Ərdoğan və Putin Əsəd məsələsində ortaq məxrəcə gələ bilməyiblər

616
Ankara və Moskvanın Dəməşq rejimi ilə bağlı fikir ayrılıqları Rusiya Prezidenti Vladimir Putinin Türkiyə səfərində də özünü göstərdi. Bu baxımdan Rusiya Prezidenti Vladimir Putin Ankara səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Suriya probleminin müzakirəsi zamanı fikir ayrılığı yaranıb.
Putin bildirib ki, Suriyada sülhün və təhlükəsizliyin təmin olunması üçün Türkiyə ilə Rusiya əməkdaşlıq edəcək: “Məsələ budur ki, Suriyada yaşayan bütün insanlar necə özünü etibarda hiss edə bilər və rəhbərlik mövzusunda da necə bərabər hüquqlar əldə edə bilərlər? Bu mövzuda əməkdaşlıq etməliyik və bir-birimizi təmin edən qərarlar verməliyik. Bu qərarlar əvvəlcə Suriya xalqı və bütün siyasi gücləri üçün uyğun olmalıdır”.

Ərdoğan isə Bəşər Əsəd rejimini terrorçu adlandırıb və Suriyada yaşananların birbaşa Əsəd rejimi tərəfindən qaynaqlandığını deyib. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejimi getməlidir və xalqı azad seçkilərə hazırlamaq üçün bir platforma hazırlanmalıdır.

Rusiya dövlət başçısının “Əsəd Suriyadakı seçkilərdə yüksək səslə vəzifəyə gəldi. Seçkilərdə Əsədi dəstəkləyən ciddi bir kütlə var” sözlərinə Ərdoğanın cavabı gecikməyib: “Dünyada dövlət çevrilişi edənlər həmişə yüksək səslə vəzifəyə gəlirlər. Bunu Misirdə də  gördük. Misirdə demokratik seçkilərdə Mursi 52 faiz səslə qalib gəldi. Dünyada antidemokratik üsullarla hakimiyyətə gələn adamın qanuniləşdirilməsi səyləri var. Suriyada keçirilən seçkilərdə bütün seqmentlərə iştirak şansı verilmədi”.

Rusiya prezidenti isə Ərdoğanın cavabından sonra Suriyadakı prezident seçkisində Əsədin qalib gəldiyini işarə edib: “Suriyada Əsədin iqtidarda qalması məsələsində iddialıyıqmı? Mən bu sualı Suriya xalqına vermək istəyirəm. Seçkilərin nəticəsində Əsədin çox böyük bir dəstəyə sahib olduğunu da gördük”.

Ərdoğan Suriya məsələsində Türkiyə, Rusiya və İranın müştərək iş görməli olduğunu vurğulayaraq. O, “Əsəd gedərsə nə olar” sualının da çox səhv olduğunu dilə gətirib: “Suriya 300 mindən çox insanın öldüyü hazırkı vəziyyətə Əsədlə gəldi. Deməli, ortada bir müvəffəqiyyət yoxdur. İnsanlar mərhəmətsizcəsinə öldürülür. Əsəd gedərsə xalqın iradəsi gələr. Bunun üçün zəmin hazırlamaqdır”.

Bununla belə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə edilib. Belə ki, tərəflər arasında kənd təsərrüfatı və elmi-texniki sahədə əməkdaşlıq, həmçinin sərmayə qoyulması barədə razılıq əldə edilib. Bu müstəvidə də Rusiyanın Türkiyəyə əlavə sərmayə qoyması planlaşdırıb. Bununla bağlı Rusiyanın “Rusiya birbaşa sərmayələr fondu” ilə Türkiyənin “Renaissance Holding” şirkəti arasında müvafiq anlaşma imzalanıb. Rusiya ilə Türkiyə arasında həmçinin Akkuyuda 4 blokdan ibarət atom elektrik stansiyanın inşası barədə razılıq əldə edilib. Rusiya stansiyanın inşa edilməsinə 20 milyard dollar

xərcləyəcək. Bu məqsədlə iki ölkə arasında müvafiq memorandum imzalanıb.

Öz növbəsində dünən mətbuata verdiyi açıqlamada energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki,

Türkiyədə Rusiya layihəsi üzrə gerçəkləşəcək “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi 2015-ci ilin martında baş tutacaq.

”Bu ay ərzində biz AES-in yerləşəcəyi bölgədə liman inşaatı ilə bağlı tender elan edəcəyik, mart ayında isə iki ölkənin liderlərinin iştirakı ilə layihənin təməlqoyma mərasimini keçirmək istəyirik”, – deyə T. Yıldız qeyd edib.

Nazir bəyan edib ki, Türkiyənin Ekologiya Nazirliyi tərəfindən “Akkuyu”nun ətraf mühitə təsiri barədə hesabatın təsdiqlənməsi Vladimir Putinin Türkiyəyə səfəri öncəsi Rusiyaya dostluq jesti kimi dəyərləndirilə bilər: “Hesabatın 3700 səhifəsi diqqətlə təhlil olunub və Türkiyə tərəfində layihənin təhlükəsizliyinə şübhə qalmayıb”.

Putinin Türkiyəyə səfəri çərçivəsində həmçinin iki ölkə arasında orta və kiçik sahibklarlığın inkişaf etdirlməsi barədə də sənəd imzalanıb.

Putin Türkiyəyə səfərinin nəticələrini belə şərh edib: “İki ölkə arasında bəzi məsələlərə münasibətdə fikir ayrılıqları var. Bununla belə qarşılıqlı maraqlarımızın təmin edilməsi ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsini qaçılmaz edir”.