“Əsəb və ya qrip astma yaratmır, bu xəstəliyin ortaya çıxmasına təkan verir”

1515

Xəyalə Sadıqova, Pənah Abdurrahmanlı

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistik göstəricilər dünyada 300 milyon insanın astma xəstəliyindən əziyyət çəkdiyini göstərir. Hər il yarım milyon insan bu sıraya qoşulur və onların 250 mini astma səbəbilə dünyasını dəyişir. Müalicə doğru tətbiq olunduqda bu xəstəlik 15-40 faiz xəstədə tamamilə sağala bilir.

Astma, xüsusən, hamiləlikdə sıx rast gəlinən xəstəlikdir. Müşahidələr zamanı hamiləliklərin 4 faizinin astma ilə ağırlaşdığı müəyyən olunub. Bunların 0,05-2 faizi həyati təhlükə daşıyan astma və ya astmatik status daşıyır. Araşdırmalar bunların əsasən dərmanların əks-təsirindən ehtiyat edib müalicə almayan şəxslər olduğunu ortaya çıxarıb.

Bu yazımızda astma xəstəliyi, əlamətləri və onu ortaya çıxaran faktorlar haqqında suallarımızı həkim-pulmonoloq Coşqun Məmmədli cavablandırdı.

– Çox zaman səhhətimizdə yaranan problemlə əlaqədar hansı həkimə müraciət edəcəyimizi bilmirik. Hansı şikayətimizlə bağlı pulmonoloqa müraciət etməliyik?

– İlk növbədə, xəstələrimiz öskürəkdən əziyyət çəkirlərsə, pulmonoloqa müraciət etməlidirlər. Pulmonoloji xəstəliklərin 4 əsas göstəricisi var: nəfəs darlığı, öskürək, bəlğəm, hava çatışmazlığı hissi. Bu əlamətlərlə bizə yaxınlaşan xəstədə daha geniş müayinə aparılır və diaqnoza uyğun müalicə tətbiq olunur.

– Qeyd etdiniz ki, təngnəfəslik də hər hansı xəstəliyin göstəricisi ola bilir. İnsanlar fiziki hərəkət etdikləri zaman da nəfəs darlığı baş verir. Nə zaman biz təngnəfəsliyi xəstəliyin əlaməti olaraq qiymətləndirməliyik?

– İnsanda fizioloji və patoloji təngnəfəslik ola bilir. İdman etdikdə və ya hər hansı fiziki işlə məşğul olduqda, yüksəkliyə qalxdıqda və xanımlarda hamiləlik zamanı fizioloji təngənəfəslik baş verir ki, bu, normal haldır. Patoloji təngnəfəslik isə oturduğu yerdə və ya əvvəllər fiziki hərəkət zamanı olmayan, lakin daha sonra bir az hərəkət etdikdə ortaya çıxan nəfəs darlığı halıdır. Bunların özü də psixogen təngnəfəslik olaraq təsnif olunur. Belə ki, xəstədə oturduğu yerdə nəfəs darlığı hissi olur. Bu zaman orqanizmdə heç bir dəyişiklik olmasa da, müalicə edilməsi tələb olunan bir vəziyyətdir. Nəfəs darlığı təkcə hərəkət zamanı deyil, eyni zamanda müxtəlif qoxulardan, siqaret dumanı, toz səbəbilə ortaya çıxır və patoloji hal sayılır.

– Astma xəstəliyinin əlamətləri nələrdir?

– Astmanın 4 əsas əlaməti var: uzun müddət davam edən öskürək, hava çatışmazlığı hissi, sinədə xışıltı və çətin çıxan bəlğəm. Əgər bu dörd əlamətdən hər hansı biri uzun müddət xəstədə davam edirsə, astma xəstəliyinin olma ehtimalı var. Astma nəfəs yollarının zədələnməsi ilə gedən bir prosesdir. Başqa cür desək, bu xəstəlik aşağı tənəffüs yollarının xroniki iltihabıdır.

– Astma irsi bir xəstəlikdir yoxsa zamanında müalicə olunmayan hansısa xəstəlik sonradan astmaya çevrilir?

– Astma iki yerə bölünür: allergik və allergik olmayan astmalar. Allergik olan astmalar əsasən irsi keçənlərdir. Ailədə və ya qohumlardan hər hansı birində bu xəstəlik olur. Allergik olmayan isə aspirin astmasına və peşə astmasına çevrilir. Əsasən fiziki qıcıqlandırıcıların təsiri ilə baş verir. Lakin 90 faiz rast gəlinən allergik astmalardır ki, bunlar da irsidir.

– Hamilə xanımlar üçün astma xəstəliyi hansı təhlükələri daşıyır?

– Astma tənəffüs yollarının spazmı ilə gedən bir xəstəlik olduğundan həm ana, həm də uşağın oksigen qəbulunda problem yaranır. Astma tutmaları hamiləliyin gedişi üçün təhlükə törədən bir vəziyyətdir. Bu zaman müalicə olunmaq mütləqdir. Müalicə zamanı biz dərmanlara seçici yanaşsaq, anaya və dölə heç bir əks-təsir olmadan bu problemi yüngülləşdirmək mümkündür. Astma tutmaları hamiləliyin sonlarına doğru özünü daha aydın göstərir. Buna görə də xəstə nəzarət altına alınmalı, müalicə tətbiq edilməlidir ki, doğuş zamanı vəziyyət daha da pisləşməsin. Bununla yanaşı, doğumdan sonrakı ilk 3 ay müddətində xəstə təqib olunmalıdır. 3 aydan sonra isə xəstəliyin simptomları azalır və xəstə əvvəlki halına qayıdır.

