Əsas məsələ sözü necə demək deyil, necə başa düşməkdir.

Məşhur həkim Pol Raskin tələbələrinə qocalığın psixoloji təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə aşağıdakı misalla başladı:
”Xəstə” nə danışır, nə deyilənləri başa düşür. Bəzən saatlarla anlaşılmaz şeylər söyləyir. Zaman, məkan və ya şəxs anlayışı yoxdur. Yalnız adı ilə çağıranda reaksiya verir. Onu həmişə kimsə yedirir, yuyundurur, geyindirir. Dişləri yoxdur. Yeməklərini əzib verməkdən başqa çarə qalmır. Ağzından su axdığı üçün köynəyi həmişə ləkə içində olur. Yeriyə bilmir. Nə vaxt yatıb, nə vaxt duracağı məlum deyil. Bəzən gecə yarısı oyanıb qışqırır və heç kimi yatmağa qoymur. Bəzən sakit, bəzən də əsəbi olur. Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır”.

Bu misaldan sonra Raskin tələbələrindən bu “xəstəyə” baxmaq istəyib istəmədiklərini soruşdu. Təbii ki, tələbələr bunu edə bilməyəcəklərini söylədilər. Raskin isə hər gün bu işi böyük bir zövqlə gördüyünü və gələcəkdə onların da bu işi görəcəklərini öyrənəndə tələbələr təəccübləndilər. Daha sonra Raskin tələbələrinə “xəstənin” fotoşəklini göstərdi. Bu həkimin 6 aylıq qızı idi…

P. S. Əsas məsələ sözü necə demək deyil, necə başa düşməkdir.