Əsəblərimiz və dəyərlərimiz…

0
426

Bəli, kim nə deyir desin, bu gün bizim ifaçılıq sənətimiz pis gündədir. Onun bu vəziyyətinə ağlamaq üçün bir dəstə ştatlı işçi tutmaq lazımdır. Heyif ki, buna imkanım yoxdur. Olsaydı, bir dəstə düzəldib elə ağlaşma qoparardım ki, görənlər “afərin” deyərdilər. Bəli, bu gün bu sahədə iş o yerə çatıb ki, kimin imkanı var, bir klip çəkdirib, ya bir mahnı yazdırıb özünü reklam eləməklə ulduzlar aləmindən dəm vurur. Tanınmış müğənni, Əməkdar artist Zöhrə Abdullayevanın sözü olmasın, vallah, elələri nəinki ulduz, heç onvoltluq elektrik lampası da deyillər. Digər tərəfdən, bəzən xalqın ürəyində yuva salmış mahnıları elə kökə salırlar, daha doğrusu, onlara özlərinin geyindikləri kimi elə don biçirlər ki, adam qalır mat-məəttəl. Bəlkə, elə bu səbəbdən onlardan söz düşəndə “qatıqlayırlar” ifadəsi istər-istəməz yada düşür. Əksər hallarda elə mahnılar oxuyurlar ki, adamın əti tökülür. Adını da qoyublar müasir Azərbaycan musiqisi… Halbuki həmin “bəstələr” zarıltıdan, səs-küydən başqa bir şey deyil… Hətta iş o yerə çatıb ki, belələrinin yolu uşaq bağçalarına düşəndə elə mahnılar ifa edirlər ki, uşaqlar utandıqlarından başlarını yuxarı qaldırmırlar. İşləri də “xod” getməyəndə bir qalmaqal yaradıb, hamının diqqətini özlərinə cəlb edirlər. İnsafən, belə işlərdə onlar çox peşəkardırlar.
Son zamanlar bəzi qadın sənətçilər isə açıq-saçıq geyimlərə daha çox üstünlük verirlər… Onlar elə geyinirlər ki, bəzən paltarlarının kəsiyi …. qədər uzanır. Sual olunur, məgər əvvəllər bizdə qadın müğənnilər olmayıb? Yəqin Fatma Mehrəliyevanın, Şövkət Ələkbərovanın, Rübabə Muradovanın, Zeynəb Xanlarovanın, Şəfiqə Eyvazovanın lent yazılarına baxmısınız. Heç onların paltarlarında kəsik görmüsünüz? Bu mənada indiki qadın müğənnilərin bəziləri qadın adına ləkədir desək, səhv etmərik. Halbuki xanım-xatınlıq, əsilzadəlik qadının canında olmalıdır. Bilmirəm, fikir vermisiniz, ya yox… açıq-saçıq geyinənlər əsasən səsi olmayanlar, daha doğrusu, oxuya bilməyənlərdir.
O gün görürəm, biri ekranda toy mahnısı oxuyur, digəri gecə paltarında uzanıb nəsə mızıldayır, o birinin isə səsi hamamdan gəlir. Hamam demişkən, iş o yerə çatıb ki, bu səviyyəsizlər hamam libasında ekranda görünürlər.
Hərdən düşünürəm, məgər belələri sələfləri ilə müqayisədə oxuya bilmədiklərini özləri başa düşmürlər? İnsafən, bu sahədən başı çıxanlar hərdən onları topa tutub tənbeh etməyə çalışırlar… Lakin kimdir onlara qulaq asan? Nəticədə bu barədə danışan ağsaqqallar da olurlar urvatsız. Yazımın bu yerində tədbirlərin birində Xalq artisti Ağadadaş Ağayevin dediyi sözlər yadıma düşdü. O deyir ki, biz sələflərimizə oxşamışıq, indiki müğənnilər isə zəmanəyə oxşamağa çalışırlar. Belə çıxır ki, guya bu, zəmanənin dəyişməsi və ya gənclərin bir az müasirləşməsindən irəli gəlir. Bu fikirdə müəyyən mənada həqiqət olsa da, gerçəkliyi tam əks etdirmir. Etiraf edək ki, bu gün məhz belələri öz imkanlarına, havadarlarına, sponsorlarına arxalanaraq efirlərimizi, ekranlarımızı zəbt edirlər. Necə deyərlər, “keçəl halva yeyər puluna minnət”. Elə bu səbəbdən məhz bu gün onlar daha çox təbliğ olunurlar, daha çox görünürlər. Odur ki, günahı digər yerlərdə, o cümlədən zəmanədə axtarmaq doğru deyil. Zənnimizcə, bu məsələdə əsas günahkar bizim televiziya kanallarımızdır. O televiziya kanalları ki, bu gün hər birimizin evində onların özünəməxsus yeri var. Yəni həmin kanallarda gedən verilişlər istəməsək də çağırılmamış qonaq kimi evlərimizə girir. Məhz bu güclü təbliğat vasitəsinin sayəsində bu gün 7-8 yaşlı uşaqlar belə bayağı mahnılarla ad-san qazanmış 5-6 müğənninin, onun ifa etdiyi mahnıların adlarını çaşmadan çəkə bilərlər. Lakin həmin uşaqlar bir Milli Qəhrəmanımızın adını söyləyə bilmirlər. Bəli, bu gün Azərbaycan telekanallarının uşaqların, gənclərin milli-mənəvi dəyərlərinin itirilməsində “xidmətləri” kifayət qədərdir. Bu mənada onlar pul qazanmaq xatirinə təkcə əsəblərimizlə deyil, həm də dəyərlərimizlə oynayırlar (Bu yerdə oyunçu aparsın deməyə dilim gəlmir). Təki sıradan çıxan əsəblərimiz olsun, dəyərlərimiz olmasın.

Qvami Məhəbbətoğlu