– Astma müalicə olunduqdan sonra tamamilə sağala bilir?

– Astma həm öz-özünə, həm də müalicə ilə sağala bilir. Lakin xəstəlik kəskinləşibsə və artıq tutmalar şəklində özünü göstərirsə, “gözləyim, xəstəlik özü keçəcək” düşüncəsi yanlışdır. Astma mütləq şəkildə müalicə olunmalıdır.

– Astma əsasən hansı yaş qruplarında rast gəlinir?

– Astma böyüklərdə əsasən 40 yaşına qədər üzə çıxır. Uşaqlarda isə fərqlidir. Uşaq astmaları 3 yaşa kimi meydana çıxan, 3-6 yaş və 6 yaşdan yuxarı müşahidə oluna bilir. Uşaqlarda 6 yaşına qədər astma nəzarət altına alınmalıdır. 6 yaşı keçdikdən sonra astma müalicə olunmursa, qalıcı ola bilər. Lakin öz-özünə keçib gedə də bilər. Qızlarda oğlanlarla müqayisədə astmanın qalıcı olması ehtimalı daha yüksəkdir. Buna səbəb oğlanlar böyüdükcə onlarda döş qəfəsi genişlənir və nəfəs yolları açılır. Lakin qızlarda çiyin genişlənmədiyi üçün onlarda bu xəstəlik qalıcı ola bilir.

– Uşaq astmalarının əlamətləri nələrdir?

– Uşaq astması yuxarı tənəffüs yollarının infeksiyası ilə bağlı şikayətlər və ya davamlı olaraq xışıltılı öskürək zamanı ortaya çıxa bilir. Yəni uşaqda irsi olaraq astma xəstəliyi varsa, virus infeksiyaları bu problemi ortaya çıxmasına bir növ təkan verir. Siqaret dumanı, toz, məişət dumanı, kimyəvi məhsulların dumanı və qoxusu, həddindən artıq əsəbiləşmək, həddindən artıq sevinmək də astma tutmalarına yol açır. Yəni insanlarda qrip oldum deyə astma yarandı və ya əsəbiləşdim astma xəstəsi oldum anlayışı var ki, bu, tamamilə yanlışdır. Bunlar astmanı meydana gətirən yox, ortaya çıxmasına şərait yaradan səbəblərdəndir. Qısaca astma tənəffüs yollarının həssaslığının artması xəstəliyidir.

– Siqaretin orqanizmə zərərli olduğunu hər kəs bilir. Lakin çox zaman zərərsiz olduğunu əsas gətirərək qəlyandan istifadə edirlər. Bu nə dərəcə doğrudur? Astma xəstələri üçün bunun nə kimi zərərləri var?

– Ümumiyyətlə, siqaret məhsulları müxtəlif cürdür. Qəlyan da bunlardan biridir. Yəni hər qəlyanın tərkibində nikotin maddəsi mövcuddur. Bu da buxar şəklində tənəffüs yollarına gedərək orada qıcıqlandırıcı vəziyyət yaradır. Bu da astmanın ortaya çıxmasına şərait yaradan amillərdir.

– Pnevmaniya xəstəliyi nədir və necə yaranır?

– Pnevmaniya ağciyər toxumasının iltihabı xəstəliyidir. Hər bir astma xəstəsi pnevmaniya və qrip əleyhinə peyvənd olunmalıdır. Çünki hər iki xəstəlik astmanın kəskinləşməsinə səbəb ola bilir. Buna görə də yaşından asılı olmayaraq hər bir astmalı ilboyu peyvənd vurdurmalıdır. Qrip peyvəndləri sentyabr-oktyabr aylarında mütləq olunmalıdır. Pnevmaniya virus infeksiyasının və ya soyuq olmanın nəticəsi olaraq meydana çıxan xəstəlikdir.

– Çox zaman insanlar hər hansı xəstəliyin müalicəsində xalq təbabətinə müraciət edirlər. Astma xəstəliyi üçün də bu mümkündür?

– Doğrudur, insanlar bitkilərlə müalicəyə çox zaman müraciət edirlər. Lakin astma xəstəliyi üçün bu, qətiyyən məsləhət görülmür. Bu xəstəlikdə 90 faiz allergik faktor olduğuna görə xəstənin qəbul etdiyi bitkinin tozlarına qarşı da allergiyası ola bilər. Bu da xəstəliyin daha da ağırlaşmasına gətirib çıxarır.

– Astma ilin hansısa fəsillərində aktivləşə və ya yüngülləşə bilir?

– Allergiyalar ilboyu davam edən və mövsümi olmaqla iki yerə bölünür. İlboyu davam edən allergiyalarda həssaslıq yüksəkdir. Bunlar əsasən kif göbələyi, ev tozu, pişik tükü, pensilin göbələyidir. Saydıqlarım hər iki allergiyaya aiddir. İlboyu davam edən allergiyalar ən çox pişik tükü, ev tozu, kif göbələyi və hamam böcəyinə qarşı olur. Mövsümi allergiyalar isə bitkilərin, ağacların tozlarına qarşı olur və əsasən 3 etapda baş verir. Fevralın sonundan mayın əvvəllərinə qədər, mayın əvvəlindən iyulun əvvəlinə kimi və iyulun əvvəlindən noyabra kimi davam edir. Mövsümi allergilar kəskinləşə də bilər, əlamətləri itə də bilər. Lakin ilboyu olanlarda isə şikayətlər davam edir.