaya qayıdıblar. Fransa polisi digər təfərrüatlar barədə hələlik məlumat vermir.

Fransadakı terrora “Twitter”in

reaksiyası

Populyar sosial şəbəkələrdən biri olan “ Twitter “ də Müsəlmanlara qarşı təxribat məqsədli virtual hücum olub. Fransanın paytaxtı Parisdə 12 karikaturaçının ölümü ilə nəticələnən terror hücumundan sonra mötədil müsəlmanlar da təhrik edici virtual hücuma məruz qalıblar. Tvitter mikrobloqunda “killallmuslims” (Müsəlmanları öldürün) heşteqi ilə müsəlmanlara qarşı nifrət aşılayan minlərlə ismarış yayılıb. Tamamilə təxribat məqsədli yayılmış heşteq 15 dəqiqəyə yaxın tvitterin efirində qalıb. Bir müddət sonra müsəlmanların da etiraz ismarışlarından sonra tvitter rəhbərliyi bu heşteqlə yazılmış ismarışları silib.

Məscidlər hücuma məruz qalıb

Dünən səhər saatlarında naməlum şəxslər tərəfindən Le-Man şəhəri yaxınlığındakı Sablon məscidinin həyətinə bir neçə əl qumbarası atılıb. Qumbaralardan ancaq biri partlayıb, heç kim xəsarət almayıb. Hazırda ibadətgah ətrafında polis mühafizəsi var. Daha bir hücum Od departamentinin Por-la-Nuvel şəhərində baş verib. Cinayətkarlar axşam namazından təxminən 1 saat sonra şəhərdəki məscidi tapançadan atəşə tutublar. Həmin anda məscid boş olduğuna görə ölən və yaralanan olmayıb. Vilfranş-Sür-Son şəhərindəki məscidin yaxınlığında yerləşən restoranda da parlayış baş verdiyi bildirilir. Zərərçəkənlər barədə ətraflı məlumat yoxdur. İstintaq aparılır.

Xatırladaq ki, yanvarın 7-də 3 nəfər silalı şəxs yerli vaxtla saat 11.30-da Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasına silahlı hücum olub. Avtomat və qumbaraatanlarla silahlanmış şəxslər əməkdaşlara atəş açmağa başlayıb. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Basqınçılar Məhəmməd peyğəmbərin karikaturalarını dərc etmiş jurnaldan qisas aldıqlarını bildiriblər.

 

Parisdə daha bir qətil…

Paris şəhərinin kənarında atışma olub. Atışma nəticəsində bir nəfər polis əməkdaşı ağır yaralanıb. Naməlum şəxslər avtomatlardan iki nəfər polis əməkdaşlarına atəş açıblar. Nəticədə onlardan biri yaralanıb. Qeyd edək ki, Fransa hüquq-mühafizə orqanları bu hadisəni “Charlie Hebdo” jurnalının redaksiyasına edilmiş hücumla əlaqələndirmir.