Ərizə

582

“Neftçi” Futbol Klubunun
Müşahidə Şurasının sədri,
cənab Çingiz Abdulayevə,
Komandanın baş məşqçisi
Əsgər Abdullayev tərəfindən
Ərizə
Çox hörmətli, dəyərli Çingiz müəllim!
Məlumunuz olsun ki, son günlər “Neftçi” bəzi səbəblərdən qələbə qazana bilmir. Elə mən də bu ərizəmdə həmin bəzilərdən söz açmaq istəyirəm. Bəri başdan deyim ki, sən demə, bu komandanın dağ ağırlığında dərdi varmış. Sözün düzü, bu ağırlığı həmin yükün altına girəndən dərk etməyə başladım. Lakin bunu mən də hamı kimi sükutla qarşıladım. Yəni heç bir şey yoxmuş kimi özümü aparmağa başladım. Hətta qürrələndim də… Elə bu səbəbdən dost-tanış məni bəxtəvər zənn etdi. Halbuki içimdən qara qanlar axırdı. Əbəs yerə deməyiblər ki, “Füzuli dərd əlindən dağa çıxdı, Dedilər bəxtəvər yaylağa çıxdı”.
Çingiz müəllim, onu da deyim ki, mən bu kiçik ərizəmlə komandada yaşanan prolemlərin lap dərinliklərinə enmək fikrində deyiləm. Çünki qorxuram ki, sizisevərlər ipimi kəsərlər və mən də Məlikməmməd kimi quyunun dibinə düşərəm. Xahiş edirəm, belə şeylərə imkan verməyin. Əks halda, vallah, “Neftçi” ilə bağlı elə xoruz səsi eşitməmiş faktlar mərkəzə qoyaram ki, Bəhram Bağırzadə belə onları gülüş hədəfinə çevirə bilməz. Məsələn, deyərəm ki, bəsdirin bu çağacan azarkeşləri aldatdığınız, bəs deyirdiniz, “Şura” qurulan kimi “Neftçi” öz şöhrətini qaytaracaq, budurmu sizin şuranız? Bu şura-mura oyununun bir axırı olacaq, yoxsa yox? Axı nə vaxta qədər Sadıq Sadıqovun, Tahir Süleymanovun arxasınca danışacaqsınız, bəsdirin də… Axı verdiyiniz vəddən bir il keçir. Çingiz müəllim, and olsun ki, belə getsə… Yox, bu cümləni Qəmlovarı tamamlamağa dilim gəlmir.
Çox hörmətli Çingiz müəllim! Sözün düzü, əvvəl istədim ki, bu barədə bir mətbuat konfransı keçirib bütün olayları faş edim. Amma son anda düşündüm ki, evin hər sirrini orda-burda danışmazlar. Bir də mənim sizə – 194 adda kitabın müəllifinə qarşı hörmətsizlik etməyə haqqım yoxdur. Bir də orada nə deyəcəkdim ki? Bir də mən sözümü hərdən deyirəm də… Məsələn, Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Neftçi” matçından sonra açıq-aşkar dedim ki, “Neftçi”nin bəzi futbolçularının başına ağıl qoymaq lazımdır. Elə bil dünyanın ən intizamsız oyunçalarının hamısı bu komandaya toplaşıb. Meydanda hərə öz havasına oynayır, amma mənim çaldığım havalara əsla fikir verən olmur. Mənim bu tarixi çıxışım qəribçiliyə salındı. Bu vacib məsələdə kimsə məni dəstəkləmədi. Və bunun nəticəsidir ki, sonrakı turda debütant “Zirə” biz “ağ-qaraları” ağ yuyub qara sərdi, yəni qapımızdan 3 qol keçirdi. Amma belə bir hesabı azarkeşlər gözləmirdilər, hətta nə mən, nə də rəqibin baş məşqçisi Adil Şükürov bunu xəyal belə edə bilməzdik. Çingiz müəllim, artıq bu bir fakt ki, komandamız bu kimi xəyallarımızı gerçəkləşdirməkdə tamamilə ustalaşıb. Elə bu səbəbdən oyunlardan sonra medianın üzünə çıxmağa özümdə cəsarət tapa bilmirəm. Səhv etmirəmsə, siz hesab fəna olan kimi aradan çıxırsınız…
Çox hörmətli Çingizi müəllim, sözün düzü, mən Əsgər Abdullayev bir əsgər kimi bu komandaya gələndə elə güman edirdim ki, sayənizdə tezliklə general olacağam. Amma belə getsə… deyəsən, əsgərliyimdən də əsər-əlamət qalmayacaq. Görünür, general olmaq qismətimdə yoxmuş… Uzun sözün qısası, Çingiz müəllim, bir zamanlar “Neftçi” hər oyuna 3 xal üçün çıxırdı. İndi isə hər klub “Neftçi” ilə oyuna 3 xal üçün çıxır… Bəli, indi “Neftçi” hamı üçün asan yemə çevrilib. Vallah-billah, belə getsə, sabah “Neftçi” turnir cədvəlinin sonunda qərar tutmuş “Rəvan”ın qonşusu olacaq. Hər halda mən belə düşünürəm. Odur ki, sizdən bir ricam var: deyirəm, gəlin bu komandandan bir nəfər kimi öz ərizəmizi yazıb istefa verək? Hə, nə deyirsiniz?
Dərin hörmətlə: Əsgər Abdullayev